“Müharibə olacağı təqdirdə, regional təhlükəsizlik arxitekturası dəyişəcək. Bu da Türkiyə üçün onunla nəticələnəcək ki, Cənubi Qafqaz və Mərkəzi Asiyada müəyyən edilmiş oyun qaydaları pozulacaq. Türkiyə onillərdir bu arxitekturanın yaranması üçün çalışır. İndi bunun dağılması Türkiyənin marağında deyil. Buna görə də Türkiyə maksimum səviyyədə vasitəçilik etməyə çalışacaq”.
Politoloq İlqar Vəlizadənin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Rusiyanın NATO və ABŞ-dan təhlükəsizlik zəmanəti istəyi müsbət cavab tapmır. Kreml NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair təminat istəyir. Sizcə, Rusiyaya belə bir zəmanət veriləcəkmi və veriləcəksə, bu, keçmiş sovet ölkələrinə nə vəd edir?
- Zənnimcə, verilməyəcək. Düşünürəm ki, bu cür tələblər özlüyündə qeyri-real görünür. Əslində, tərəflər danışıqlar prosesində maksimum tələblərini irəli sürürlər ki, sonradan kompromis yolu ilə ortaq məxrəcə gəlsinlər. Qənaətimə görə, Rusiya da anlayır ki, NATO ona belə zəmanət verə bilməz. NATO-nun dəyişməz konsepsiyasının olduğu ona məlumdur. Burada alver predmeti ola bilər ki, siz bunu etmirsinizsə, bəs əvəzində nə edə bilərsiniz. Düşünürəm ki, yanaşma təxminən bu cürdür.
- Belə bir zəmanət verilməyəcəksə, bəs Rusiya NATO-nun şərqə doğru genişlənməsi strategiyasına qarşı hansı addımları ata bilər?
- Açıq deyək ki, Rusiyanın resursları, potensialı çox məhduddur. Belə bir durumda Rusiya nə edə bilər? Məsələn, hücum sistemlərini Kalininqrad və Krımda yerləşdirə bilər, eyni zamanda, Barens və Baltik dənizlərindəki gəmilərində də bunu edə bilər, orta və uzaq mənzilli raketlərinin məsafə dairəsini daha genişləndirə bilər. Yaxud Sakit okeanda müəyyən addımlar ata bilər ki, ABŞ və digər NATO üzvü ölkələrinə buradan müəyyən mesaj versin. Yəni belə addımların atılması mümkündür.
Rusiyanın iqtisadi addımlar atması real görünmür. Amma NATO ölkələri Rusiyaya qarşı iqtisadi addımlar ata bilərlər, bu yöndə sanksiyaların tətbiq olunması mümkündür. Rusiya isə elə bir vəziyyətdə deyil ki, kiməsə sanksiya tətbiq etsin. Mümkün addımların bunlardan ibarət ola biləcəyini düşünürəm.
- Bəs NATO Rusiyaya zidd olaraq, Ukrayna və Gürcüstan kimi ölkələri öz sıralarına qatmaq strategiyasını davam etdirəcəkmi?
- Qənaətimə görə, bu strategiya dəyişməz olaraq qalacaq. Bunu nə vaxt edəcəyi, bu yöndə hansı addımlar atacağı isə qeyri-müəyyəndir. Bu, uzun müddətdir tərəflər arasında alver predmetinə çevrilib. 2008-ci ildə NATO-nun strategiyası qəbul olunub, burada Ukrayna və Gürcüstanın alyansa üzvlüyü məsələsi öz əksini tapıb. Amma bunun nə vaxt və hansı şərtlərlə olacağı sual altındadır. Hesab edirəm ki, NATO şərtləri müəyyənləşdirə bilər, bu mümkündür. Planlaşdırılmış hər bir addımın məqamı var. Məsələn, NATO vaxtilə Baltikyanı ölkələri öz sıralarına qəbul etməsəydi, məsələni indiyədək uzatsaydı, bu gün həmin proses çətin şərtlər qarşısında qala bilərdi. Buna görə də, hər şeyin öz məqamı var. Ola bilər ki, həmin vaxt məqam yetişmişdi və nəticədə bu addımı atdılar.
Bəzən atılan addımların əhəmiyyəti də olmur və mənfi təsirləri çox olur. Yəqin ki, NATO bunu nəzərə alır və buna görə tərəddüd edir.
- Ağ Ev Rusiyanın Ukraynaya mümkün hücumu ilə bağlı növbəti dəfə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilib ki, hərbi müdaxilə hər an baş verə bilər. Sizin bu yöndəki gəlişmələrdən gözləntiniz necədir?
