2 İyun 2022 13:29
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda enerji siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu mənada ölkəmizdə neft və qaz sərgisinin tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. İlk sərgi də məhz 1994-cü ildə keçirilib. Bundan sonra hər il sərgilərin təşkili, miqyası, əhatə dairəsi genişlənib, iştirakçıların sayı yüksəlib. Sözsüz ki, bütün bunların əsası ulu öndər tərəfindən qoyulmuş Azərbaycanın neft strategiyasının uğuru və təntənəsi kimi qiymətləndirilir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında ölkəmizin enerji siyasətinin mühüm məqamlarına toxunub: “Ölkə başçısı vurğulayıb ki, hazırda Azərbaycan qazına olan tələbat sürətlə artır. Təbii ki, bunlar nəzərə alınır. Potensial istehlakçılar da qəbul etməlidir ki, il ərzində qaz həcmini böyük həcmdə hasil etmək asan məsələ deyil. Sözsüz ki, hazırda Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində mühüm işlər görülür. Bu baxımdan da ənənəvi tərəfdaşlar və sərmayədarlar, enerji şirkətləri də daha aktiv olmalıdır ki, hasilatı artırmaq mümkün olsun”.

Millət vəkili hesab edir ki, dünyada Azərbaycan qazına tələbatın artması fonunda ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu bir daha gündəmə gəlir: “İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Cənub Qaz Dəhlizini genişləndirərək yaxın gələcəkdə qaz ixracını daha da artıracaq. Ölkəmiz etibarlı enerji təchizatçısı kimi daha çox ölkəni mavi yanacaqla təmin edəcək”.


Müəllif: Tapdıq Qurbanlı