Konfliktoloq Elxan Mehdiyev Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik.
- Rusiya Ukraynanın dörd bölgəsini ilhaq etdikdən sonra Qərbdən, xüsusən də ABŞ-dan Kiyevə verilən müasir silah və raket sistemlərinin həcmi artırılıb. Bu fonda müharibənin gedişatı haqda proqnozunuz necədir?
- Təbii ki, bununla bağlı dəqiq proqnoz vermək çox çətindir. Amma son addımları Rusiyanın zəiflədiyinin və çıxılmaz durumda olmasının göstəricisidir. Çünki artıq Rusiya aşkar formada Ukraynanın mülki infrastrukturunu və dinc əhalini, paytaxt Kiyevin mərkəzində hökumət binalarının yerləşdiyi əraziləri vurmaqla hərbi cinayətlərə imza atır. Rusiya döyüş meydanında məğlub olur, bu fonda Ukrayna ordusu cənubda irəliləyir. Rusiya isə uzaqmənzilli ballistik raketləri ilə Ukraynanın mülki obyektlərini dağıtmaqla məşğuldur.
Rusiya atdığı son addımlarla dünyadan təcridini dərinləşdirir. Rusiyanın hərbi-siyasi rəhbərliyi bu gün etdiklərinə görə gələcəkdə beynəlxalq ictimaiyyət tərəfindən cinayət məsuliyyətinə cəlb oluna bilər.
Ukraynanın döyüş meydanındakı uğurları o ehtimalı gücləndirir ki, Rusiya daha gözlənilməz addımlara gedə bilər. Bu da hamını narahat edən nüvə silahının tətbiqi ilə bağlı məsələdir. Bu baxımdan proqnoz vermək çətindir. Çünki Putin məğlubiyyəti qəbul etmək istəməz. Buna görə də vəziyyətdən çıxmaq üçün ən son addımlara da əl ata bilər. Bu da təkcə Rusiya və Ukrayna üçün yox, bütün dünyanın sonu üçün atılmış addım olardı.
- Rusiya rəsmiləri son zamanlarda tez-tez ABŞ-ın müharibədə tərəfə çevrildiyi iddiasını dilə gətirirlər. Sizcə, Kremlin bu təbliğatının arxasında hansı niyyəti var?
- Təbii ki, ABŞ Ukraynaya silah verir, bu baxımdan o da tərəf sayılır. Amma ABŞ birbaşa tərəf deyil. ABŞ əsasən köməkçi tərəf statusundadır. Rusiya inanır ki, bütün Qərb dövlətləri, o cümlədən, Türkiyə Ukraynaya hərbi yardım etməklə onun qələbə qazanmasında maraqlı tərəflər kimi çıxış edirlər.
Baydenin də dediyi kimi, Putin müharibəni düzgün hesablamamışdı. O düşünürdü ki, qısa vaxtda Kiyevi tutacaq, bütün Ukraynanı ələ keçirəcək. Dünyanın Rusiyaya qarşı vahid formada hərəkət edəcəyini də gözləmirdi. Çünki Krımın ilhaqından sonra Rusiyaya sərt sanksiyalar tətbiq olunmamışdı.
ABŞ-ın Əfqanıstandakı uğursuzluğu fonunda Rusiyanın Suriyada üstünlük əldə etməsi Putini inandırdı ki, rus ordusu çox güclüdür, Qərb və Amerika zəifdir, Ukrayna xalqı onu gül-çiçəklə qarşılayacaq, Ukrayna ordusu yoxdur və s. Putin belə bir hesablama sayəsində bu addımı atdı, meydanda isə bunun əksini gördü. Bunu da hər kəs görür.
- Aqressivləşən Rusiyanın nüvə silahından istifadə edə biləcəyi də gündəmdədir. Sizcə, Rusiya belə bir addım atsa, buna NATO və ABŞ-ın cavabı necə ola bilər?
- NATO və ABŞ buna çox sərt cavab verəcəyini bildirir. Bu isə bütün dünyanın yox olmasına gətirib çıxarardı. Deyildiyi kimi, nüvə müharibəsindən kiminsə qalib çıxması mümkün deyil. Bu, bütün bəşəriyyətin məhvi demək olardı. Belə bir müharibədən qalib yox, ancaq şikəst çıxmaq olar.
- Qərb mediasında isə rus ordusu və Putin arasındakı narazılıq və bu fonda Rusiyada hakimiyyət dəyişikliyinin baş verə biləcəyi ehtimalı müzakirə mövzusudur. Sizcə, ordu-Putin münasibətlərindəki çat federasiyada nə kimi gəlişmələrin önünü aça bilər?
