6 Yanvar 2022 17:28
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentin Sərəncamı ilə Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illik yubileyi qeyd ediləcək. Dövlət başçısı bu münasibətlə 2022-ci ili “Şuşa ili” elan edib. Bu, Prezidentin Şuşaya, Qarabağa, şəhidlərimizə, qazilərimizə, xalqımıza verdiyi dəyərin bariz göstəricisidir. Ölkə başçısının Sərəncamında xüsusi ilə qeyd edilir ki, Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır.

Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, Şuşa sevgisi hər bir azərbaycanlının qəlbində mövcuddur:

“Torpaqlarımızın işğalda olduğu dövrdə ən böyük arzumuz növbəti bayramları Şuşada, Qarabağda qeyd etmək istəyi idi. Ona görə də, bu qərar Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə göstərilən böyük diqqət və qayğının, Prezidentin siyasi müdrikliyinin, uzaqgörənliyinin göstəricisidir. Şanlı Zəfərimizin 1 illik yubileyi ərəfəsində Prezidentin “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Sərəncamı da xüsusi yer tutur. Çünki Şuşa Qarabağ xanlığının paytaxtı olması, qədim memarlıq abidələri, yetişdirdiyi görkəmli şəxsiyyətləri ilə həmişə Azərbaycanın tarix və mədəniyyət simvolu olub. 44 günlük Vətən müharibəsi 8 noyabr 2020-ci ildə məhz Şuşanın işğaldan azad olunması Ermənistanın kapitulyasiyası ilə başa çatdı. Şuşa həm də bütün dünyada hərbi gücümüzün, qüdrətimizin, əsgərimizin cəsarətinin, simvoluna çevrildi. Tarixi Zəfər Günümüz də hər il noyabrın 8-i, Şuşanın işğalından azad olunduğu gün qeyd edilir”.

Komitə sədri hesab edir ki, Şuşa bizim üçün artıq həm də dostluğun və qardaşlığın simvoludur:

“15 iyun 2021-ci il tarixində, Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra qardaş Türkiyə ilə müttəfiqlik münasibətlərinə dair Bəyannamə də məhz Şuşa şəhərində imzalandı. Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamı ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri bu Bəyannamə ilə öz zirvəsinə yüksəldi. Möhtəşəm qələbəmizdən sonra işğaldan azad edilmiş digər şəhər və rayonlarımızda olduğu kimi Şuşada da bərpa-quruculuq işlərinə başlanılıb. Şuşada artıq “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri keçirilib, görkəmli şəxsiyyətlərin muzey, məqbərə və heykəllərinin açılışı olub, tarixi, dini və memarlıq abidələrinin bərpası istiqamətində xeyli işlər görülüb. 2022-ci ilin “Şuşa ili” elan olunması mədəniyyət paytaxtımızın inkişafına və nüfuzunun yüksəlməsinə zəmin yaradacaq”.

Millət vəkilinə görə, müharibə şanlı qələbəmizlə başa çatsa da dünyada erməni yalanlarının ifşa edilməsi, informasiya müharibəsinin uğurla davam etdirilməsi aktuallığını qoruyur: “Bu baxımdan da Şuşada tarixi-mədəni tədbirlərin keçirilməsi, onun dünyada tanıdılması uğurlu mədəniyyət diplomatiyasının nümunəsidir. Tarixi Sərəncam Şuşada, Qarabağda bərpa-quruculuq işlərinin sürətləndirilməsinə, Böyük Qayıdışın təmin edilməsinə yönələn mühüm siyasi qərardır”.


Müəllif: Tapdıq Qurbanlı