21 İyun 2022 19:56
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qədim İpək Yolunun üzərində yerləşən, Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, sivilizasiyaların, dinlərin qovuşduğu məkan olub. Burada ölkəmizin coğrafi mövqeyi, əhalisinin polietnikliyi kimi amillər böyük rol oynayıb. Tarixin bütün dövrlərində Azərbaycan ərazisində müxtəlif dinlərin nümayəndələri birgə yaşayıb. Etnik və dini icmalar arasında daim möhkəm dözümlülük və dostluq əlaqələri mövcud olub. Milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik baş verməyib. Hətta bu müxtəliflik ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin daha da möhkəmlənməsinə mühüm töhfə olub.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, Azərbaycan xalqı hər zaman dövlətin din sahəsinə qayğısının şahidi olub: “Bunun ən bariz örnəyi müstəqillik illərində dini ibadət yerlərinin, məscid, kilsə və sinaqoqların sayının sürətlə artmasıdır. Bununla yanaşı tarixi dini abidələrin bərpasına dövlətimiz və eləcə də Heydər Əliyev Fondu xüsusi diqqət göstərir. İstər islam dininə aid məscidlərin yenidən qurulması, tikilməsi, istərsə də digər dinə aid olan ibadətgahların bərpası və yenilərinin tikilməsinə ayrılıqda böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə ardıcıl və məqsədyönlü işlər görülməkdədir”.

Tamam Cəfərova işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda tarixi, dini abidələrin, məbəd və məscidlərin bərpasına olan xüsusi yanaşmadan bəhs edib: “Şuşada, Daşaltıda, Hadrutda, Suqovuşanda bilavasitə Prezident İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı ilə yeni məscidlər inşa olunur. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərdə bərpası həyata keçirilən məscidləri ziyarət etdiklərinin dəfələrlə şahidi olmuşuq. Bu işlərin təkcə azad olunmuş bölgələrdə yox, Bakıda, Şamaxıda yüksək səviyyədə həyata keçirildiyini görürük”.

Millət vəkilinə görə, dini sahədə görülən işlər bununla bitmir: “Bu gün ölkəmizdə mindən çox fəaliyyət göstərən məscid var ki, onların da əksəriyyətinin hər cür şəraiti var. İnsanların rahat ibadət etmələri üçün bütün şərait yaradılıb. Bu tendensiya digər dinlərə ibadət edən vətəndaşlarımıza da aiddir. Bu baxımdan deməliyik ki, Azərbaycanda həyata keçirilən dini siyasət dünyanın bir çox ölkələrinə nümunədir. Bütün bunlar ölkəmizdə milli-mənəvi dəyərlərimizə yüksək diqqət və qayğının göstəricisi hesab edilir. Məhz bu siyasət nəticəsində Azərbaycan dünyanın əsas tolerantlıq və mutlikulturalizm mərkəzlərindən birinə çevrilib. Azərbaycan dövlətinin yürütdüyü dini siyasəti beynəlxalq ictimaiyyət müsbət qarşılayır. Bu mənada Azərbaycanın həyata keçirdiyi dini siyasət digər dövlətlərə model kimi tövsiyə olunur. Məhz bu amil dövlətin müəyyənləşdirdiyi dövlət-din münasibətlərini tənzimləmə üsulunun özünü doğrultmasını sübut edir. Bunu etnik mənsubiyyətindən, dini əqidəsindən asılı olmayaraq, bütün vətəndaşlarımız gündəlik həyatlarında da hiss edir”.


Müəllif: Tapdıq Qurbanlı