Politoloq Yeganə Hacıyeva Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Ermənilər Azərbaycanla şərti sərhəddə yerləşən Arazdəyəndə Amerika investisiyası ilə tikilən metallurgiya zavodunun ərazisində ABŞ bayrağı qaldırıblar. Sizcə, ermənilərin tez-tez təxribat törətdikləri bu istiqamətdəki addımları nə ilə əlaqəlidir?
- Ermənistan ötən illər ərzində Azərbaycanla sərhəddə və işğal etdiyi ərazilərdə məqsədyönlü ekoloji cinayətlər törədib. Bu, Ermənistanın təcavüzkar siyasətinin başqa bir formasıdır. Bu, ekoloji işğal faktıdır. Şəhər və kəndlərimiz işğal dövründə tamamilə dağıdıblar, yerlə-yeksan ediblər. Bunun tərkib hissəsi kimi Kəlbəcər və Zəngilan rayonlarında təbii sərvətlərimizi İsveç və Fransa şirkətləri tərəfindən qanunsuz istismar edilib. Onları bura cəlb edənlər də ermənilər olub. Araşdırma zamanı o da məlum oldu ki, bu şirkətlər Fransa və ya İsveçrədə qeydiyyatdan keçsələr də, etnik ermənilərə məxsusdur. İndi Ermənistan bu siyasətini Azərbaycanla şərti sərhəddə davam etdirir. Məsələn, Arazdəyəndə “xarici investisiya” ilə zavodun tikildiyini deyirlər. Araşdırmamışam, amma mənim fikrimcə, bu şirkətin (“GTB Steel”) adı “Amerika” olsa da, ABŞ-da fəaliyyət göstərən hansısa erməniyə və ya erməni ailəsinə məxsus ola bilər. Hətta Rusiyanın Ermənistandakı bir sıra şirkətlərinin mülkiyyətləri də Rusiyada yaşayan etnik ermənilərə aiddir. Söhbət çoxluqdan gedir. Fikrimcə, burda da belə bir variant ola bilər.
Məsələdə başqa məqsədlər də var. Ermənistan Azərbaycanla münasibətlərin korlanmasında özünə tərəfdaş axtarır. Ermənilər hesab edirlər ki, ən böyük tərəfdaş kimi ABŞ-ı bu prosesə cəlb edə bilərlər. Onların fikrincə, orada ABŞ bayrağı olsa, Azərbaycanı cilovlaya bilərlər. İkinci məsələ budur ki, Arazdəyən Kərki anklavına yaxındır. Bir də ki, hələlik sərhədlər müəyyən deyil, yəni Amerika bayrağının asıldığı Arazdəyən kəndinin də kimsə məxsus olduğu naməlumdur. Azərbaycan bildirir ki, bu ərazilər ona məxsusdur. Həmin kənd Kərkinin düzənliklərinə aiddir. Əgər Ermənistan hesab edirsə ki, belə deyil, onda oturub bunu müzakirə etməliyik. Heç nə bəlli olmadan şərti sərhəddə belə bir təsisat tikmək və oradan bayrağını asmaqla ABŞ-ı prosesə cəlb etmək səyləri primitiv cəhdlərdir. Bunlar heç nəyi dəyişməyəcək.
Başqa bir vacib məqam budur ki, Ermənistan Azərbaycanla sərhəddə ekoloji vəziyyəti pozmaq fəaliyyəti yürüdür. Laçın və Kəlbəcər azad edildikdən sonra gördük ki, termal suların qurudulması nəticəsində adları “Qırmızı kitab”da olan nadir bitkilər və meşə zolaqları məhv edilib. Bir xalqın, bir dövlətin təhlükəsizliyi həm də onun ekoloji təhlükəsizliyi ilə bağlıdır. Bir bölgədə ekoloji təhlükəsizliyin pozulması qlobal ekoloji təhlükəsizliyə də təhdiddir. Ermənistan da otuz illik işğal dövründə “yandırılmış torpaq taktikası” ilə şəhərlərimizi, kəndlərimiz, meşələrimizi məhv etdi. Ərazilərimizi azad etdikdən sonra bu faktları bütün beynəlxalq təşkilatların qarşısına qoyduq, amma birindən Ermənistana bir irad eşitmədik. Buna görə də ermənilər hesab edirlər ki, ekoloji terroru davam etdirə bilərlər.
- Mövcud gərginlik Zəngəzur dəhlizi məsələsini yenidən aktuallaşdırıb və bu fonda müxtəlif geosiyasi oyunçuların fəallığını görürük. Xüsusən də bu dəhlizin keçəcəyi Zəngəzurda. Bəs bu gəlişmə prosesə necə təsir göstərə bilər?
