Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Rusiya sülhməramlıları Həkəri körpüsündə (Laçın) Azərbaycan bayrağının asıldığı dirəyi aşırdılar. Sizcə, rus hərbçilərinin bu sayğısızlığı və təxribat xarakterli davranışları nə ilə əlaqəlidir?
- Rusiya sülhməramlılarının burada olduğu müddətdə etdikləri qanunsuz hərəkətlər, özbaşınalıqlar və bölgəni qarışdıran davranışlarını toplasaq, böyük bir qovluq alınar. Həyasızlıqları öz pik nöqtəsinə onda çatdı ki, bayrağımızın asıldığı dirəyi aşırdılar. Bu, bizim ərazimizdə yerləşən bir xarici dövlətin mandatı olmayan silahlı qüvvələrinin Azərbaycana qarşı çox böyük təhqiramiz hərəkətidir. Rusiyaya lazımi mesajı verib, ardınca, adı “sülhməramlı” olan bu qüvvələrə axırıncı dəfə xəbərdarlıq etməliyik.
Sülhməramlılar indi də bölgəni qarışdırmaqda davam edirlər, separatçıların tam yanlarındadır, onları həm silahlandırırlar, həm də təlim keçirlər. Sözün əsl mənasında, əsəblərimizlə oynayırlar. Azərbaycan sülhməramlıların özbaşınalıqlarını ümumiləşdirərək, Rusiya Müdafiə Nazirliyi və siyasi rəhbərliyi qarşısında məsələ qaldırmalıdır. Onlarla bağlı lazımi ölçünün götürülməsi tələb olunmalıdır. Əgər Rusiya rəhbərliyi bununla bağlı tədbir görməsə, onda Azərbaycan sülhməramlıların ərazilərimizdən çıxarılması işinə başlamalıdır. Açıq şəkildə bildirməliyik ki, Rusiya sülhməramlıları bizim ərazimizdə bizə qarşı fəaliyyət göstərirlər, başqa məqsədlər güdürlər. Bu səbəbdən də bölgədə sabitliyin təmin olunması üçün Rusiya sülhməramlıları ərazilərimizdən çıxarılmalıdır.
- Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan ordusunun mümkün antiterror əməliyyatlarından danışarkən dedi ki, sülhməramlılar yerdəki vəziyyətə və 10 noyabr anlaşmasına uyğun davanacaqlar. Zaxarovanın “yerdəki vəziyyətə uyğun” mesajı insanlarımızda təhdid alqısı yaratdı. O, bundan əvvəl də Qarabağla bağlı xoşagəlməz açıqlama vermişdi. Sizcə, Rusiya niyə ritorikasını sərtləşdirir?
- Rusiya artıq görür ki, qatar gedir. İndi bu gedən qatarın arxasında hədələr yağıdırır. Rusiya yaxşı başa düşür ki, vasitəçilik missiyasında ABŞ, ümumən kollektiv Qərb onu qabaqlayır, gec-tez məhz onların səyləri ilə bu proses həllini tapacaq. Üstəgəl, ABŞ-ın İrəvandakı səfirinin Qarabağ erməniləri ilə bağlı prinsipial mövqe sərgiləməsi və onların Azərbaycan cəmiyyətinə inteqrasiyasının vacibliyini bildirməsi, Rusiya üçün də sərt cavab oldu. Bu, erməniləri də dalana dirədi. Rusiyanın bu yeni situasiyaya hansı münasibətdə olduğunu Mariya Zaxarovanın yanaşmasından da aydın görmək olur.
ABŞ-ın Azərbaycanın haqlı mövqeyini müdafiə etməsindən əsəbləşiblər və özlərini bu bölgənin “koxa”sı kimi aparmağa çalışırlar. Ritorikalarını da ciddi şəkildə dəyişiblər. Zənnimcə, bunların heç bir əhəmiyyəti yoxdur. Müəyyən çətinliklər ola bilər, amma bölgədə Türkiyə və qüdrətli ordusu olan Azərbaycan var. Eyni zamanda, qarşımızda günbəgün zəifləyən, ictimai-siyasi və iqtisadi böhran içərisndə çırpınan Rusiya mövcuddur. Artıq diktə edən Rusiya yox, Azərbaycandır. Qarabağ erməniləri də Bakı ilə danışıqlara getməyə hazır olduqlarını bildiriblər. Araik Arutyunyanın özü bunu dilə gətirib.
Bir sözlə, bölgədəki proseslər Rusiyanın istəmədiyi məcrada getdikcə, o, daha da əsəbləşir. Rusiyanın müxtəlif rəsmi və vəzifəli şəxsləri həzm edə bilmədikləri bu durumla bağlı ağızlarına gələni danışırlar. Bir qədər qanqaraldıcı olsa da, bu vəziyyətdən də keçəcəyik, digər ərazilərimizdə də bütövlüyümüz və suverenliyimiz tam bərpa olunacaq.
- Sizin də dediyiniz kimi, Qarabağ ermənilərinin reinteqrasiyası gündəmin əsas mövzusudur. Araik Arutyunyan da etiraf edir ki, Bakı ermənilərlə yalnız bu məsələni müzakirə edir. Bəs bu proses hansı formada reallaşacaq?
- İlk növbədə, danışıqlar yolu ilə. Bakı bunun üçün lazım olan işləri görür, mülki ermənilərlə əlaqələr yaradır. Hətta qondarma rejimdəki müəyyən şəxslərlə də əlaqələr var. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə həllini tapa bilər. Bu istiqamətdə səylərimiz var və olacaq. Eyni zamanda, Azərbaycan illüziyaya qapılmır və yalnız buna arxayın olmaq fikrində deyil. Çünki ermənilər həmişə vaxt udmağa və gecikdirilmiş zamandan öz təxribatları üçün istifadə etməyə çalışırlar, buna öyrəşiblər. Ona görə də, biz bu məsələdə ehtiyatlı olacağıq. Bu səbəbdən də, çalışacağıq ki, ilk növbədə, məsələ danışıqlar və mülki əhali ilə təmaslar yoluyla həllini tapsın. Bu baş verməsə, ağa durur, Ağacan durur, yəni əks halda, Azərbaycan ordusu bu saxta status-kvonu pozmaq üçün yenidən fəaliyyətə başlamaq məcburiyyətində qalacaq.
- Baş separatçı Araik isə söyləyir ki, Bakı ilə aralarında Moskvanın vasitəçi olmasını istəyirlər. Rusiyanın mövqeyi bəllidir, bizim üçün qəbuledilməzdir.
- Bu, qəti surətdə mümkün olmayacaq. Biz separatçıların “diktə”si ilə işləmirik. Azərbaycan dövlətinin özü xətti və siyasəti var, diktə edən də odur. Ruslar da buradakı “missiya”larını başa çatdırıblar. Azərbaycanın bir hissəsində yaşayan insanlarla mərkəzi hakimiyyətin nümayəndələri arasında xarici dövlətin vasitəçi olmasına heç vaxt razı ola bilmərik, olmayacağıq. Araikin “təklif”i təxribatçıdır, ruslarla bizi üz-üzə qoymaq niyyətidir. Praktikada bunların heç biri olmayacaq. Üstəgəl, ABŞ və ya Qərb də belə bir vasitəçiliyin olmasını istəmir.