9 Sentyabr 2023 14:45
4 817
12 Punto 14 Punto 16 Punto 18 Punto

1988-ci il fevralın 12-13-dən başlayan hadisələr Azərbaycana qarşı ermənilərin Qarabağda qiyam qaldırması, itaətsizlik göstərməsi “miatsum” şüarı, Ermənistana birləşmə şüarı ilə nəticələndi. Bu proses sonrakı dövr də davam etdi. Təbii ki, SSRİ dövrü olduğu üçün hər şey Moskvadan idarə olunurdu. Meydana çıxanlar, söz deyənlər, proseslərə rəhbərlik edənlər də Moskvanın agentura şəbəkəsinin üzvləri idi. Sərkisyan-Köçəryan həmin dövr gənc nəsl separatçılar sırasında yer almışdı. Bunlardan qabaq Atayan, Dadamyan, Poqosyan, Manuşarov, Davityan, Gevorkovun rəhbərliyi ilə başlanan separatizm çağırışları daha sonra SSRİ-nin daha gənc agenturasına ötürüldü.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, o vaxt Qarabağda olan separatçılar Ermənistana birləşmək haqqında qondarma bir qərar çıxarmışdılar:

“Ermənistan ali soveti isə həmin vaxt “Dağlıq Qarabağın” Ermənistana birləşdirilməsi məsələsini qaldırmışdı. Bunlar sözsüz ki, o vaxt SSRİ-nin, birbaşa Moskvanın razılığı ilə baş verirdi. Əks təqdirdə bunları etmək mümkün deyildi. Nəhayət, 1991-ci il sentyabrın 2-də separatçılar özləri üçün Qarabağda “respublika” elan etdilər. O vaxt separatçılar qanunsuz olaraq burada özlərinə “prezident” seçdilər, “parlament” formalaşdırdılar. İndiyə kimi də bu xuntanın “fəaliyyəti” davam edir”.

Deputat hesab edir ki, indi separatçılar üçün artıq sonun başlanğıcıdır:

“Çünki Azərbaycanı xunta rəhbərliyindən Araik Arutunyanın yerinə kimin gələcəyi qətiyyən maraqlandırmır. Azərbaycanın bu gün əsas hədəfi ərazisində qanunsuz olaraq fəaliyyət göstərən separatizmin kökünün birdəfəlik kəsilməsidir. Sözsüz ki, xarici havadarları Ermənistanı və separatçıları ümidləndirir. Amma onlar unudur ki, Qarabağ Azərbaycanın ərazi bütövlüyü və suverenliyi daxilindədir. Xankəndi ölkəmizin şəhərlərindən biridir. Azərbaycan heç kimdən razılıq almadan separatizmin kökünü kəsmək, ərazini Ermənistana məxsus qanunsuz silahlı birləşmələrdən təmizləmək ixtiyarına sahibdir. Qısa zamanda antiterror əməliyyatları ilə buna son qoyulacaq. Başqa seçim qalmayıb”.

Elman Məmmədova görə, Azərbaycan II Qarabağ müharibəsindən sonra bölgədəki strateji yüksəkliklərə nəzarət edir:

“Vaxtilə Ağdərədən Şərq istiqamətində Kəlbəcər-Basarkeçər yolu ilə ermənilərə kömək gəlirdi. İndi həmin ərazilər Azərbaycanın nəzarətindədir. Fərrux və Kətik dağı yüksəkliyi, Şuşa istiqamətindən isə Xankəndi-Əsgəran nəzarətdə saxlanılıb. Azərbaycan Ordusu burada olan bütün prosesləri müşahidə edir. Ona görə də, Ermənistan və onun dəstəklədiyi separatçı rejim sonun necə bitəcəyini düşünməlidir”.


Müəllif: Tapdıq Qurbanlı