28 Mart 2023 12:04
2 990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Xankəndi ətrafındakı son gəlişmələr haqda fikriniz necədir? Azərbaycan ordusu uğurlu əməliyyat keçirdi, öz gücümüzü növbəti dəfə göstərdik...

- Çox uğurlu əməliyyat oldu. Gizli yollarla separatçı rejimə silah-sursat və müxtəlif təyinatlı malların daşınmasının üstündən xətt çəkildi. Bir güllə atılmadan, qan tökülmədən belə uğurlu əməliyyatın keçirilməsi Azərbaycan ordusunun adına çox böyük uğur kimi yazmaq lazımdır. Zənnimcə, həmin istiqamətdə (Xankəndi ətrafındakı yollarda) mənzillənməsi, orada dayaq nöqtələrinin yaradılması bundan sonra da davam edəcək. Azərbaycan öz suveren ərazilərinin təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçib, bu yöndəki addımlar da hansısa qarşıdurma olmadan, “yumşaq yol”larla reallaşdırılacaq.

Hesab edirəm ki, separatizm aradan qalxmadıqca, bu əməliyyatlar davamlı olacaq. Söhbət bütün ərazilərimizdə suveren hüquqlarımızın bərpasından gedir. Kəlbəcər-Ağdərə yoluna nəzarət də bərpa edilməlidir. Eləcə də Sərsəng su anbarı və Tərtər çayına nəzarətin bərpa olunması da, qarşıda duran perspektiv istiqamətlərdəndir. İndi isə bütün diqqət bütünlüklə Xankəndi, ümumən Qarabağın dağlıq hissəsi və onun ətrafında baş verənlərə yönəlib.

Hesab edirəm ki, Azərbaycan ciddi qarşıdurma yaratmadan bu xətti peşəkarlıqla və dəqiqliklə həyata keçirməyə davam edəcək.

- Atılan və atılacaq addımlar düşmənlərimiz üçün çəkindirici olacaqmı?

- Mütləq belə olmalıdır. Bölgədə möhkəmlənmiş Azərbaycan ordusu Ermənistanın 10 minə yaxın hərbçisini də ərazilərimizdən çıxarmalıdır. Üstəgəl, hələ də illüziyalarla yaşayan Ermənistan cəmiyyətini, onun Baş naziri Nikol Paşinyanı, eləcə də bölgədə “meydan sulamaq” istəyən separatçıları da qınına qapılmağa məcbur edəcək.

Zatən, Ermənistan cəmiyyəti və separatçılar arasında ciddi fikir ayrılıqları var. Söhbət Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiya və reinteqrasiyasından, Erməni hərbçilərinin son nəfərinədək ərazilərimizdən çıxarılmasından, ən başlıcası isə İrəvanın Qarabağın ermənilər yaşayan hissəsinə müntəzəm müdaxilələrinin qarşısının alınmasından gedir.

Məncə, son əməliyyatlardan sonra Ermənistanın müdaxiləsi dayandırılacaq. Bundan başqa, Qarabağ erməniləri arasında Bakı ilə danışıqlara meyllilik artacaq və bölgədə sülhyaratma prosesi müəyyən relsə düşəcək.

İndi Vaşinqtonun vasitəçiliyi ilə ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. Bu görüşdə sülh müqaviləsinin yekun şərtləri müzakirə olunacaq. ABŞ bu məsələnin həllinə kifayət qədər enerji sərf edir. Vaşinqton çalışır ki, bölgədə yeni hərbi toqquşmanın qarşısı alınsın, region sabitlik və əmin-amanlığa qovuşsun.

- Bəs sülh müqaviləsinin müzakirə edildiyi, bununla əlaqədar Bakı və İrəvanın mövqelərinin bir-birinə yaxınlaşdığı vaxtda Qarabağda yeni gərginlik və ya savaşda kimlər maraqlıdır?

- Məsələn, Rusiya Müdafiə Nazirliyi və sülhməramlılarının Azərbaycan ordusunun son əməliyyatları ilə bağlı yaydıqları bəyanat heç bir ölçüyə sığışmır. Rusiyanın siyasi dairələrinin də bununla bağlı qopardıqları “qara qışrıqıq” da bütün diplomatik etiketləri ötüb keçir. Azərbaycan ordusunun “təmas xətti”ni yarıb keçdiyini və bunun “sabitliyin pozulması”na gətirib çıxardığını söyləmək böyük siyasi məsuliyyətsizlikdir.

Azərbaycan öz ərazisinə nəzarəti gücləndirmək üçün uğurlu əməliyyat keçirirsə və bütün bunlar öz torpaqlarında baş verirsə, hansı uydurma təmas nöqtələrindən danışmaq olar? Belə imperiya ədası kimə lazımdır? Yəni bölgədə müharibə atmosgerinin yaranmasında ən böyük dəstəkçi Rusiya, eləcə də onun hərəkətlərinə təkan verən və təqib edən İrandır.

Rusiya və İran ermənilərə çox ciddi yardımlar edirlər, silah-sursat, dronlar göndərirlər. Bölgədə Rusiya ilə koordinasiya edilmiş hərəkətlərin baş verməsi göstərir ki, Tehran və Moskva birlikdə bu regionda yeni münaqişənin yaranması və bundan istifadə edərək bölgədə nəzarəti ələ keçirmək üçün dəri-qabıqdan çıxırlar. Bu iki ölkənin hərəkətləri çox təhlükəli destruktiv addımlar kimi dəyərləndirilməlidir.