- Ən müxtəlif qüvvələrin Ermənistana cəlb olunması uzunmüddətli perspektivdə bu ölkənin mövcudluğunu sual altında qoyur. Bu, Azərbaycan, ümumilikdə, region üçün də risklər yaradır, bölgəni oda atır. Bir Paşinyan özünü qorusun deyə, bütün regionu oda atmağa çalışır. Çünki region Ermənistanın vecinə deyil. Ermənistanın bura bir bağlılığı yoxdur. İndi Paşinyan Avropa Birliyini, ABŞ-ı, İranı, Fransanı, Rusiyanı ölkəyə dəvət edir. Bu konfiqurasiyasda həm də bir sövdələşmə elementi var, söhbət daxili anlaşmadan gedir. Paşinyan bir-birinə zidd qüvvələr arasında “çarpaz balans” siyasəti yürütməyə çalışır. Ağlı başında olan adam bilir ki, bu qüvvələr arasında ortaq dil tapmaq mümkün deyil.
Ermənistan hər birinə ayrı-ayrı sözlər verir, birinin yanında digərinin əleyhinə ifadələr işlədir. Pulu Avropa Birliyindən alır, müdafiə sözünü Rusiyaya verir, İrana “siz də varsız” deyir və sair. Bütün bunlar isə Ermənistana yaxşı heç nə vəd etmir.
- Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə Qarabağın Azərbaycan ərazisi olduğuna eyham vurdu. O, erməniləri Qarabağla əlaqədar boş ümidlərə qapılmamağa çağırdı. Paşinyan son günlərdə tez-tez Qarabağın Azərbaycan ərazisi olduğunu deyir. Bəs bunu əməldə - rəsmi sənəd üzərində nə vaxt təsdiqləyəcək?
- Ermənilər 200 il əvvəl bu bölgəyə yerləşdirilib və bu coğrafiya ilə bağlı bir ssenari cızılıb. Bölgə rus imperiyasının tərkibində olanda və burada bir dövlət olmayanda etnik müxtəliflik arasında bir sabitlik olub. Rus imperiyası dağılıb müstəqil dövlətlər yarandıqdan sonra isə sülh və sabitlik yoxdur. Ümumiyyətlə, resurslarla zəngin bölgələrdə heç vaxt sülh olmur. İndi bölgədə ən zəngin resurslara malik ölkə Azərbaycandır. Amma məsələ təkcə bununla bağlı deyil, bura nəqliyyat resursları da daxildir. Şimaldan Cənuba, Şərqdən Qərbə və əks istiqamətlərdə daşınan yüklərin hamısı buradan keçir. Bu, tükənməz resursdur. Neft, qızıl, qaz və sair bitə bilər, amma bu resurs tükənməzdir. Qədim Çin dövründən Böyük İpək Yolu buradan keçir. İkinci yol yenə də buradan keçir. Bu planetdə, bu coğrafiyada daşınmalar üçün başqa alternativ yoxdur - yollar buradan keçir.
Bölgədə həmişə Ermənistandan istifadə edərək öz maraqlarını həyata keçirmək istəyənlər var. Bu həmişə olub və olacaq. Məsələn, Rusiyanın nə vaxtsa Ermənistana təsir və təzyiqləri azalsa, onda ermənilər regiona daha ciddi təhlükələri atacaqlar. Çünki dövlət olmaq istəyəndən bəri ermənilərin dövlətçilik təfəkkürləri yoxdur. Ermənistan dövlətçilik yox, qazanc təfəkküründən çıxış edir. Məsələn, Azərbaycan 1990-cı illərdə öz enerji layihələrinin və kommunikasiya xətlərinin təməlini atdan Gürcüstana müəyyən jestlər etmişdi. Çünki uzunmüddətli dövrdə bu işlərin alınması üçün bu lazım idi. Bu, jestlər dövlət ədəbi idi. Yəni əgər sən bir yol salmaq istəyirsənsə, bunu üsuluna görə etməlisən. Ermənistanın isə belə bir ənənəsi yoxdur, çünki dövlətçilik təfəkkürü yoxdur, kənar güclərin əlində alətdir – dövlət deyil.
Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması məsələsinə gəlincə, tanıyıb-tanımamasından asılı olmayaraq, Azərbaycana qarşı ərazi iddiası ümumerməni ideologiyasının nüvəsini təşkil edir. Bu zəhərli ideologiya onlara Azərbaycan ərazilərini tanımağa mane olur. Bu ideologiyanı onlara kənardan veriblər. Çünki xalqları dəyərləndiriblər və hesab ediblər ki, öz məqsədləri üçün yalnız onlar işləyə bilərlər, yalnız onlardan maraqlar üçün istifadə etmək olar. Əbəs yerə demirik ki, biz 44 günlük müharibədə təkcə Ermənistana qalib gəlməmişik, həm də ümumerməni ideologiyasını sındırmışıq. İndi bu xəstə təfəkkür dirəşməyə çalışır. Bu, sağalmayan xəstəlikdir. Erməniləri bu zəhərli ideologiya və təffəkkürdən uzaqlaşdırmaq üçün Azərbaycanın atmalı olduğu sistemli addımlar var.