Azərbaycan iqtisadi resursları, sosial inkişafı, sabitlik məkanı kimi deyil, maddi-mədəni, tarixi, dini abidələri, adət-ənənələri, folkloru, incəsənəti, musiqisi ilə fəxr edə biləcək ölkələrdəndir. Çox zəngin potensiala malik olan Azərbaycanın özünəməxsus dəyərlərinə dünya dövlətlərinin maraq göstərməsinin bir çox obyektiv səbəbləri var. Xalqımızın min illər boyu formalaşan milli-mənəvi dəyərləri, mədəniyyəti, keçmişi, bu günü və gələcəyi arasında mənəvi körpü yaradıb. Belə dəyərlərin öyrənilməsi, təbliği, hər zaman aktualdır. Sovet dövründə ideoloji mühit milli-mənəvi dəyərlərimizin, dini-milli adət və ənənələrimizin öyrənilməsinə, təbliğinə müəyyən qədər qadağalar qoymuşdu. Azərbaycan azad, müstəqil dövlətə çevrildikdən sonra xalqımızın yenidən öz dəyərlərinin təbliğinə başladı.
Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
Professor qeyd edib ki, mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə qayğı ilə yanaşan lu öndər Heydər Əliyevin milli dəyərlərimizin qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən Azərbaycanın milli dəyərlərinə maraq və məhəbbət hissini daha da artırdı. Prezident İlham Əliyevin dövlət-din sahəsində həyata keçirdiyi uğurlu sisayət də məhz bu tarixi dəyərlərə əsaslanır”.
Komitə sədri hesab edir ki, xalqımızın milli-mənəvi irsinin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlər misilsizdir: “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyəti ilə milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısına və etibarlı müdafiəçisinə çevrilib. Mehriban xanım Əliyevanın səyi nəticəsində 2009-cu ildə Novruz bayramı aşıq sənəti ilə birlikdə UNESCO-nun qorunan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan olunub”.
Millət vəkili bildirib ki, adət-ənənələrimiz və onların formalaşdırdığı milli-mənəvi dəyərlər sistemi ilə güclü dövlətçilik quruculuğu arasında sıx vəhdət var: “Burada ailə dəyərləri, ailə mühiti, ailədə yetişən yeni nəslə verilən tərbiyə də xüsusi olaraq qeyd edilməlidir. Bütün dövrlərdə ailə dəyərləri, ata-ana, baba-nənə tərbiyəsi, ağsaqqal-ağbirçək nəsihəti, milli mənəvi dəyərlər, adət və ənənələr hər bir dövlətin qüdrətli və uzunömürlü olmasında əvəzsiz rol oynayır. Bu mənada Novruz bayram həm də dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. 44 günlük Vətən müharibəsində də biz bir yumruq kimi birləşərək erməni faşizminə qalib gəldik, Qarabağı işğaldan azad etdik. Artıq işğaldan azad olan torpaqlarımızda bayram tonqalları yandırılır, burada böyük quruculuq işləri aparılır”.
Hicran Hüseynovaya görə, Novruz Bayramının fəlsəfi, sosial mahiyyətinin əsasında bir harmoniya var: “Sosial ədalət, tolerantlıq, bərabərlik kimi xüsusiyyətləri özündə əks etdirir. Evdə hazırlanan yemək və şirniyyatlardan qonşulara pay verilir. Ehtiyacı olanlara yardım edilir, sovqat göndərilir. Hamı çalışır ki, hər kəsin evində bayram süfrəsi açılsın. Biz başqa xalqlardan, millətlərdən olan qonşularımızı, döstlarımızı unutmuruq, onlara bayram payı göndərilir. Vətən uğrunda şəhid olan qəhrəman əsgər və zabitlərimizi, etməni terrorunun qurbanı olan dinc əhalimizi dərin ehtiram və hörmət hissi ilə yad edirik. Yaralı əsgərlərimizə, vətədaşlarımıza Allahdan şəfa diləyirik.Azərbaycanımızın müstəqilliyi daha da möhkəmlənsin, güclənsin! Xalqımız sülh və əmin-amanlıq şəraitində, xoşbəxt və firavan yaşasın”.