13 Noyabr 2021 09:49
1 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya və Ukrayna arasında münasibətlərin son yeddi ildə gərgin olması və bu gərginliyin azaldılması istiqamətində, əsaslı və effektiv addımların atılmaması hər an qarşıdurma yaranma ehtimalını tətikləyir. Amma bu an etibarı ilə Qərbin əlində olan məlumatı paylaşmasından sonra bunun nə dərəcədə əsaslı olduğunu söyləmək çətindir”.

Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov Rusiyanın Ukraynanı işğal edəcəyinə dair ABŞ-ın Avropa Birliyini xəbərdar etməsi haqda xəbəri şərh edərkən deyib.

Oqtay Qasımov qeyd edir ki, Rusiyanın bütün dünyanın gözü qarşısında süveren bir dövlətin ərazisinə hücum etməsi qlobal fəlakətə səbəb ola bilər:

"2014-cü ildə Krımın işğalı və ya Donbasda həyata keçirilən işğalçılıq hərəkətlərini bir formada pərdələmək, eləcə də əsaslandırmaq mümkün olub. Bunu yerli özünümüdafiə və ya orada yaşayan əhalinin öz hüquqları, müqəddaratını təyinetmə mübarizəsi kimi qiymətləndirmək olurdu. Halbuki bu da əsassız idi. Amma Ukrayna sərhədlərini böyük hərbi güclə dağıtmaq və süveren bir dövlətin ərazisinə müdaxilə başqa anlam daşıyır. Mənim fikrimcə, Rusiyanın təxmini taktikası görünür. Ruslar mümkün qədər gərginliyi artıraraq bir həddə qədər gətirir və burada istədiyini almağa çalışır. Son 20 ildə Rusiya siyasətində biz bu taktikanı görürük”.

Politoloq qeyd edib ki, Avropa Birliyi və ABŞ-ın məlum mövqeyi aydındır və Qərbin Rusiyanın Ukraynaya soxulacağına dair narahatlığı var:

“Amma mən Rusiyanın Ukraynaya soxulacağını düşünmürəm. Rusiyaya qarşı ümumi konsalidasiyanı, dünya rəyi yaratmaq üçün atılan gedişdir. Hərçənd Rusiyanın imperalist siyasəti, düşüncə tərzi və eyni zamanda qonşulara münasibəti heç də sivil deyil və narahatlıq doğurur. Lakin indiki zamanda Rusiyanın Ukrayna torpaqlarına girməsi kimi avantüraya gedəcəyini proqnozlaşdırmıram”.


Müəllif: Nemət

Oxşar xəbərlər