29 Noyabr 2023 09:32
7 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan Qərbə inteqrasiya xətti tutub. Bu proses də Ermənistanın Rusiyanın lider olduğu formatları boykot etməsi və Moskvaya yönəlik sərt ittihamları ilə müşayiət olunur. Üstəgəl, Kremlin İrəvana yönəlmiş, artıq təhdid və hədə dilinə keçən bəyanatları ilə. Bu prosesdən gözləntiniz nədir, hansı gəlişmələr ola bilər?

- İkitərəfli münasibətlərdəki mövcud gərginlik 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra başlayan prosesin davamıdır. Rusiya post-sovet məkanında inqilabla hakimiyyətə gələn qruplar, liderlər və ya partiyalara dözümsüz mövqe sərgiləyir. Bunu əvvəllər Gürcüstan, Ukrayna və Moldovanın timsalında görmüşük, indi də Ermənistanın. Ukrayna xarici bu ölkələrlə müqayisədə Ermənistandan Rusiyaya göstərilən müqavimət, verilən bəyanatların sərtliyi göstərir ki, İrəvan kənardan ciddi dəstəyə malikdir, ilk növbədə Qərbdən. Təkcə Qərb deyil, Ermənistan İranla da çox sıx əlaqələrə malikdir, Hindistanla hərbi əməkdaşlıq qurur. Nəhayət, Ermənistan ərəb ölkələri ilə münasibət qurmağa başlayıb. Həmin ərəb ölkələri ilə müttəfiq olan Qərbin prosesə təsiri olmamış deyil. Faktiki görürük ki, Qərb Ermənistana hərtərəfli siyasi-diplomatik dəstək verir, o cümlədən hərbi.

Düzdür, ciddi iqtisadi dəstək görünmür, bunun da səbəbi odur ki, Ermənistan iqtisadiyyatı tam formada Rusiya tərəfindən zəbt olunub. Ermənistanın bütün infrastruktur elementlərini Rusiya şirkətləri alıb və onlar tərəfindən istismar olunur. Belə olan halda Rusiya hansı addımları ata bilər? İkinci Qarabağ Müharibəsində gördük ki, Rusiya Ermənistana dəstək vermədi. Rusiya düşündü ki, Ermənistanın müharibədəki hərbi məğlubiyyəti Paşinyan hakimiyyətinin getməsi ilə nəticələnəcək. Amma bu olmadı. Məlum oldu ki, Paşinyan hakimiyyətinə həm daxildən, həm də beynəlxalq güclər tərəfindən ciddi dəstək var.

İndi proses hara qədər gedə bilər? Yəqin Ermənistan çalışacaq ki, hərbi baxımdan Rusiyadan ayrılsın. Bu istiqamətdə də addımlar atılır. Əlbəttə, Rusiya bunu özünə rəva görə bilməz. Əslində, bu, Azərbaycanın da marağında deyil. Çünki bu halda Rusiya Azərbaycan ərazisində özünə yer etməyə, Qarabağdakı “sülhməramlı kontingent”indən hərbi baza kimi istifadə etməyə çalışacaq.

Digər yandan, Rusiya çalışacaq ki, Ermənistanı iqtisadi cəhətdən izolyasiya etsin. Dediyim kimi, Ermənistanın infrastruktur elementlərinin çoxu Rusiya şirkətlərindən asılıdır. Amma məsələ budur ki, Rusiya bunu edəcəyi halda Ermənistan alternativ əlaqələrə can ata bilər, ilk növbədə Türkiyə ilə münasibətlərini bərpa etməyə. İndi Ermənistan bunun üçün çalışır. Bu durumda iqtisadi baxımdan Rusiyadan asılılıq aradan qalxacaq və Rusiya Ermənistanı tam uduzacaq. Hətta Azərbaycanın son antiterror əməliyyatlarından sonra da, Paşinyanı devirə bilməyən Rusiya üçün son variant kimi hərbi çevriliş qalır.