- ABŞ buna hazırdır. Çünki ABŞ uzaqda yerləşən bir ölkədir, Ukraynada müharibə olsa, bu, ona o qədər də təsir göstərməyəcək. Amma öz sərhədlərində gedən müharibənin Rusiyaya fiziki mənada mənfi təsirləri olacaq. Bunubn Rusiyanın inkişaf etmiş bölgələrinə təsirləri qaçılmaz ola bilər. Çünki savaşın ehtimal olunduğu bölgə həmin ərazilərə çox yaxındır. Sankt-Peteburqdan Sevastopola qədər olan ərazilər inkişaf etmiş bölgələrdir. Buna görə də, Amerikanın buna hazır olması mümkündür. Amma rusiyalı siyasətçilər nüvə müharibəsi ilə bağlı ehtimallar irəli sürürlər, eyni zamanda, nə danışdıqlarını dərk etmirlər.
Müharibə başlasa, bunun miqyası total olacaq. Total müharibəyə isə heç kəs hazır deyil. Buna nə Rusiya, nə də Amerika hazırdır. Eyni zamanda, vəziyyət o həddə gəlib çatmayıb ki, total müharibə başlasın.
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Ukraynaya hücumunun qeyri-real olduğunu, bu məsələni rusiyalı həmkarı Vladimir Putinlə müzakirə edəcəyini bildirib. Görünən budur ki, Türkiyə tərəflər arasında vasitəçilik etmək istəyir. Kiyev və Moskvanın bu təklifə münasibəti necə ola bilər?
- Türkiyə də maraqlı tərəfdir. Dediyim kimi, müharibə olsa, ən çox mənfi təsirlərə Rusiya və Ukrayna məruz qalacaq. Bu halda Ukrayna müharibə meydanına çevriləcək ki, bunun da nəticələri ağır ola bilər. Eyni zamanda, yaxın ölkələr də hərbi-siyasi təhdidlər altına düşəcək, o cümlədən Türkiyə. Buna görə də, Ankara da belə bir müharibənin olmasını istəmir.
Dediyim kimi, ABŞ uzaqda yerləşən ölkədir, Britaniyanın özü də məsafəcə uzaqdır. Amma digərləri həmsərhəd ölkələrdir. Müharibə meydanı da Qara dəniz və ya Ukrayna ola bilər. Bunu da heç kəs istəmir. Buna görə Türkiyə çalışır ki, müharibə ssenarisi reallaşmasın. Müharibə olsa, Türkiyə NATO ölkəsi olaraq Rusiya ilə üz-üzə dayanmalıdır, onunla döyüşməlidir. Belə bir gərgin vəziyyətdə Türkiyə bunda maraqlı deyil.
Müharibə olacağı təqdirdə, regional təhlükəsizlik arxitekturası dəyişəcək. Bu da Türkiyə üçün onunla nəticələnəcək ki, Cənubi Qafqaz və Mərkəzi Asiyada müəyyən edilmiş oyun qaydaları pozulacaq. Türkiyə onillərdir bu arxitekturanın yaranması üçün çalışır. İndi bunun dağılması Türkiyənin marağında deyil. Buna görə də Türkiyə maksimum səviyyədə vasitəçilik etməyə çalışacaq.
- Türkiyə ilə yanaşı, Azərbaycanın da tərəflər arasında vasitəçi ola biləcəyi müzakirə mövzusudur. Sizcə, bu mümkündürmü?
- Dediyim kimi, müharibə olsa, burada baş verəcək, okeanın o tayında olmayacaq. Bu da bu və ya digər şəkildə biz də təsir edəcək. Ukraynaya investisiya yatırırıq, böyük torpaq sahələri icarəyə götürürük. Müharibə olsa, bu investisiyaların, ortaq layihələrin və münasibətlərin aqibəti necə olacaq. Müharibə olsa, bunun miqyası böyük olacaq. Gürcüstanın özü də buna bu və digər şəkildə qatılacaq. Bu halda Cənubi Qafqaz da təhdid altında olacaq. Bu səbəbdən də Azərbaycan bu müharibəni istəmir və vasitəçi olmağa çalışır.
Düşünürəm ki, Türkiyə və Azərbaycanın vasitəçiliyi daha təsirli ola bilər. Çünki bizim ölkələrimiz Rusiya ilə daha sıx bağlıdır, daha sıx dialoqdadırlar. Eyni zamanda, prezidentlər arasındakı şəxsi münasibətlər daha istidir. Məsələn, Əliyev-Putin münasibətləri Bayden-Putin əlaqələrindən daha fərqlidir. İndi də bu sıx münasibətlərdən istifadə edərək, məsələlərin həllinə kömək etməyə çalışırlar. Buna görə də bizim vasitəçiliyimizin daha real təsirlərinin ola biləcəyini düşünürəm. Türkiyə və Azərbaycan bu müharibəni istəmir. Bunu ancaq bölgədən kənar və ya avantürist ölkələr istəyə bilərlər.
Yeri gəlmişkən, bunu heç Almaniya və Fransa da istəmir. Çünki onlar bilərlər ki, belə bir müharibə Avropaya çox pis təsir edəcək. Yəni bunun yükünü Avropa İttifaqı daşıyacaq. Belə bir durumda da vasitəçilik imkanları varsa, bundan istifadə etmək lazımdır. Yaxın gələcəkdə bu vasitəçiliyin hansı nəticələr verəcəyini görəcəyik.