44 günlük Vətən müharibəsində əldə olunan qələbəmizin nidasına çevrilmiş Zəfər paradından iki il ötür. Müstəqil və qüdrətli Azərbaycan dövlətinin erməni faşizmi üzərində qazandığı parlaq qələbənin şərəfinə paytaxtın Azadlıq meydanında təşkil olunmuş qələbə paradı xalqımızın yaddaşında əbədi qalacaq. Qələbə paradı haqqında cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır.” Əlbəttə, bu parad əvvəlkilərdən tamamilə fərqli idi. Bu, müzəffər Azərbaycan ordusunun əsgər və zabitlərinin düşmənin belini qırdığı, əbədi və əzəli torpaqlarımızı düşmən işğalından azad etdiyi qələbə yürüşü idi. Bu parad Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” əminliyinin məntiqi nəticəsi idi.
Bu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, iki il öncə dekabr ayının 10-da 44 günlük Vətən müharibəsində düşmənə ağır zərbələr vuraraq torpaqlarımızı işğaldan azad edən müzəffər ordumuz bu şanlı Zəfərini Bakının Azadlıq meydanından dünyaya nümayiş etdirdi:
“İşğaldan azad olunan torpaqlarda dalğalanan üçrəngli bayrağımızın parada gətirilməsi, qalib Ordumuzun bölmələrinin, döyüş texnikalarının nümayiş etdirilməsi hərbi gücümüzün növbəti tərənnümü idi. 30 ilə yaxın davam edən vətən, torpaq həsrətindən sonra Azərbaycan xalqı bu tarixi günü qürur, fərəh, sevinc hissi ilə qeyd etdi. Ölkəmizin hərb tarixində sayca yeddinci olan Qələbə paradının böyük siyasi, mənəvi əhəmiyyəti, eyni zamanda, rəmzi mənası var idi.
Qısa müddətdə Ermənistanın hərbi, siyasi, diplomatik cəbhələrdə məğlub edilərək, kapitulyasiya aktını imzalamağa məcbur edilməsi sözsüz ki, təntənəli hərbi keçidlə qeyd olunmağa layiqdir. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, erməni mifini də darmadağın edib.
Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi. Azərbaycan öz gücünü, qüdrətini göstərdi. Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğradı. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərarinin olması bu faktı təsdiqləyir”.
Deputat bildirib ki, Zəfər Paradında Azərbaycan Silahlı Qüvvələrinin üç min nəfərlik şəxsi heyəti ilə yanaşı türk hərbçiləri də iştirak edib: “Eyni zamanda Türkiyə prezidenti Recep Tayyip Ərdoğanın həyat yoldaşı ilə birlikdə qələbə Paradında iştirakı mühüm önəm kəsb edirdi. Qardaş Türkiyə prezidentinin müxtəlif vaxtlarda işğaldan azad olunan ərazilərə etdiyi səfərlər, Şuşa şəhərində iki ölkə arasında imzalanmış Bəyannamə, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının açılışını iki ölkə Liderinin birlikdə etməsi Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvəyə çatdığının əyani təzahürüdür.
Bu günlərdə iki ölkənin hərbçilərinin iştirakı ilə keçirilən “Qardaş yumruğu” hərbi təlimini də xüsusilə qeyd etməliyik. Birgə hərbi təlimlər Azərbaycan və Türkiyə arasında genişlənən hərbi əməkdaşlıq əlaqələrini əks etdirməklə yanaşı, həm də hər iki dövlətin regionda sülh və təhlükəsizliyin təmin olunmasına maneə yarada biləcək destruktiv qüvvələrə qarşı birgə mübarizə aparacaqlarının açıq təzahürü idi.
Hərbi təlimdə iştirak edən heyəti təbrik edərkən Ali Baş Komandan, Prezident İlham Əliyev bildirib ki: “Bu təlimlərin adı “Qardaş yumruğudur. Bu, Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Birliyimiz sarsılmazdır, əbədidir...” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə müraciətində: “Bu təlimlər də göstərdi ki, biz bir-birimizlə ət və sümük kimiyik. Bizi heç kim bir-birimizdən ayıra bilməz, Allahın izni ilə də ayıra bilməyəcəklər...” deyib.
Hər iki ölkənin liderlərinin “Qardaş yumruğu” təlimində iştirak edən heyəti təbrik edərkən söylədikləri bu fikirlər bir daha onu göstərdi ki, Azərbaycan və Türkiyə arasında tarixdən gələn dostluq və qardaşlıq münasibətləri əbədidir”.
Tamam Cəfərova vurğulayıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbə nəticəsində bütün dünya müzəffər Ordumuzun gücünü gördü: “Ordumuzu dünyanın ən güclü ordularından biri kimi tanıdı və bunu etiraf etməyə məcbur oldu. “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılan Vətən Müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük Qələbə müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və xalqımızın qələbə əzminin əyani sübutu idi.
Haqq savaşımızın qalibiyyətinə həsr olunan Zəfər paradı böyük Qələbəmizin nidası oldu. Bu, müzəffər Ali Baş Komandanımızın “Qarabağ Azərbaycandır!” əminliyinin məntiqi nəticəsi idi”.