- Belə demək daha doğru olar ki, Putinin, siyasi rəhbərliyin ordudan çox böyük narazılığı var. Çünki Rusiya ordusu hələ də sovet ordusunun İkinci Dünya Müharibəsindəki qələbəsinin eyforiyası ilə yaşayırdı. Bunu Birinci Çeçenistan Müharibəsində də gördük. Son zamanlarda “rus ordusunun müasir silahlarla gücləndirilməsi” ilə bağlı Rusiyanın rəsmi təbliğatı üzərində bir mif yaradılmışdı.
Amma Ukraynadakı müharibə göstərdi ki, bu belə deyil. Müharibənin indiki gedişatında Rusiyanın siyasi rəhbərliyi ordu ilə bağlı çıxılmaz durumda qalıb.
Rusiya siyasi rəhbərliyi daxilində də bu müharibə ilə bağlı narazılıq, fikir ayrılıqları var. Hakim komandanın bir qismi bu müharibənin əleyhinədir, amma Putinin diktatura rejimi altında səslərini çıxara bilmirlər. Gələcəkdə bunların hamısı üzə çıxacaq.
- Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinə müşahidə missiyası göndərmək qərarını nizamlanma prosesinə “müdaxilə” adlandırdı. Sizcə, Rusiyanın Brüsselin vasitəçilik səylərinə müdaxiləsi bölgədə yeni toqquşma riskini artıra bilərmi?
- Rusiyanın belə reaksiya verəcəyi gözlənilən idi. Xüsusən də indiki məqamda - Rusiya və Qərb arasında düşmən münasibət olduğu vaxtda Avropa İttifaqı və ya NATO-nun müşahidə missiyasının sərhədə gəlməsi Moskva tərəfindən qəbul edilməyəcəkdi. Xoşbəxtlikdən bunun da təşəbbüskarı Azərbaycan yox, Ermənistandır.
İndi Qarabağda Rusiyanın sülhməramlıları var, digər yandan, Ermənistana nəzarət də onun əlindədir. Rusiya yaxşı bilir ki, Avropa İttifaqının müşahidə missiyasının bölgəyə gəlməsi tezliklə bu durumu dəyişdirə bilməyəcək. Buna görə də Avropa İttifaqının bu addımlarını Rusiyada daha çox “şou” kimi qiymətləndirirlər.
Amma gələcəkdə göndəriləcək missiyanın statusu başqa formada dəyişdirilsə, yəni iki aylıq statusdan başqa formaya keçsə, onda təkcə Rusiyanın yox, İranın da basıqısı ola bilər. Bu da ancaq Ermənistanın özünün zərərinə olacaq. Amma hələlik bu gün sahədə üstün tərəf Rusiyadır.
- Bəs Rusiya və ABŞ-ın Qarabağla bağlı yanaşmalarında hansı fərqlər var? Məsələn, Rusiya “perspektivdəki status”dan, ABŞ isə “ermənilərin təhlükəsizliyi üçün bölgəyə beynəlxalq müşahidəçilərin göndərilməsi”ndən danışır. Bunlardan hansı maraqlarımıza uyğundur?
- Həm ABŞ, həm də Rusiyanın yanaşmalarında qəbul etmədiyimiz məqamlar var. Təbii ki, indi Rusiyanın başı Ukraynada qarışıb, amma sahədə nəzarət onun əlindədir və heç də tələsmir. Rusiya qüvvələri Qarabağda yerləşdirilib, həm də Laçın yoluna nəzarət edirlər. Bu baxımdan Rusiya tələsmir. Buna görə də təzyiq üçün status məsələsini də ortaya ata və ya Azərbaycanla münasibətlərindən asılı olaraq prosesi başqa məcraya da yönəldə bilər.
ABŞ-ın yanaşmasında da bizi qane etməyən bir çox müddəa var. Bu da Amerikanın indiki hökumətinin erməni yanlısı olmasından doğur. ABŞ hökumətində uzun illər ermənilərə lobbiçilik edən şəxslər oturublar, bu, indiyədək tarixdə görülməmiş bir şeydir. Buna görə də qarşıdakı iki ildə onlarla ehtiyatla davranmalıyıq. Yəni Amerikanın da Qarabağ ermənilərinə statusun verilməsi ilə bağlı təklifləri Azərbaycanın maraqlarına uyğun deyil.
Bu məsələ Azərbaycandan böyük diplomatiya və sahədə aktivlik göstərməsini tələb edir. İndi Qarabağın ermənilər yaşayan hissəsində addım-addım Azərbaycanın suverenliyi təmin olunmalıdır. İndiki məqamda əsas tələblərdən biri də budur. Bu olmasa, bu cür zərərli təkliflərin sayı çoxalacaq.