Düşünürəm ki, Ermənistan ordusunda rusiyayönlü hərbçilərin sayı kifayət qədərdir. Rusiya onlardan istifadə etməyə çalışacaq. Amma Ermənistan hökuməti də bunu görür, bilir. Buna görə də, ordu daxilindəki rusiyapərəst generaliteti istintaqa, sorğu-suala cəlb etməklə onları təhdid altında saxlayırlar.

Başqa bir mümkün gəlişmə yenidən Ermənistanla Azərbaycan arasında müharibəyə təhrik etməkdir. Hələlik bunun üçün Rusiyanın resursları var. Amma getdikcə bu resursları da Rusiyanın əlindən çıxır. İndi hər şey Qərbin Ermənistanı hansı formada dəstəkləyəcəyindən və ya verdiyi dəstəyi nə qədər artıracağından asılıdır. Hazırki situasiyada görünən budur ki, Rusiya Ermənistandakı vəziyyəti öz xeyrinə dəyişə bilmir, ya buna gücü çatmır, ya da hansısa səbəblərdən bu riskə getmək istəmir.

Unutmayaq ki, Rusiyanın Ermənistandakı əsas dayağı “Qarabağ klanı”dır. Bu klana da yerli Ermənistan əhalisi arasında dərin nifrət var. Robert Köçəryan və Serj Sərkisyanın hərəsinin 10 illik hakimiyyətlərindən sonra bu klana olan münasibət olduqca neqativdir. Rusiyanın bu baxımdan da imkanları xeyli məhduddur.

- Baş nazir Nikol Paşinyan “Sülh qovşağı” adlı proje təqdim edib. Layihə Zəngəzurdan keçəcək yollara və ya nəqliyyat dəhlizinə Ermənistanın nəzarətini ehtiva edir. Rusiya açıq formada bildirdi ki, həmin yollara nəzarət onda olmalıdır. Qərb bu məsələdə Ermənistanı dəstəkləyir. Bu nöqtədə toqquşan maraqlar dəhliz məsələsini hansı istiqamətə çəkə bilər?

- Paşinyanın “Sülh qovşağı” layihəsinin reallaşma imkanı daha çoxdur, nəinki Rusiyanın nəzarətini ehtiva edən dəhliz projesinin. Ermənistan bu layihəni ona görə irəli sürüb ki, həm də Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşdıra, həm də həmin dəhliz üzərində nəzarətini və suverenliyini özündə saxlaya bilsin. Rusiya bunu istəmir. Çünki Zəngəzur dəhlizi Rusiya üçün Şimal-Cənub dəhlizinin mühüm elementidir. Rusiya Azərbaycan üzərindən bu yolla keçməklə İranın dəmir yolu şəbəkəsinə bağlanmağa çalışır. Paşinyan bu plana ciddi şəkildə mane olur.

Azərbaycan özünü sakit aparır, bu da təbiidir. Ermənistanla Rusiya arasında ziddiyət varsa, bunu özləri aydınlaşdırsınlar, belə götürdükdə, bunun Azərbaycan üçün bir o qədər də əhəmiyyəti yoxdur. Yəni bu yola kim nəzarət edəcək?! Əlbəttə, müəyyən qədər önəmi var, xüsusən də Türkiyə üçün. Rusiya nəzarət edəcəyi halda Azərbaycanın qərb rayonları ilə Naxçıvan və Türkiyə arasında yalnız ticari əlaqələr olacaq. Məsələn, Naxçıvandakı ordu korpusunun təchiz olunması, yaxud Türkiyədən Azərbaycana müdafiə xarakterli yüklərin daşınması qeyri-mümkün olacaq. Ermənistan buna imkan verməyəcək, eyni zamanda həmin addımları Rusiya atacaq.

Ermənistan hökumətinin əli ilə bu layihəyə mane olan Qərbdir. Bu da Ermənistandakı siyasi vəziyyətdən asılı olacaq. Ermənistanda siyasi vəziyyət dəyişsə, Rusiyanın layihəsi keçəcək. Belə bir dəyişiklik olmasa, Qərbin Ermənistanda istədiyi proje reallaşacaq. Maraq toqquşmaları aydın görünür. Həmin maraq toqquşmaları hərbi qarşıdurmaya gətirib çıxara bilər. Əlbəttə, Rusiyanın Ermənistanda hərbi gücü var, amma bundan Ermənistan dövlətinə qarşı açıq istifadə edə bilmir. Belə bir addım “ikinci Ukrayna cəbhəsi”nin açılması demək olacaq. Ukraynalılardan fərqli olaraq, ermənilərin Rusiyaya qarşı bir ciddi silahı var – terror. Bu halda Rusiyada erməni terroru baş alıb gedə bilər.

Bir məsələ də budur ki, 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndi (kommunikasiyaların açılması ilə bağlı – red.) Ermənistan tərəfindən öhdəlik kimi qəbul edilmir. Çünki hüquqi sənəd deyil. Gördük ki, Ermənistan heç Qarabağla bağlı bəndlərə riayət etmədi, eynən Rusiya kimi. Həmin üçtərəfli bəyanata az-çox riayət edən Azərbaycan oldu. Əslində, həmin sənədi qüvvədən düşmüş hesab etmək mümkündür. Əgər Ermənistan üçtərəfli bəyanatdan çıxacaqsa, bu, yenə Azərbaycanın xeyrinə olacaq. Bu halda Azərbaycan Rusiya hərbçilərinin Qarabağdan çıxarılmasını tələb edə bilər. Çünki Ermənistan bəyanatdan çıxacağı halda, sənəd öz qüvvəsini itirmiş hesab olunacaq. Baxmayaraq ki, onun heç bir hüquqi əsası yoxdur, bu halda isə siyasi baxımdan da önəmini itirəcək.

Eyni zamanda, ermənilər Qarabağdan gediblər, buna baxmayaraq, Rusiya orada da möhkəmlənməyə çalışır. Heç olmasa ermənilərin bir hissəsini qaytarmağa çalışır ki, özünün oradakı mövcudluğunu əsaslandıra bilsin.

Bir sözlə, baş verənlər Rusiya-Ermənistan qarşıdurması kontekstində nəzərdən keçirilməlidir. Rusiyanın bu gün Ermənistandakı başlıca marağı həmin dəhlizdir. Heç hərbi baza da deyil, məhz dəhlizdir.

- Azərbaycan və Ermənistan sərhəd komissiyalarının müzakirələrini ikitərəfli formatda sərhəddə davam etdirmək barədə razılaşıb. Sizcə, bu nöqtədən sonra sülh danışıqları da birbaşa davam edə bilərmi? Məsələn, sərhəd və ya Gürcüstanda. Ən əsası, vasitəçisiz danışıqlar bizi sülhə nə qədər yaxınlaşdıracaq?

- Danışıqların istər sərhəddə, istərsə də Tiflisdə aparılması müsbət tendensiyadır. İlk növbədə, bu ona imkan yaradır ki, tərəflər bir-birlərinin qarşısında məsuliyyət duysunlar, etimada qazana bilsinlər. Çünki etimad olmasa, hansısa sülh və ya sazişdən söhbət gedə bilməz. Digər yandan, sülh sazişi böyük dövlətlərin, məsələn, Rusiya və ya Qərbin vasitəçiliyi ilə imzalanacaqsa, burada qazanan vasitəçilər olacaq, uduzan isə bu sazişi imzalayanlar.

Həmişə hesab etmişəm ki, Azərbaycan və Ermənistanın ya birbaşa, ya da Gürcüstanın vasitəçiliyi ilə danışıqlar aparmaq imkanı var. Əlbəttə, buna maneələr olacaq – Qərbdən də, Rusiyadan da. Amma görünən budur ki, Qərb-Azərbaycan və Rusiya-Ermənistan münasibətlərinin pisləşməsi fonunda nə Moskva, nə Brüssel, nə də Vaşinqtonda sülh sazişi ilə bağlı danışıqlar aparmaq mümkün olacaq, nəinki onu imzalamaq. Hesab edirəm ki, bu, müsbət tendensiya kimi qiymətləndirilməlidir. Bir o şərtlə ki, hər iki tərəf kənar dövlətlərdən öz daxili sabitliyini qoruyub saxlaya bilsin. Çünki böyük güclər bu cür geosiyasi təsir vasitəsindən – Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarından imtina etmək fikrinə deyil, bu fikirdə olmayacaqlar.

Hər şey tərəflərin niyyətindən və məqsədə çatmaq üçün ortaya qoyacaqları iradədən asılı olacaq. İnanmaq istəyirəm ki, bütün bu mümkün və potensial maneələrə baxmayaraq, buna nail olmaq olar. Yəqin ki, olacaqlar. Əsas məsələ prosesə başlamaqdır. Azərbaycan mesajı verdi, Ermənistan da bunu qəbul etdi, indi qalır prosesi addım-addım irəli aparmaq, heç olmasa çərçivə sazişi imzalamaq. “Çərçivə sazişi” dedikdə, ümumi prinsipləri razılaşdırmağı nəzərdə tuturam. Məsələn, bir-birinin ərazi bütövlüyünü tanımaq, sərhəd məsələsini qarşılıqlı anlaşma çərçivəsində həll etmək, bir-birinə təhlükəsizlik təminatı vermək və sair. Azərbaycan və Ermənistan bu üç prinsip əsasında çərçivə sazişi imzalaya bilsə, bu, sülhə aparan ciddi yol olacaq.

- Qərblə, yaxud ABŞ-la Azərbaycan arasındakı gərginlik hara qədər davam edə bilər?

- Gərginlik o zamana qədər davam edəcək ki, Qərb Azərbaycanın öz suverenliyini bərpa etməsinə adekvat reaksiya verəcək. Hələlik reaksiya adekvat deyil. İllərlə sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyən Avropa Birliyi, ABŞ Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdə, buna tam əks mövqe sərgiləməyə başlayıb. Bu yanlışın kim tərəfindən edildiyini adi bir misalla göstərim. ABŞ-ın Azərbaycandakı səfirləri birmənalı şəkildə Şuşaya getməkdən imtina edirlər. Səbəb? Heç bir səbəb yoxdur. Şuşa Azərbaycan ərazisidir, həmişə də belə olub. Azərbaycanın ərazi bütövlüyünü tanıyan ölkələrin səfirləri niyə ora getməsinlər?! Yaxşı, Şuşaya getmirlər, bəs Şərqi Zəngəzura getməyə nə mane olur?! Məsələn, Zəngilana, Cəbrayıla, Qubadlıya, Füzuliyə, Ağdama... Amma biz görürük ki, ABŞ-ın Ermənistandakı səfirləri bir-birlərinin ardınca sərhəd bölgələrinə, Zəngəzura gəlirlər, oradan müxtəlif mesajlar verirlər.

Nə qədər ki Qərb ölkələri bu münasibətlərini dəyişməyib, Avropa Birliyi-Azərbaycan, ABŞ-Azərbaycan münasibətlərində müsbət tendensiya olmayacaq. Azərbaycan bu məsələdə geri çəkilsə, üzərimizə gələcəklər. Qərb ölkələri ikili standartlardan imtina etməlidir, illərlə sözdə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı verdikləri bəyanatları əməldə sübuta yetirməlidirlər, nəhayət, Azərbaycana qarşı atılan addımları dayandırmalıdırlar. Bu olmayana qədər heç bir müsbət tendensiya olmayacaq, ola da bilməz. Əlbəttə, hansısa mərhələdə bu gərginlik səngiyəcək, o zamana qədər isə tərəflər addımlarında daha ehtiyatlı və adekvat olmalıdırlar.


Müəllif: Mənsur Rəğbətoğlu