Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Aydın müəllim, Ermənistan prezidenti Armen Sərkisyanın istefasını bu ölkədəki daxili siyasi gərginlik fonunda baş verdiyini necə əsaslandırmaq olar?
- Bu cür siyasi çalxalanmalar Ermənistanda bundan sonra da vaxtaşırı baş verəcək. Nə qədər ki, Ermənistan beynəlxalq hüquq normaları ilə yaşamaq istəmir, qonşu dövlətlərlə yaxşı münasibətlər qurmaqdan qaçır və özünün erməni millətçiliyini qonşu dövlətlərə zorla qəbul etdirmək istəyir həmişə bu cür hallar baş verəcək. Onların müstəqilliyinin 30 ili göstərdi ki, erməni cəmiyyəti müstəqil dövlət qurmağın bazasını tapa bilmir. Bu isə çox sadədir. Qonşu dövlətlərlə normal əlaqə qurmaq, demokratiya və insan hüquqlarını əsas götürmək başlıca prinsipdir. Bu baxımdan Ermənistandakı son hadisəni məhz belə qiymətləndirmək olar. Sərkisyan əvvəlki prezident Serj Sərkisyanın adamı idi. Serj Sərkisyan onu prezident seçdirməklə bir tandem yaratmaq istəyirdi. O isə hakimiyyətdən getməli oldu. Armen Sərkisyan isə təklikdə özünün siyasi iddiasını ortaya qoymağa başladı. Sonda isə görünür xaricdən ona daha yaxşı təkliflər gəldiyi üçün bunu ölkə prezidentliyindən üstün tutdu.
- Ermənistanda yenidən prezident idarəçilik sisteminə qayıdış mümkün görünürmü?
- - Dünyada mövcud olan iki üsul idarəsinin hər ikisini də Ermənistan yoxladı. İkisi də bu ölkə üçün uğursuz oldu. Ona görə də, məsələ idarəçiliklə bağlı deyil, söhbət yanaşmada, cəmiyyətin dəyişməsindən gedir. Hansı üsul idarəyə keçmələri onların öz seçimidir. Azərbaycan üçün bu, qətiyyən maraqlı deyil. Əsas olan Ermənistanın özünü normal dövlət kimi regionda aparmasıdır. Vaxtaşırı Prezident İlham Əliyevin şəxsiyyətinə, təcrübəsinə Ermənistanda istinad edirlər. Çünki görürlər ki, qonşu Azərbaycan dövləti ilk növbədə beynəlxalq hüquq normalarını, qonşu dövlətlərlə normal münasibətlər qurmaqla, hər kəsin konstitusiya ilə ona verilən səlahiyyətlərlə hərəkət etmək, milli birliyi yaradacaq faktorları axtarıb tapıb. Bütün bunlar olduğuna görə Azərbaycanda inkişaf edən və oturuşmuş bir dövlətçilik var. Ermənistan isə bütün qonşu dövlətlərin torpaqlarına iddia edir, özünün aqressiv ideyalarını başqa dövlətlərin əli ilə həyata keçirməyə çalışır. Ona görə də, Ermənistan cəmiyyəti ilk növbədə özünü dəyişməlidir. Çünki özləri dəyişməyincə üsul idarənin dəyişməsinin heç bir effekti olmayacaq.
- Ermənistandakı siyasi gərginlik Azərbaycan və Türkiyə ilə hazırkı mərhələdə gedən proseslərdə vaxt qazanmaq üçün də əsas ola bilərmi?
- Bu cür halın mümkün olması variantı var. Amma iş orasındadır ki, Ermənistan bunu nə vaxta qədər uzada biləcək? Nə baş verəcək ki?! Əgər onlar bir möcüzə gözləyirlərsə, həyatda möcüzə olmur. Hansısa bir problemləri həll etmək istəyirlərsə, onlar düşüncələrini dəyişsinlər, qonşu dövlətlərlə yaxşı münasibətlər qurmağın prinsiplərinə əməl etsinlər. Bu baxımdan Ermənistanın itirdiyi ilk növbədə özünün dövlətçiliyi olacaq. Çünki bu gün Ermənistandan əhali durmadan köç edir. Müəyyən bir müddətdən sonra Ermənistan əhalisiz dövlətə çevriləcək. Bu da ondan irəli gəlir ki, torpaq onların deyil. Ermənistanda yaşayanları o torpağa tarixən heç nə bağlamır. İrəvan, Göyçə, Zəngəzur qədim Azərbaycan torpağıdır. Çünki tarixi bir il, yüz il aldatmaq olar. Amma həmişə aldatmaq olmaz.