Prezident İlham Əliyevin oktyabrın 8-də Gürcüstana rəsmi səfəri iki qonşu, dost dövlət arasında əlaqələrin daha da sıxlaşması baxımından olduqca əhəmiyyətlidir. Səfər zamanı keçirilən görüşlər buradan verilən bəyanatlar çox mühüm məsələləri özündə ehtiva edir. Qonşu Gürcüstanla ölkəmiz arasında əməkdaşlıq davamlı xarakter daşıyır. Ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələri getdikcə daha da güclənir. Bu kimi ənənəvi görüşlər ölkələri və xalqların daha da yaxınlaşmasında mühüm önəm kəsb edir. Azərbaycan və gürcü xalqı arasında olan yüksək münasibətlər Cənubi Qafqazın ümumi inkişafına da müsbət təsir edir. Əsrlər boyu mövcud olan mehriban qonşuluq, dostluq hər iki ölkənin əlaqələri daha yüksək səviyyədə təmin etməsində başlıca amil hesab edilir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor Azərbaycan-Gürcüstan münasibətləri ölkələrin eyni mövqedən çıxış etməsində, sarsılmaz dəyər və əlaqələrdə, tarixi şəxsiyyətlərə olan münasibətlərdə də özünü təsdiq edir: “Ümummilli Lider Heydər Əliyevin 100 illiyi Azərbaycanla yanaşı Gürcüstanda da yüksək səviyyədə qeyd edilir. Bu Gürcüstan dövlətinin və xalqının tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevə olan hörmət və ehtiramının bariz nümunəsidir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin dostluğunun çox böyük tarixçəsi var. Sovet dövründə onlar bir-biri ilə sıx təmasda olub. O vaxt sovet Gürcüstanı və sovet Azərbaycanın rəhbərləri kimi xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstəriblər. Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı, cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənib. Məhz onların fəaliyyəti nəticəsində sonradan müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlayıb. Məhz bu tarixi ənənələr kontekstində Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olması olduqca vacib amildir. Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Bütün beynəlxalq təşkilatlarda hər iki dövlət bir-birinin yanında olub. Çünki ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir. Ona görə də, ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır”.
Deputat hesab edir ki, Prezident İlham Əliyev və Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin mətbuata vermiş olduğu birgə bəyanatda üç il bundan əvvəl II Qarabağ müharibəsinin nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü, ötən ay isə bütün ölkə üzrə suverenliyinin təmin etdiyinin vurğulanması bir sıra vacib mesajları ehtiva edir: “Azərbaycan bu gün Ermənistanla sülh müstəvisində ciddi addım atmağa hazırdır. Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalar aparılır. Əgər buna nail olunsa zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Bununla da Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilər və bir çox sahələr üzrə əməkdaşlıq üçün yeni imkanlar açılar. Reallıq odur ki, hazırda bir neçə ölkə və bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə öz dəstəyini göstərməyə çalışır. Bu kontekstdə tarixi əlaqələr, coğrafi amil Gürcüstanın rolunu gündəmə gətirmiş olur. Azərbaycanla Gürcüstan arasında enerji, nəqliyyat sahəsində çox böyük əməkdaşlıq planları var. Eyni zamanda qarşıdakı dönəm üçün əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik mövcuddur. Azərbaycan Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilər. Anakliya limanı və Kulevi limanı əməkdaşlıq imkanlarını genişləndirmək mühüm təsirə malikdir. Eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək. İki ölkə arasındakı energetika sahəsində ənənəvi sahələrdən başqa “Yaşıl enerji dəhlizi” layihəsi də mühüm amil kimi önə çıxır. Bu istiqamətdə Azərbaycan və Gürcüstan Avropa ölkələri ilə sıx əməkdaşlıq edir”.
Millət vəkili Azərbaycanın öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstanın mühüm tranzit imkanlarından bəhs edib: “Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var. Bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Bu münasibətlərin daha da möhkəmlənməsində Prezident İlham Əliyevin və Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin xüsusi rolu var. Məhz bu baxımdan da cari səfər Prezident İlham Əliyevin Gürcüstana sayca 11-ci səfəri idi. Bundan əvvəl ötən il oktyabrın 24-də dövlətimizin başçısı Gürcüstanda (Mçxetada) işgüzar səfərdə olub. Eyni zamanda, bu il aprelin 7-də Gürcüstanın baş naziri İ.Qaribaşvili ölkəmizə (Qəbələyə) işgüzar səfər edib. Bu iki səfər Azərbaycan Prezidentinin və Gürcüstan baş nazirinin görüşlərinin müntəzəmliyini artırıb, səfərlərin paytaxtlara deyil, bölgələrə həyata keçirilməsi kimi yeni bir ənənə yaradıb”.
Eldar Quliyev vurğulayıb ki, 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ilə ölkələr arasında strateji tərəfdaşlığın əsası qoyulub: “Diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə münasibətlərin 30-cu ildönümü qeyd olunub. Hər iki ölkə arasında indiyə kimi ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb. Həmçinin ölkələrimiz arasında parlamentlər səviyyəsində də fəal əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki ölkənin qanunverici orqanlarında birgə işçi qrupları var Eyni zamanda Azərbaycanla Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi var. Bununla yanaşı ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya 2004-cü ildən etibarən fəaliyyət göstərir. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 771 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarətin saldosu isə müsbət 500 milyon ABŞ dolları olub. Ümumilikdə Gürcüstandan Azərbaycana 279 milyon, Azərbaycandan Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya qoyulub. Təbii ki, Azərbaycanla Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regiondan keçən yük axınının həcmini dəfələrlə artırıb. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir. Bütün bunlarla yanaşı Azərbaycanla Gürcüstan arasında mədəni-humanitar əməkdaşlıq da yükəsk səviyyədədir. Gürcüstanda 233 min soydaşımız yaşayır və onlar bu ölkənin mədəni istisadi, siyasi həyatında aktiv formada təmsil olunur. Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələr var. Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə mövcuddur. Ulu Öndərin Gürcüstanla əlaqələrə vermiş olduğu böyük önəm bu gün ən yüksək formada tərənnüm edilir. Həmçinin Gürcüstanda azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, “ERA Teatrı” və yeni yaradılmış “Beez” Uşaq teatrı, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi də fəaliyyət göstərir ki, bunlar bütün sahələrdə əlaqələrin və qarşılıqlı hörmətin bariz nümunəsi hesab olunur”.