“Yunanıstan G-20-nin Romada keçirilən sammitində Fransa və ABŞ-dan Türkiyə ilə bağlı istədiyini ala bilmədi”.
Teleqraf.com xəbər verir ki, bunu türk siyasi ekspert Özay Şəndir deyib.
Ekspert Fransa və ABŞ liderlərinin Yunanıstanı məyus etdiklərini bildirib.
Yunanıstanın ABŞ və Avropa ölkələrindən gözləntilərinin boşa çıxdığını bildirən Şəndir bunu “ağır məyusluq” adlandırıb:
“ABŞ Prezidenti Bayden Yunanıstan və Cənubi Kipirdə sərt şəkildə tənqid olunur. Hər iki ölkənin məyus olmasına səbəb ABŞ liderinin Türkiyə Prezidenti Ərdoğanla görüşündə Şərqi Aralıq dənizindəki gərginlikdən danışmamasıdır. Bu, son on gündə Afina və Cənubi Kiprə vurulan ikinci şillə oldu”.
Digər yandan, Fransa Yunanıstanla imzalanmış müdafiə anlaşmasının Şərqi Aralıq dənizi ilə bağlı olmadığını (Yunanıstan Baş naziri Miçotakisə) bildirdi. ABŞ Prezidenti Bayden də Yunanıstanın gözləntisinin əksinə olaraq, Şərqi Aralıq dənizi məsələsini Türkiyə ilə gərginlik dosyesinə əlavə etmədi.
Hər bir ölkə kimi, amerikalılar da daha çox öz maraqları ilə məşğuldur, Baydenin etdiyi şey qəribə deyil. Qəribə olan Afinadır ki, Bayden prezident seçiləndən bəri “Onsuz da bizim adamımızdır, indi Ankaranın başı dərddə olacaq” əhval-ruhiyyəsindədir.
Yunan mediası indi də “Yeni Alman hökuməti gəlir, Türkiyə qara gün görəcək” havası çalır. Afina sadəcə başa düşmür ki, nə ABŞ, nə Almaniya, nə də Fransa Yunanıstanın tezislərini müdafiə etmək üçün Türkiyə ilə masanı alt-üst etməyəcək”.