Avropa İttifaqı II Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında qısa zamanda sülhün əldə edilməsi üçün çöx böyük təşəbbüslər göstərib. Bu mənada Avropa İttifaqı səviyyəsində hər iki tərəfin görüşüb müzakirələr aparması üçün mümkün şərait yaradılıb. Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında dördüncü dəfə baş tutmuş görüşlər, əldə edilən razılaşmalarda sözsüz ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçilik missiyasi xüsusi qeyd edilməlidir.
Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Millət vəkili hesab edir ki, Avropa İttifaqından ölkəmizə, Prezident İlham Əliyevə olan yüksək münasibət Ş.Mişelin sərgilədiyi mövqedə də aydın görünür:
“Ş.Mişelin təşəbbüsü ilə Brüsseldə baş tutan görüşlərdə bir sıra məsələlər üzrə razılıq əldə edilib. Bu mənada biz bu ilin 31 avqustunda Brüsseldə baş tutmuş görüşün əhəmiyyətini də xüsusu vurğulamalıyıq. Bu görüşdə əldə edilmiş razılaşmalara Ermənistan tərəfi riayət etməsə də, ümumilikdə Aİ-nın vasitəçiliyi ilə keçirilmiş bütün müzakirələr indiki həssas dövr üçün adekvat hesab edilir. Çox təəssüf ki, Ermənistan tərəfi Avropa İttifaqının təşəbbüsü və vasitəçiliyi ilə baş tutmuş bütün görüşlərin nəticəsini heçə endirmək üçün təxribatlarını davam etdirib”.
Ziyafət Əsgərova görə, Ş.Mişelin təşəbbüsüilə əldə edilən razılaşmaları sabotaj etdiyinə görə, Ermənistana münasibət də artıq birmənalı xarakter almağa başlayıb:
“Çünki Ermənistanın baş naziri Brüsseldə əldə edilən bütün razılaşmalarla bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməyib. Əksinə o İrəvana qayıdan kimi orada əldə edilən bütün razılaşmaların əksinə mövqe və bəyanatlar səsləndirib. Ona görə də, Ermənistan öz davranışları Aİ-ni da pis və çıxılmaz vəziyyətdə qoyub. Bu ölkə hələ də anlamır ki, özünün düşdüyü ağır durumdan yeganə xilas yolu Azərbyacanın sülh təklifini qəbulı etməkdir. Bunun əksinə olacaq bütün addımlar Ermənistan üçün fəlakət deməkdir”.