Fransanın da yeni qarşıdurma yarada biləcək siyasət yürütdüyünü deməliyik. Hindistan və müəyyən məqamlarda Çinin bölgədə aranı qarışdırmaq üçün göstərdiyi səyləri də diqqətdən yayınmamalıdır. Xüsusən də Rusiya və İran sülhyaratma prosesində əngəllərin yaranması üçün əllərindən gələni edirlər.

Məsələn, Moskva İrəvanın son hərəkətlərini pisləsə də, Rusiya sülhməramlıları Ermənistanda dağ şərtində döyüş əməliyyatlarının aparılması üzrə təlim keçirlər. Bundan əvvəl aviasiya üzrə təlim keçirmişdilər. Rusiya bu təlimlərdə Ermənistan silahlı qüvvələrinin də iştirak etdiyini açıqlayıb. Bildiyim qədər Ermənistanın iki-üç qırıcısı, beş-altı helikopteri var. Bütün bunlar sülhyaratma prosesinə zərbə vurmaq üçün nəzərdə tutulmuş addımlardır və şiddətlə qınanılmalıdır.

- Bəs molla rejimi nə edir?

- İran Ermənistana dron, müxtəlif təyinatlı silahlar göndərir. Bundan başqa, molla rejimi Ermənistan rəhbərliyini ürəkləndirir. Tehran açıq şəkildə İrəvana bildirir ki, icazə verən kimi, İran xüsusi təyinatlıları Zəngəzura daxil ola bilər. İranın bu mövqeyi yeni deyil – o, həmişə Azərbaycana qarşı bütün düşmən cəbhlərində yer alıb.

Bir sözlə, çox təhlükəli proseslər gedir. ABŞ və İsrail İran məsələsində çox qətiyyətli mövqe nümayiş etdirir. İrandan gələn təhdidləri neytrallaşdırmaq üçün lazım olan addımları atırlar. Yəni bölgədə aranı qatmaq və sülhyaratma prosesinə mane olmaq istəyən qüvvələr yetərincədir.

- Bəs vəziyyət niyə indiki məqamda belə təhlükəli hal aldı, bunu hansı amillərlə izah etmək olar?

- Böyük güclər arasında Cənubi Qafqaza nəzarət uğrunda ciddi mübarizə geduir. Rusiya bu mübarizədə özünü “bölgənin ağası” kimi aparır. Moskva Cənubi Qafqazı özünün “arxa bağça”sı hesab edir, imperiya yanaşması ilə regionda gedən proseslərə nəzarət iddiası ilə çıxış edir. Rusiya yenə də bölgənin, xüsusən də Ermənistanın hərbləşdirilməsində aktivdir. Başının Ukraynadakı proseslərə qarışmasına baxmayaraq, cənub istiqamətini özünün əsas “strateji maraq zonası”na aid edən Rusiyanın bu regiondakı pozucu rolu diqqətdən yayınmır.

İranın bölgəyə müdaxilə cəhdləri də zərərli nəticələr doğurur, amma molla rejimi qorxaq və ürkək siyasət yürüdür. Ona görə də, Ermənistana yardım etməsinə baxmayaraq, İranın Azərbaycana qarşı açıq hərəkətə keçəcəyini demək çətindir. Bu, bəlkə də mümkünsüzdür. Amma Avropa Birliyində Fransa kimi İranın ocağına yağ tökmək istəyən digər ölkələr də var. Bütün bunlara rəğmən, Azərbaycan ordusunun son uğurlu əməliyyatları çoxları üçün çəkindirici olacaq.

Azərbaycan ordusu Ermənistanadan Qarabağa gələn dağ yollarını nəzarətə götürməklə həm İrəvana ciddi mesaj verdi, həm də daxildəki separatçılara ciddi xəbərdarlıq etmiş oldu. Düzdür, hər şeyin bir anda qaydaya düşəcəyi fikrində deyiləm, amma Azərbaycan bu cür lokal əməliyyatları davam etdirəcək. Bu əməliyyatlar həm Xankəndi, həm də digər istiqamətlərdə aparılacaq.

Ağdərə-Kəlbəcər yolunun və Sərsəng su anbarına nəzarətin bərpa edilməsi uğrunda da Azərbaycan ordusunun əməliyyatları keçirilə bilər. Bir sözlə, Azərbaycan irimiqyaslı əməliyyatların başlamasının tərəfdarı deyil. Azərbaycan bütün ərazilərində öz suverenliyini bərpa etmək üçün addımlar atır və bu, beynəlxalq hüquq normalarına tam uyğundur. Bu çərçivədə bundan sonra da addımlarımız atılacaq.

Paralel olaraq, yekun sülh müqaviləsinin imzalanması yönündəki fəaliyyətimiz də davam edəcək. Azərbaycanın Ermənistanın torpaqlarında gözü yoxdur. Eyni zamanda, bütün ərazilərdə suverenliyini bərpa etmək üçün addımlarını atmağa davam edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər