7 İyun 2023 09:14
9 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Natiq Miri Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyə səfəri və Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirakı günlərdir ölkəsində müzakirə olunur. Ermənilər bununla bağlı ən müxtəlif iddialar irəli sürürlər. Siz Paşinyanın bu gözlənilməz addımı ilə bağlı hansı fikirdəsiniz?

- Əvvəla, bu bir dəvət səfəri idi. Paşinyan bir qonşu ölkənin hökumət başçısı kimi Türkiyəyə dəvət olunmuşdu, o da bunu qəbul edərək Türkiyə prezidentinin andiçmə mərasimində iştirak etdi. Bu həm Türkiyənin yeni seçilən prezidentinə legitim münasibət, həm də gələcək münasibətlərin bərpası yönündə atılmış ciddi bir təməldir. Paşinyan Ermənistan hökumətinin başçısı kimi dolayı yolla nümayiş etdirdi ki, bütün düşmənçiliyi unudaraq normal qonşuluq münasibətləri qurmağa hazırdır. Məncə, verilən mesajlardan biri də bu idi.

Qənaətimə görə, Paşinyan Ermənistanın bütün siyasi çevrələrindəki şəxslərdən fərqli olaraq düşünür ki, Ermənistanın gələcəyi nə İran, nə Rusiya, nə digər ölkələrlə münasibətlərdən keçir. Buna görə də Qərbə inteqrasiya xəttini götürən Nikol Paşinyan bu yolun Türkiyədən keçdiyini anlayır. Bu səbəbdən də regionun əsas strateji ölkəsi olan iki türk dövləti – Türkiyə və Azərbaycanla normal münasibətlər qurmaq istəyir. Əlbəttə, buna mane olmağa çalışan daxili və xarici amillər var. Birincisi, daxili ictimai rəydir, ikincisi də Rusiyanın Ermənistandakı “5-ci kolon”u və “Qarabağ klanı”dır. Artıq görürük ki, Paşinyan ictimai rəyi buna hazırlamaq üçünü ciddi təbliğat sistemi qurub.

Moskva görüşü öncəsi səsləndirilən sərt bəyanatların mahiyyəti bu idi ki, Azərbaycanla sülhün yeganə alternativi müharibədir. Yəni demək istəyir ki, əgər sülh istəmirlərsə, hər bir erməni ailəsi öz övladını növbəti müharibəyə hazırlamalıdır. Paşinyan da anlayır ki, erməni xalqı yeni müharibəyə hazır deyil. Buna görə də çox seçim qoymur - ya sülh, ya müharibə. Ermənistanın ictimai rəyi buna uzunmüddətli dirəniş göstərə bilməz. Müxalifət bunu “düşmənçilik” kimi qəbul edir, Paşinyanı xalqa “satqın” kimi göstərməyə çalışır və insanları müqavimətə çağırır. Bu qondarma prosesin içində din xadimləri, erməni kilsəsi də iştirak edir. Amma biz Paşinyan hökumətinə qarşı kütləvi etiraz görmürük. Bu da onu göstərir ki, Paşinyan təbliğat baxımından istəyinə nail ola biləcək.

Artıq ictimai rəyi hazırlayan bəyanatlar və sərt anti-Rusiya açıqlamaları verilir, Qarabağın Azərbaycan ərazisi olduğu vurğulanır və sülh müqaviləsinin imzalanacağı mesajları bəyan edilir. Yəni Ermənistanda ictimai rəy sülhə hazırlanır. Digər yandan da Türkiyə ilə münasibətlərin bərpasına yönəlik ciddi bir jest edilir. Hədəf də əhatəli sülhə nail olmaqdır.

- Ermənistandan Rusiyaya yönəlik sərt və açıq mesajlara diqqət çəkdiniz. Necə düşünürsünüz: Ermənistanın Rusiyadan aralanması üçün münbit zəmin varmı?

- Ermənistanın Rusiyadan uzaqlaşması üçün ciddi cəhdləri var. İrəvan Kremlin Azərbaycanla sülh prosesində yer almasını da istəmir. Digər yandan, KTMT-dən uzaqlaşır, artıq Ermənistanın KTMT-nin heç bir toplantısında birinci şəxs səviyyəsində iştirak etmir, bu qurumun qəbul etdiyi sənədləri imzalamaqdan imtina edir. KTMT-nin hərbi təlimlərindən də yayınırlar. Artıq KTMT-dən çıxmaq məsələsi açıq formada qoyulub.

Ermənistan 10 noyabr anlaşmasının 9-cu bəndindən imtina etdi. 9-cu bənddə deyilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında açılacaq yollara Rusiyanın sərhəd qoşunları nəzarət etməlidir. Ermənistan bu ifadədən imtina etdiyini açıqladı. Ermənistan bütün sərhədlərinin öz sərhəd qoşunları tərəfindən qorunmasının vacibliyini bildirir. Yəni Rusiyanı prosesdən uzaqlaşdırmağa çalışır. Bu da o deməkdir ki, tədricən Ermənistanın İran və Türkiyə ilə sərhədlərindəki Rusiya sərhəd qoşunları çıxarılacaq. Buna hazırlıq gedir. Bu da mərkəzdənqaçma prosesinin ən açıq nümunələrindən biridir.

Nəhayət, Ermənistan Rusiyanın Qarabağdakı sülhməramlı kontingetindən narazıdır və açıq şəkildə onları tənqid edir. Bu o deməkdir ki, Ermənistan ciddi şəkildə Rusiyadan uzaqlaşır. Paşinyan son Moskva görüşündə də göstərdi ki, Rusiya platformasında hansısa anlaşmanın əldə edilməsini istəmir. Liderlərin üçtərəfli görüşünün cəmi 20 dəqiqə çəkməsi də bunu göstərdi. Rusiyadan sürətlə uzaqlaşan bir Ermənistan görürük. İstəyir Paşinyanın öz təşəbbüsü, istəyir Qərbin təhriki ilə olsun, əsas budur ki, bu proses gedir.

Sülh müqaviləsinin imzalanmasından, Qarabağın dağlıq hissəsindəki erməni qanunsuz silahlı birləşmələrin çıxarılmasından və separatçı rejimin ləğv edilməsindən sonra növbə Rusiyanın Ermənistandakı hərbi bazalarına çatacaq. Bu gəlişmə Rusiyanın bu ölkədəki bazalarının çıxarılmasını tətikləyəcək. Əslində, Rusiyanı narahat edən ən ciddi məsələlərdən biri budur. Çünki rus qoşunlarının Azərbaycanla (Qarabağ) yanaşı, Ermənistandan çıxarılması da Rusiyanın bütövlükdə Cənubi Qafqazdan çıxarılması anlamına gəlir.

- Xarici işlər nazirlərinin növbəti Vaşinqton görüşündən, ABŞ-ın vasitəçiliyindən gözləntiniz necədir?

- Düşünürəm ki, ABŞ-ın öz əlini daşın altına qoyması və təşəbbüsü ələ alması Fransanın dağıdıcı fəaliyyətinin qarşısını almağa hesablanıb. Çünki Kişinyovdakı görüşdə Makronun öz dağıdıcı missiyasını davam etdirdiyini gördük. Diqqətçəkən bir məqam da Almaniyanın prosesə qoşulmasıdır. Yanlış olaraq düşünürlər ki, Almaniya Fransaya qarşı bir balans üçün bura daxil edilib. Bu belə deyil. Zənnimcə, bir “xristian klubu”nun müsəlman Azərbaycanına qarşı danışıqlar aparması sülh prosesinə töhfə vermir. Əlbəttə, Azərbaycan bununla razı ola bilməz. Kişinyovda elementar bir bəyanatın imzalanmaması da bunu ortaya qoydu. Buna görə də ABŞ Vaşinqton və Brüsseldə əldə edilmiş anlaşmalar, mövqelərin yaxınlaşması çərçivəsində geridönməz proses yaratmaq istəyir. Ən azı ərazi bütövlüyünün qarşılıqlı tanınması və Qarabağ məsələsinin birdəfəlik həllinin formulunun tapılmasına cəhd edir.

ABŞ Dövlət Departamenti Azərbaycan prezidentinin Moskva görüşündən öncə separatçı rejimin özünü buraxacağı təqdirdə amnistiyaya düşə biləcəyi ilə bağlı bəyanatını təqdir etdiyini açıqladı. Bu da o deməkdir ki, ABŞ həllin bu formulunu dəstəkləyir. Bu da Azərbaycanın mövqeyini gücləndirən amildir. Əslində, sülh müqaviləsinin imzalanmasını çətinləşdirən məsələ Qarabağla əlaqəlidir. Bu məsələ tam həll olunmalı və Ermənistan öz mövqeyini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində təsdiqləməlidir ki, sülh müqaviləsi sürətlə imzalansın.

Sərhədlərin delimitasiyasına gəlincə, bu, uzunmüddətli məsələdir. Bunu illərlə danışıb, ayırıcı xətləri müəyyən etmək mümkündür. Məsələn, bu gün də Azərbaycan və Gürcüstan sərhəd məsələsini müzakirə edir. Ermənistanla da edə bilərik. Ona görə də sülh müqaviləsi ilə bağlı açar məsələ Qarabağla bağlıdır. Ermənistan ərazimizə əsassız iddiaya son qoyduğunu rəsmən təsdiqləməlidir ki, bu sazişi imzalamaq mümkün olsun. Bunun üçün də Ermənistanın Qarabağın dağlıq hissəsində qalan qoşunları çıxarılmalıdır. Ermənistan bu addımı atsa, məsələləri çözmək daha asan olacaq. Bunun alternativini isə Ermənistanla yanaşı, onun havadarları, Rusiya və Qərb də bilir. Azərbaycan bu prosesin uzun çəkməsinə uzun müddət dözməyəcək. Necə ki Laçın yolunda sərhəd-buraxılış məntəqəsini özümüz qoyduq, qalan məsələləri də birtərəfli qaydada beynəlxalq hüquq normaları çərçivəsində özümüz həll edə bilərik. Əvvəl antiterror əməliyyatları, sonra separatçı rejimin ləğvi və sair.

Azərbaycan bu addımları özü atsa, ABŞ-ın, ümumən Qərbin bu prosesdəki mövqeləri zəifləyəcək. Əlbəttə, ABŞ da, Avropa Birliyi də bunu istəməz. İndi ABŞ-ın imkanı var, bu imkanı fürsətə çevirə bilsə, prosesi finişə çatdırmaq mümkün olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu