Politoloq Yeganə Hacıyeva Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Yeganə xanım, Azərbaycanla Ermənistan arasında sonuncu Brüssel görüşündə bir çox məsələlər ilk dəfə olaraq gündəmə gətirildi. Qərbi Azərbaycan İcmasının geri dönüşü, Zəngəzur dəhlizi üzrə dəmir yolu xəttinin konkret maliyyələşməsi, sərhədlərlə bağlı 1991-ci ilin Almatı sənədlərinə istinad edildiyi açıqlandı. Bu gün ortada olan prinsiplər üzərində Cənubi Qafqazda sülhü necə təsəvvür edirsiniz?
- Bölgədə sülhün təsəvvürü keçmiş köçkünlərin geri qayıtması ilə bağlıdır. II Qarabağ müharibəsindən sonra azərbaycanlılar öz torpaqlarına qayıtdıqları kimi Qərbi Azərbaycanlılar da ata-baba yurdlarına geri dönməlidir. Ermənistan hakimiyyəti bütün öhdəliklər daxilində bu məsələlərin həllini təmin etməyə borculudur. Çünki Qərbi azərbaycanlılarla bağlı öhdəlik birbaşa Ermənistan hakimiyyətinin vəzifəsidir. Bununla yanaşı bölgədə kommunikasiyaların açılması, üçtərəfli razılaşmanın 4-cü bəndi, delimitasiya-demarkasiya məsələləri, erməni silahlılarının ərazidən çıxarılması ümumi kompleks şəklində atılmalı olan addımlardır. Ermənistan tərəfi də bu prinsiplərə uyğun addımlar atmalıdır. Burada vacib olan məqam Qərbi Azərbaycanlıların ləyaqətli şəkildə öz yerlərinə qayıdışı ilə bağlı Ermənistanın müəyyən kommunikasiyalara başlamasıdır. Əslində bu məsələdə Ermənistanın başqa çıxış yolu yoxdur. Çünki Ermənistan tərəfi müharibənin bitdiyini elan edib üç tərəfli razılaşmaya imza atıbsa, bundan öncə olan məsələləri həll etməlidir. Yəni, Qərbi Azərbaycanlıların öz dədə-baba yurduna qayıdışını təmin etməlidir. Əks halda bununla beynəlxalq qanunlar işə düşəcək. Bununla bağlı dünyada bir neçə president var. Beynəlxalq Ədalət Məhkəməsi müharibə və konfiliktli situasiyalarda öz yerlərindən çıxarılmış vətəndaşları geri qaytarmaq haqqında qərar qəbul edib. Burada da köçürmə ilə bağlı xərclər məhz yerli hökumətin üzərinə qoyulur. Bununla da bağlı beynəlxalq reystr formalaşıb ki, xərclərin hamısını o əhalini öz ərazisindən çıxaran dövlət çəkir.
- Son dövrlər Azərbaycanla Rusiya arasında gərginlik yaşanır. Xarici İşlər nazirlikləri qarşılıqlı olaraq bəyanatla çıxış etdi. Sizcə, münasibətlərin indiki mərhələdə belə səviyyəyə düşməsinə səbəb nədir?
- Fakt odur ki, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıqla bağlı imzalanan bəyannamə ratifikasiya olunmayıb. Azərbaycan Milli Məclisi bu sənədi hələ ratifikasiya edib Prezidentin təsdiqinə göndərməyib. Rusiya tərəfi də bu sənədi təsdiqləməyib. Eyni zamanda qarşıdakı dövrdə də bu sənədin təsdiqlənməsi gözlənilmir. Ona görə də, bu sadəcə olaraq bəyannamə hesab edilir. Bu addımlar kompleksini özündə əks etdirən sənəddir. İki dövlət arasında strateji tərəfdaşlıq haqqında saziş qüvvəyə o halda minir ki, ölkə parlamentləri onu ratifikasia edir və prezidentlər həmin sənədi təsdiq edir. Bundan sonra həmin sənəd hüquqi qüvvəyə minir.
- Sizcə, ikitərəfli strateji tərəfdaşlıq sənədinə imza atmış dövlətin bir il sonra belə yanaşma sərgiləməsi nədən qaynaqlanır?
- Bu heç də Rusiya dövlətinin maraqları hesab edilmir. Rusiya dövləti daxilində olan bəzi qrupların maraqlarından belə mənzərə yaranır. Burada da erməni lobbisi güclü imkanlara malikdir. Fakt odur ki, Rusiya Xarici İşlər nazirliyi və nazirlər kabineti erməni lobbisinin əlindədir. Ona görə də, onlar bu gün Rusiya tərəfindən hansı qərarı istəsələr çıxara bilirlər. Amma ümumilikdə Rusiyanın gizlin münasibətləri indi üzə çıxır. Burada biz Rusiya xarici siyasətini İranla da müqayisə edə bilmərik. Çünki bu İranın xarici siyasəti qədər riyakar deyil. Ötən günlərdə İran yenə də Azərbaycanla sərhəddə qoşunların hazırlıq vəziyyətini yoxlayırdı. Amma üzdə Azərbaycanla münasibətlərin yaxşılaşması haqqında danışırlar. Ola bilsin ki, Rusiya Xarici İşlər naziri erməni olmasa idi bəlkə onlarda bu cür yanaşma sərgiləyərdi. Reallıq odur ki, onlar səmimi olaraq anti-Azərbaycan mövqelərini ortaya qoydular. Vəziyyət o həddə çatdı ki, Rusiya XİN-nin sözçüsü Azərbaycanın ərazi bütövlüyünü tanımamqla bağlı açıqlama verdi. Sözsüz ki, Azərbaycanın Rusiyadakı səfiri bu bəyanatı geri oxutdurdu. Əslində aşağı-yuxarı oxşar fikirləri Valdayda prezident Putin də demişdi.
- Amma Putinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlaması var ...
- Putin Qarabağın statusu ilə məsələsinin gələcəyə saxlanması ilə bağlı açıqlaması bir ölkənin ərazi bütövlüyünün pozulması, tanınmaması deməkdir. Çünki bu Azərbaycan Konstitusiyasına ziddi olan bir yanaşmadır. Bu etnik muxtariyyət istəyidir. Ölkə Konstitusiyası isə bunu rədd edir.
- Bu məsələlər niyə indi və məhz bu mərhələdə üzə çıxır?
- Rusiya özü üçtərəfli razılaşma əsasında prosesləri apara bilmir. Bu ayın əvvəlində Azərbaycan, Ermənistan və Rusiya arasında delimitasiya və demarkasiya üzrə baş nazirlərin müavinləri səviyyəsində görüş baş tutdu. Amma bu da problemin həlli demək deyildi. Ona görə də, sülh müstəvisində ən faydalı məkan ABŞ formatıdır.