25 Noyabr 2021 19:51
1 631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fazil bəy, erməni baş nazirin son açıqlamaları fonunda Azərbaycanla Ermənistan arasında mümkün razılaşmanın olacağına inanmaq nə dərəcədə realdır?

- Noyabrın 9-da videoformatda keçirilməsi nəzərdə tutulan görüşdən erməni tərəfi imtina edib. Bunu da psixoloji amillərlə əsaslandırmağa çalışıb. Erməni tərəfi məğlubiyyətin il dönümündə hansısa bir müzakirə aparmağı özləri üçün doğru saymadıqlarını açıqlamışdılar. Amma faktiki olaraq Ermənistan məğlub olmuş bir ölkədir. Bu cür tərəddüdləri də daha çox daxili auditoriyaya çağırışlar kimi qiymətləndirilir. Ermənistandan kənarda isə onların nazı-ədası keçmir. Çünki Ermənistan baş naziri Nikol Paşinyan iki sənədə imza atıb. 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanmış sənədə əsasən ermənilərin buradan kənara çıxması mümkün deyil. Bundan kənar durmaq yenidən müharibənin başlanması deməkdir. Çünki bu, Azərbaycana kifayət qədər ciddi əsas verir ki, həmin müqaviləyə əməl etməyən ölkəni ancaq müharibə yolu ilə masaya otuzdursun. Ona görə də, bu danışıqlarda hansısa bir prinsipial məsələnin həllində vacib addım atdıqlarını düşünürlər. Amma belə bir şey yoxdur. Ermənistan Zəngəzur dəhlizi və başqa məsələlərdə şərhlər verə bilər. Lakin faktiki odur ki, Azərbaycan günün birində Laçın dəhlizini bağlayar. Burada da Azərbaycan tam olaraq haqlıdır. Hətta burada Rusiyanın da deyəcək bir sözü qalamayacaq. Çünki biz erməniyə yol vermişiksə, o niyə yol verməməlidir? Bəlli də bir yol var. Burada ümumi nəzərdə tutulmuş dəmir yolu və avtomobil yolundan söhbət gedir. Məhz bu səbəblərə görə, Ermənistan üçün bəhanələrə yer yoxdur. Sadəcə olaraq Ermənistan bu gün yenə də özünü əzabkeş obrazında təqdim etməyə çalışır. Bu da keçməyəcək. Azərbaycan öz iradəsini qarşı tərəfə qəbul etdirəcək.

- Nikol Paşinyanın Soçi görüşünə gərgin daxili ictimai-siyasi formada getməsi müzakirələrə necə təsir edə bilər?

- Azərbaycan tərəfi qarşı tərəflə hansısa bir duyğusal, psixoloji və yaxud onun könlünü alacaq bir müzakirələr aparmır. Biz hamı ilə söhbət aparırıq və dürüstük. Müqavilə imzalanıbsa, Azərbaycan da buna əməl edir. Tələb edilən də odur ki, Azərbaycana yol verilməlidir. Burada daha başqa bəhanəyə yer yoxdur. Hətta Ermənistan şimal sərhəddindən Qazax istiqamətindən yol vermək öhdəliyi götürüb. Burada təkcə Zəngəzur dəhlizindən söhbət getmir. Sənəddə cənub və şimal ərazilərdən yol verilməsi məsələsi yer alıb. Sadəcə olaraq Ermənistanda Paşinyana qarşı böyük təzyiqlər var deyə bu məsələlərdə bir az güzəştli yanaşma var. Gözlənti odur ki, məsələlər öz təbii axarı ilə həll olunsun. Əks halda Azərbaycanın əlində kifayət qədər imkanlar var. Eyni zamanda Rusiyanın da Ermənistana açıq bir davranışı gözlənilir. Burada həmçinin Rusiyanın özünün nüfuzu gündəmdədir. Çünki razıllıq sənədində Rusiya dövlət başçısının da imzası var. Ona görə də, Azərbaycan razılaşdırılmış sənəd üzərində öz tələblərini müəyyənləşdirir. Ermənistan buna əməl etmirsə, Azərbaycan bunu özü təmin edə bilər. Azərbaycan buna cavab olaraq Laçın dəhlizini bağlayacaq. Bundan başqa məsələlərə, əlavə izaha ehtiyac qalmır. Azərbaycanın qarşı tərəfə heç bir öhdəliyi yoxdur ki, yol versin. Bu, xoş niyyətlə olan bir məsələdir ki, bütün yollar açılsın. Erməni tərəfi bizim üçün yol açmırsa, özü üçün yol saxlamağa çalışırsa, bu, sadəcə absurd yanaşmadır. Belə bir anormal yanaşmanın olması da mümkün deyil. Azərbaycan da bu məsələdə heç kimə hansısa bir məsələdə güzəştə getməyəcək. Ortada konkret bir sənəd var. Hər kəs də bu sənədə istinad edib proseslərin irəliyə aparılmasına, məsələlərin həllinə nail olmalıdır.

- Paşinyan 1991-ci ildə ermənilərin Azərbaycanın ərazi bütövlüyünü tanıdıqları barədə bəyanatını necə şərh edərdiniz?

- BMT-yə daxil olarkən sərhədlərin tanınmasından bəhs edilir. O vaxt müstəqillik elan edilərkən hamı bir-birinin ərazisini tanıyırdı. Amma bu, sözdə deyil. Ermənistan isə Azərbaycan ərazisini işğal edib, 30 il də işğalda saxlayıb. Bu da maraqlıdır ki, Ermənistan ərazi bütövlüyünü tanıdığını elan edirsə, niyə ərazimizi işğal etmişdi? Ermənistan, Kəlbəcəri, Ağdamı niyə işğalı etmişdi? Qarabağda özləri üçün bir uydurma oyunlar ortaya atmışdılar. Ona görə də, Paşinyanın yanaşmaları mənasızdır. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, o, BMT-yə üzv ola bilməzdi. Biz də əməldə Ermənistanın tanımadığı ərazilərimizi ona qəbul etdiririk. Məhz bu səbəbdən də Ermənistan baş nazirinin bu arqumentləri çox zəif və sərsəm bir açıqlamadır. Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən tanınmışdısa, Ağdam və digər ərazilər niyə işğalda saxlanılırdı. Ağdam Amerika ərazisi deyildi ki...

- Fransanın son addımları, separatçılara dəstəyi nə ilə əlaqəlidir?

- II Qarabağ müharibəsində tək Ermənistsan məğlub olmayıb. Fransa hazırda bu məğlubiyyətin acısını yaşayır, fransızların pulu batdı. Fransızlardan bu ad altında milyonlarla pul yığılıb. O pulların da aqibəti bəlli oldu. Ona görə də, bütün bunlar Fransanın son çırpıntılarıdır. Bu günlərdə qondarma separatçı ünsürləri Fransaya bəh-bəhlə dəvət etmələri də, Azərbaycan üçün əsas yaradır ki, ATƏT-in Minsk qrupundan Fransanı “iti qovan kimi, qovaq”. Çünki bu təsisat Fransanın nümunəsində göstərdi ki, onların tərəfsiz yanaşması yoxdur. Belə olan halda Fransa necə tərəfsiz həmsədr ola bilər? Bundan da Azərbaycan tərəfi ağıllı bir tərzdə istifadə etməlidir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər