31 Yanvar 2022 19:44
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan rəsmiləri Antalyada keçirilən beynəlxalq diplomatiya forumunda iştirak edəcək. Verilən açıqlamalar bunu deməyə əsas verir. Bu saat Ermənistana Türkiyə ilə hava sərhədlərinin açılması ilə yanaşı, quru sərhədlərinin açılması da lazımdır. Çünki indiyə qədər Ermənistan İranla əlaqədə olub. Amma İranın da öz problemləri var. Ermənistan əslində blokada da olan ölkədir. Gürcüstanla əlaqələr var, amma qış fəslində Lars yolu mütəmadi bağlanır. Üstəlik 44 günlük müharibə zamanı Gürcüstan bu yolu bağladı, silah daşınmasına imkan vermədi. Üstəlik Rusiyanın da elə imkanı yoxdur ki, təyyarə ilə hər şeyi daşıyıb İrəvana aparsın. Bütün bunlara görə, Türkiyə ilə quru sərhədlərin açılması Ermənistana hava və su kimi lazımdır”.

Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev Türkiyə-Ermənistan əlaqələri mövzusunda danışarkən bildirib.

O əlavə edib ki, Ermənistan ciddi əziyyət çəkir və Türkiyənin sərhədləri açmasını istəyir:

“Əlbəttə, Türkiyə üçün Ermənistan elə böyük bazar deyil. Çünki söhbət 2 milyon əhalisi olan Ermənistandan gedir. Amma siyasi baxımdan Türkiyənin buna ehtiyacı var. Ermənistan və onu dəstəkləyən ölkələr 100 ildən çoxdur ki, Türkiyəni siyasi, mənəvi və ideoloji terrora məruz qoyurlar. İndi buna son verilə bilər. Çünki erməni tərəfi saxta soyqırımı iddiasından əl çəkməyə məcbur olacaq. Eyni zamanda sərhədlər açılandan sonra İrəvan məcbur olacaq ki, Türkiyənin ərazilərini tanısın. Bu baxımdan yaxınlaşma Türkiyə üçün lazımdır”.

Politoloq deyib ki, Ermənistan və Türkiyənin diplomatik baxımından səfirlikləri, konsulluqları və sərhəd nümayəndəliyi yoxdur:

“Eyni zamanda onlar arasında ticarət müqavilələri bağlanmayıb. Təbii ki, belə şeylər Ermənistan üçün lazımdır. Bu saat Türkiyə dünyada yeni texnologiyanı tətbiq edən 10 dövlət siyahısındadır. Yəni Türkiyənin burada marağı yoxdur, Ermənistanın marağı ölüm-dirim məsələsidir. Türkiyənin uduşu siyasidir. Hər halda Ermənistan rəsmilərinin Antalya diplomatik forumuna qatılması müsbət olardı. Və orada yəqin ki, müzakirələrdə həm də mən dediyim məqamlar diqqətdə olacaq. Əslində mövzu çoxdur. Elə bir sahə yoxdur ki, Ermənistan o istiqamətdə Türkiyə ilə əməkdaşlığa getməkdə maraqlı olmasın”.


Müəllif: Nemət

Oxşar xəbərlər