İşğaldan azad edilmiş tarixi torpaqlarımızda bu gün bayram tonqalları alovlanır. Xalqımızın 30 illik işğal həsrəti bitib. Erməni təcavüzünə son qoyulub. Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan və qəbul edilən ərazi bütövlüyünü təmin edib. 30 ilə yaxın erməni işğalçılarının tapdağında olan tarixi, əzəli torpaqlarımızda bu gün şanlı üçrəngli bayrağımız dalğalanır. Bu tarixi uğura Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun sayəsində nail olmuşuq.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O qeyd edib ki, işğaldan azad edilən tarixi torpaqlarımızda artıq xalqımızın milli bayramı, Novruzun təcəssümü olan tonqallar yandırılır: “Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün azad edilmiş torpaqlarımızda misilsiz bərpa, quruculuq işləri icra edilir. Qısa zamanda 30 ilə yaxın qaçqın və məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın o ərazilərə qayıdışını təmin etmək üçün zəruri işlər görülür”.
Millət vəkili bildirib ki, Novruz Bayramını və digər əlamətdar günləri Ali Baş Komandan öz ailə üzvləri ilə birlikdə Azərbaycanın tarixi əzəli torpaqlarında Şuşada, Ağdamda, Suqovuşanda və digər bölgələrimizdə qeyd edir: “Bu Azərbaycanın milli-mənəvi dəyərlərinə olan diqqət və qayğı ilə yanaşı, o tarixi torpaqlarda 10 illiklər baş vermiş vandalizmin də sona çatdığını göstərən amildir. Artıq xalqımız o torpaqlara öz milli adət-ənənələri, bayramları, əlamatdar günləri ilə yenidən qayıdıb. Bu mənada Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın tarixi Suqovuşan qəsəbəsinə səfəri, orada bir sıra layihələrin əsasını qoyması, Bayram tonqalını alovlandırması olduqca mühüm tarixi bir hadisədir”.
Cavid Osmanov hesab edir ki, Vətən Müharibəsi dövründə Tərtər rayonunun Suqovuşan qəsəbəsinin erməni işğalından azad edilməsi mühüm strateji əhəmiyyətə malik idi: “Qələbədən sonra Prezidentin Suqovuşana ilk səfəri və tarixi çıxışı, Novruz təbriklərini xalqa azad edilmiş ərazilərimizdən çatdırması böyük önəm kəsb edir. Ötən il Ali Baş Komandan tarixi Şuşa şəhərində, Cıdır düzündə Novruz tonqalını alovlandırdı. Vaxtilə ulu öndər Heydər Əliyev xalqımızın mütləq Şuşada, Laçında, Kəlbəcərdə və digər ərazilərimizdə Novruz bayramını qeyd edəcəyini vurğulamışdı. Məhz Prezident İlham Əliyevin qətiyyəti sayəsində ümummilli liderin arzuları gerçəkləşdi. Xalqımız iki ildir ki, azad edilmiş torpaqlarımızda Novruz tonqallarının alovlandığına şahidlik edir”.
Deputatın fikrincə, qısa zamanda Suqovuşan qəsəbəsinə enerji xəttlərinin çəkilişinin təmin edilməsi, fərdi evlərin tikintisinə başlanması, məktəb binasının, ikimərtəbəli yeni məscidin təməlinin qoyulması olduqca vacib amillərdən hesab edilir: “Bu prosesdə Heydər Əliyev Fondunun işğaldan azad olunmuş ərazilərimizdə milli-mədəni irsimizin, dini məbədlərimizin bərpası ilə bağlı gördüyü işlər də diqqət çəkir. Həmçinin Suqovuşan qəsəbəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışı, yeni turizm kompleksinin təməlinin qoyulması işğaldan azad olunmuş ərazilərimizdə yeni bir həyatın, canlanmanın başlanıldığının əyani təzahürüdür”.