Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Səməd müəllim, AŞPA Ermənistana minalanmış ərazilərin xəritəsini Azərbaycana verməsi barədə çağırış edib. 30 illik işğal faktından sonra AŞPA-nın bu yanaşması necə izah oluna bilər?
- Sözsüz ki, bundan sonra bir çox reallıqlar üzə çıxacaq. Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən proseslər bir çox beynəlxalq təşkilatları, bəzi siyasətçiləri, deputatları tamamilə başqa istiqamətdə danışmağa vadar edəcək. Çünki Azərbaycan öz siyasətini heç vaxt hansısa bir qeyri-obyektivlik əsasında qurmayıb. Ermənistan isə öz siyasətini yalan, böhtan, uydurma əsasında qurub. Fakt budur ki, işğal dövründə Azərbaycan əraziləri minalanıb. Bu gün azərbaycanlıların o ərazilərə qısa zamanda qayıdışını təmin etmək üçün başlıca təhlükə minadır. Müharibədən donrakı dövrdə Azərbaycan vətəndaşları bu minaların qurbanı olub. Ona görə də AŞPA-da hazırlanacaq məruzənin içində də belə çağırışlar öz əksini tapacaq. Həmin məruzədə hələ də obyektivliyi tam əks etdirməyən məsələlər var. Bu da erməni lobbisinin son nəfəsindən gələn zəhər hesab olunur. Bu mərhələ də keçəcək. İstənilən halda bu məsələ ilə bağlı da mübarizəmizi aparmalıyıq. Əminik bu proseslər də uğurla öz məcrasına düşəcək.
- Məruzədə hansı məsələlər əsas götürülüb?
- Bir il ərzində heç bir fakt və araşdırma olmadan “muzdlular”la bağlı məsələ AŞPA-nın məruzəsində “yer” alıb. Bu cəfəngiyyatdır. Amma bunun əksinə Ermənistan tərəfində olan muzdlularla bağlı faktlar ortaya çıxanda onu “döyüşçülər”, “erməni əsilli vətəndaşlar”, “xaricdən gələn erməni təəssübkeşli erməni” kimi qələmə verilir. Bu isə açıq şəkildə ikili standartlar deməkdir. Proses gedir, bu məsələlər də tam aşkara çıxacaq. Yalan ayaq tutsa da, yeriməyəcək.
- Bir həftədən sonra AŞPA-nın növbəti iclası olacaq. Azərbaycanla bağlı hansı məsələlər gündəmə gətiriləcək?
- Bəli, novbəti iclas bir həftə sonra olacaq. Orada Azərbaycanın Ermənistan tərəfindən minalanmış ərazilərinin xəritələri, həm də I Qarabağ müharibəsində 4 minə yaxın itkin düşmüş azərbaycanlıların məsələsi növbəti dəfə qaldırılacaq. Bu, fakt kimi AŞPA-nın sənədlərində öz əskini tapacaq.
- Ermənistsanın “hərbi əsirlərlə” bağlı AŞPA-da qaldıracağı məsələyə münasibətin necə olacağını gözləyirsiz?
- AŞPA məsələlərə bir az başqa tərzdə yanaşır. Bu mənada təşkilatı başa düşmək olar. Sonuncu dəfə Moskvada Ermənistan XİN rəhbəri ilə görüşdə Segey Lavrov da açıq şəkildə dedi ki, onlar diversantdır. Çünki 10 noyabr sazişindən sonra Azərbaycan ərazisinə keçiblər. Amma Avropa Şurasının ənənəvi olaraq məsələyə yanaşması odur ki, hamı buraxılmalıdır. Ancaq Avropanın Şurasının özündə də başa düşürlər ki, bunlar hansısa döyüşçü yox, terrorçudur. Azərbaycan da açıq şəkildə bəyan edir ki, 10 noyabr razılaşmasına qədər kimlər əsir götürülübsə, hamısı azad olunub. Amma razılaşmadan sonra həbs edilən erməni vətəndaşları açıq terror üçün bu əraziyə gəlib. Hazırda onlarla bağlı Azərbaycanın məhkəmələrində istintaq gedir. Bu məhkəmələr də hər kəsə açıqdır. Beynəlxalq ictimaiyyət də bu məhkəmələrə baxa bilər. Hətta Qırmızı Xaç Cəmiyyəti bu prosesdə aktiv iştirak etmək hüququna malikdir. Azərbaycan tərəfi də açıq şəkildə bəyan edir ki, məhkəmənin qərarına uyğun prosesə qiymət verilsin. Hətta məhkəmə qərarı ilə bir neçə erməni hərbçisi öz ölkəsinə təhvil verilib. Ona görə də bu məsələ araşdırıldıqdan sonra qərar veriləcək. Gözüyumulu şəkildə bu məsələlərə qiymət vermək olmaz. Biz də bilirik ki, Avropa Şurasında erməni lobbisi də “işləyir”. Onlar insan haqlarından süni şəkildə istifadə edib, müstəqil dövlətin məhkəməsinə təsir göstərmək istəyir. Amma bunlar keçəcək məsələ deyil.