16 İyun 2022 18:33
1 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Ermənistan bizim ərazi bütövlüyümüzü şübhə altına almaqda davam edəcəyi halda Azərbaycanın haqlı olaraq adekvat addımlar atacağını bəyan etdi. Əslində bu məsələdə Azərbaycanın danışmağa daha çox haqqı çatır. 2020-ci il 10 noyabr Bəyanatından iki ilə yaxın vaxt keçir. Məhz bu bəyanatla Azərbaycan və Ermənistan tərəfi öz üzərinə öhdəliklər götürüb. Azərbaycan həmişə olduğu kimi öz tərəfindən atılacaq addımları təmin edib. Ermənistan isə hələ də vaxt uzatmaqla məşğuldur.

Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Deputat Prezident İlham Əliyevin IX Qlobal Bakı Forumunun açılış mərasimində səsləndirdiyi fikirlərini şərh edərkən Azərbaycanın bu məsələdə haqlı olduğunu söyləyib: “Bu gün Azərbaycan Şərqi Zəngəzurda mühüm işlər görür. Amma Azərbaycandan Naxçıvana Mehridən keçməklə açılacaq Zəngəzur dəhlizinin açılmasından Ermənistan hər vəchlə boyun qaçırmağa çalışır. Bu, onu göstərir ki, Ermənistan bölgədə sülh və sabitliyin olmasında maraqlı deyil. Onlar yenidən müharibə ritorikasına əl atmaq istəyirlərsə, “Dəmir Yumruq” yerindədir. Görünən odur ki, II Qarabağda aldıqları zərbədən qarşı tərəf yetərincə dərs çıxarmağı bacarmayıb”.

Komitə sədri hesab edir ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası varsa və ölkəmizin ərazi bütövlüyünü tanımırsa, dövlətimiz də eyni rakursdan məsələyə yanaşacaq: “Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq və analoji olaraq ərazi iddiası ilə çıxış edəcək. Buna bizim ölkə olaraq tarixi əsasda daha çox haqqımız çatır. 1920-ci ilin noyabrında Azərbaycanda sovetləşmə başladıqda Zəngəzur Ermənistana güzəştə gedilib. 1923-cü ildə isə “Dağlıq Qarabağ”a qondarma bir “status” verilib. Bundan sonra isə Azərbaycana qarşı Ermənistandan ərazi iddialarını bütün dünya gördü”.

Ziyafət Əsgərova görə, Ermənistan Azərbaycanla sülh masasına oturmayacaqsa, bundan sonra olacaq məsələlərdə məsuliyyət onun üzərinə düşür: “Görünür, erməni tərəfi diplomatiya və siyasət dili anlamır. Yəqin ki, onlarla ancaq güc müstəvisində danışmaq lazımdır. “Dəmir Yumruq” yerindədir və bundan sonra olacaqlardan indidən nəticə çıxarsalar daha yaxşı olar”.


Müəllif: Tapdıq Qurbanlı