11 May 2022 19:51
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazın gəlişi, havaların tədricən isinməsi Azərbaycandakı beşinci kolon nümayəndələrinə də təsirsiz ötüşməyib. Onlar fəaliyyətində son vaxtlar müşahidə olunan canlanmaya başqa ad vermək mümkün deyil.

Teleqraf.com bildirir ki, beşinci kolon fəalları bugünlərdə aktivləşərək Azərbaycanda insan hüquqlarının pozulduğu, guya ictimai fəllara basqıların təşkil olunduğu görüntüsü yaratmağa cəhdlər edirlər.

Ancaq bir vacib nüans da var ki, onu heç bir vəchlə nəzərdən qaçırmaq olmaz. Belə ki, ABŞ-ın NED (National Endowment for Democracy) adlanan fondunun Azərbaycan üçün 2022-ci il üzrə ayırdığı təsdiqlənmiş qrantın ümumi məbləği nə az, nə çox, düz 970 min 235 dollar təşkil edir. Maraqlıdır ki, bu məbləğin 400 min dollar yaxını (398 min 837) dolları Bakıda və bölgələrdə vətəndaş iştirakçılığının aktivliyinin artırılması, insan hüquqlarının müdafiəsi adı altında etirazların təşkili, insan hüquqlarının qorunmasının monitorinqi və digər bu kimi məsələlərin maliyyələşdirilməsi ilə bağlı layihələrin gerçəkləşdirilməsinə yönəldilib.

Üstəlik, NED-in 2022-ci ildə Azərbaycana ayırdığı təsdiqlənmiş qrantlarda may ayında təcili qrantların maliyyələşdirilməsi ilə bağlı bənd var. NED və bu tip institutların təcrübəsində “təcili qrantların ayrılması” hansısa prosesi təcili maliyyələşdirmək üçün nəzərdə tutulur. NED-in verdiyi elandan da bəlli olur ki, təcili qrantların ayrılması mayın 25-nə qədər olan dövrü əhatə edir.

Sirr deyil ki, Azərbaycanda hər dəfə nüfuzlu beynəlxalq tədbirlər keçirilərkən ölkəmizə qarşı təzyiq vasitəsi kimi bu cür alətlərdən istifadə edilir. Qarşıdan növbəti belə tədbir gəlir. Belə ki, iyunun 10-12-də Bakıda Formula-1 üzrə qran-pri yarışması keçiriləcək. Belə bir məqamda həmin təcili qrant layihəsini icra edən beşinci kolonun Aytən Məmmədova ilə bağlı baş vermiş məişət hadisəsini qabartması, Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulduğu görüntüsü yaratmaq cəhdi təsadüfi sayıla bilməz. Bu da diqqətçəkicidir ki, Aytən Məmmədova ilə bağlı hadisəyə ABŞ-ın Azərbaycandakı səfirliyi, hətta ABŞ Dövlət Departamenti dərhal reaksiya verib. Eyni zamanda özlərini “fəallar” adlandıran şəxslər aksiya təyin ediblər. Güman etmək olar ki, bununla da Formula-1-in keçiriləcəyi günlərdə təşkil olunacaq daha bir anti-Azərbaycan kampaniyanın bünövrəsi qoyulur.

Eyni zamanda artıq bir həftədən çoxdur Ermənistanda səngəyən aksiyalara, vətəndaşların, fəalların həbsinə, aksiyaların amansızlıqla dağıdılmasına dair onlarla faktlara nə ABŞ-ın İrəvandakı səfirliyi, nə Dövlət Departamenti, nə də beynəlxalq təşkilatlar reaksiya verir.

Ermənistanda yaşanan bu xoşagəlməz olayları görməzdən gələn rəsmi Vaşinqtonun Azərbaycanda adi məişət hadisəsinə Dövlət Departamenti səviyyəsində reaksiyasını Ermənistanda Corc Sorosun yetirmələrinin vəhşiliklərindən diqqəti yayındırmaq olduğunu da görməmək mümkün deyil.

Araşdırmaçı jurnalist Elçin Alıoğlu Teleqraf.com-a açıqlamasında deyib ki, beşinci kolon general Frankonun vaxtında İspaniyada işlədilmiş bir sözdür. Belə ki, onun vaxtında İspaniyada olan beşinci kolon Frankonu devirməklə bahəm İspaniyanın mövcud çıxış yolunu nədəsə görən və sabit proqramı olan, xaricdən idarə olunan adamlar idi.

İroniya ilə “Azərbaycanda isə heç beşinci kolon da yoxdur”, - deyən Elçin Alıoğlu qeyd edib ki, Azərbaycanda olan 30 il ərzində şüarları, sözləri, davranışları, modelləri dəyişməyən bir yığnaqdır:

“Əfsuslar olsun ki, sərt də olsa, mən müxalifətçilərdən üzr istəyərək bunu deyirəm. Mən cani-dildən, səmimi qəlbdən, sidq-ürəkdən istəyirəm ki, Azərbaycanda güclü müxalifət olsun. Çünki güclü müxalifət hakimiyyətin daha da güclənməsi, üstəlik vətəndaşların sosial rifah halının yüksəlməsi deməkdir. Lakin Azərbaycanda belə müxalifət yoxdur və üfüqdə də görünmür. Müxalifətin proqramı varmı? Yox! Konkret istəklər məcmusu var. Amma bu istəklərin yerinə yetirilməsi məcmusu yoxdur. Kollektiv Qərb adlandırdığımız ABŞ və Avropa İttifaqı da Azərbaycanda müxalifətin güclənməsini istəyirlər. Lakin onlar seçim qarşısında qaldıqları üçün bilmirlər kimə pul versinlər ki, Azərbaycan hakimiyyətinə pressinq və təzyiq vasitəsi olaraq öz marionetkalarından istifadə etsinlər”.

O qeyd edib ki, Ermənistan müxalifətindən fərqli olaraq Azərbaycanın radikallaşmış, həddindən artıq aqressivləşmiş müxalif kəsimi çoxdan tarixin arxivinə atılıblar, özlərinin xəbəri yoxdur:

“Bu adamlar nə istədiklərini bilmirlər. Dedikləri demokratiya, azadlıq, azad seçkidir, vəssəlam. 30 ildir dəyişməyən şüarlar. Klişe, nimdaş çağırışlar. Bütün bunların məcmusu olaraq onlarda ümumi ümidsizlik, ümumi apatiya hökm sürür. Düşünün ki, bu adamlar mitinqlərə adam çağırırlar və deyirlər ki, hakimiyyət mitinqlərə adam gəlməyə qoymur. Bunca porodoksal ideotizmə mən hələ rast gəlməmişəm. Hansı ölkədə hakimiyyət çalışır ki, müxalifət yığışsın, onu devirməyə çalışsın. Bu absurddur. Bütün ölkələrdə hakimiyyət çalışır ki, müxalifətin mitinqləri mümkün qədər azsaylı olsun”.

Jurnalist qeyd edib ki, bütün bu səbəblər üzündən ABŞ Ermənistan müxalifətinə sadə dillə desək, heç nə demir:

“Yəni, ABŞ Ermənistan müxalifətinin aksiyaları ilə bağlı açıqlama vermir. Azərbaycan müxalifətinə isə hər cür istiqamət verməyə çalışır. Çünki Azərbaycan müxalifətinin öz-özünü idarə etmə mexanizminə malik olmadığını yaxşı bilir. Yaxşı bilir ki, o hətta aldığı göstərişləri, təlimatları və əmrləri belə həyata keçirməkdə acizdir”.


Müəllif: Səxavət Həmid