Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan azərbaycanlı və rusiyalı həmkarları ilə telefon danışığı apardıqdan sonra İrəvana getdi, orada Ermənistana dəstək mesajları verdi. Bundan əvvəl İran Prezidenti İbrahim Rəisinin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon söhbəti olmuşdu. İranın artan fəallığı nə ilə bağlıdır, yenə hansı müsbət prosesi əngəlləməyə çalışır?
- Bu, Rusiyanın tapşırığıdır. İndi İranla Rusiyanın Ermənistanla bağlı maraqları üst-üstə düşür. Çünki Qərbdən Ermənistana həddidən artıq güclü təzyiq var. Fransa ABŞ-nin tapşırığı ilə bölgəni qarışdırmaq, bura girmək istəyir. Moskva və Tehranda düşünürlər ki, Qərb bölgədə yerləşə bilsə, İranla Rusiyanın vəziyyəti pis olacaq. Buna görə də, İran fəallıq göstərməyə çalışır.
Regiondankənar qüvvələrin bölgəyə müdaxiləsinə qarşı olan 3+3 formatı gündəmdədir. Düzdür, Gürcüstan Rusiya ilə problemlərinə görə formatdan kənardadır, amma işlər gedir. İranın fikrincə, Avropa və ABŞ Cənubi Qafqaza girsə, təkcə bölgəni yox, Xəzər dənizini də nəzarətinə götürəcək. İran da buna mane olmağa çalışır.
Sülh müqaviləsi imzalansa, ara xeyli sakitləşəcək. Bu sazişin imzalanacağı ehtimalı da yüksəkdir, Ermənistan da bunu istəyir. Sülh müqaviləsi imzalansa, sərhəd məsələsini sonra da həll etmək olar. İndi Ermənistanda sülh müqaviləsinin Qərb formatında imzalanmasını istəyən əsas şəxs parlamentin sədri Alen Simonyandır, o, ABŞ-nin adamıdır. Amerika onu Paşinyanın yerinə gətirmək istəyir. Simonyan Ararat Mirzoyanla çalışır ki, məsələni tez həll etsinlər. Bizim üçün fərqi yoxdur, necə olur-olsun, sülh müqaviləsi imzalansın.
- Rəisidən sonra Abdullahiyan da İrəvanda nəqliyyat dəhlizləri ilə bağlı Paşinyanın “Sülh qovşağı” layihəsini dəstəklədi. İrandan fərqli olaraq, Rusiya bu projeni qəbul etmədiyini bəyan edib. Sizcə, dəhliz məsələsi ilə bağlı Moskva və Tehran arasında fikir ayrılığı varmı?
- İnanmıram, üzdə belə görünür. Rusiya bir neçə gün əvvəl İrandan keçən Rəşt-Astara dəmir yolu ilə bağlı 500 milyon dollar ayırıb. Şimal-Cənub nəqliyyat dəhlizini işə salmağa çalışırlar. Bu dəhliz fəaliyyətə başladıqdan sonra elə bir ciddi problem qalmayacaq.
Farsla rus heç vaxt qarşı-qarşıya gəlməyəcək. Son 200 ildəki maraqları oxşardır. Farslar türkləri, ruslar da müsəlmanları ram eləməyə çalışırlar. Ruslar bu məqsədlə Dualizm fəlsəfəsini, farslar da “İslam qardaşlığı” məsələsini gündəmə gətirirlər. Maraqları üst-üstə düşdüklərinə görə, başqa addımların atılacağına inanmıram. Maraqlarındakı oxşarlıqlar heç vaxt farslarla ruslara qarşı-qarşıya gəlməyə imkan verməyəcək.
- Rusiya xarici işlər naziri Sergey Lavrov bildirdi ki, Ermənistandakı 102-ci hərbi bazanın çıxarılması yönündəki müzakirələr təhlükəlidir. O, Ermənistana bir xəbərdarlığı da NATO ilə yaxınlaşmağa görə etdi. Rusiyanın baş diplomatının açıqlamasını necə şərh etmək olar?
- Ermənistan ağılsız hərəkət edir. Çünki 2044-cü ilədək Rusiya ilə müqavilələri var, bitməsinə hələ 21 il var. Beynəlxalq hüquqa görə, Ermənistan bu müqavilədən çıxmaq istəsə, 6 ay əvvəl xəbərdar eləməlidir. Mən də deyə bilərəm ki, rus ordusu Ermənistandan çıxsın. Amma bu heç nəyi həll eləmir. Ermənistan bunun üçün o qanun layihəsini ləğv etməli, referendum keçirməlidir. Paşinyan başa düşür ki, bunu edənədək onu devirəcəklər.
Ermənistan istəsə də, istəməsə də hələ də Rusiyanın nəzarəti altındadır. Ermənistan bu boyunduruqdan çıxmaq üçün ancaq sözdə addım atır, əməldə heç bir iş görmür. Deyilənlər siyasi gedişlərdir, sadəlövhlüklə fikirləşməyək ki, Ermənistan Rusiya ordusunu öz ərazisindən çıxara biləcək. Ermənistan Rusiyanı çıxarmaq istəmir, çünki Rusiyanın oradan çıxması, Ermənistanın dövlət kimi çökməsi deməkdir. Ermənilər də bunu çox yaxşı başa düşürlər.
- Paşinyan Rusiyadan uzaqlaşma kursu çərçivəsində əməli addımlar atmasa, Qərbin buna təpkisi necə olacaq? NATO baş katibinin xüsusi nümayəndəsi Ksavye Kolomina ötən günlərdə İrəvana bir xəbərdarlıq xarakterli mesaj ünvanladı ki, Ermənistan seçimini Rusiyadan aralanmaq, alyansa yaxınlaşmaq yönündə edib.
- Bu, söz oyunudur, informasiya müharibəsidir. Qərb Ermənistana qarşı həmin metoddan istifadə edir, öz işini görür. Rusiya da Ermənistanda istədiyi kimi fəaliyyət göstərir. Ermənistana girən istənilən xarici vətəndaş erməni yox, rus sərhədçisi ilə qarşılaşır. Zvartnos hava limanında pasport yoxlamalarını rus hərbçiləri həyata keçirirlər. Qərb çox şey deyə bilər, Azərbaycanla bağlı da deyirlər. Biz bilirik ki, onların hamısı yalandır. Çılpaq siyasət yoxdur, siyasət əbanın altındadır. Avropanın da Ermənistan haqda dedikləri yaxşı bükülmüş yalandır. Başqa bir şey yoxdur.
Qərb Ermənistanda heç nə edə bilməyəcək. Qərb Ukraynada uduzursa, burada nə edə bilər? Rusiya heç vaxt Ermənistanın nəzarətindən çıxmasına imkan verməyəcək. Heç Ermənistanın özündə də belə bir cəsarət yoxdur. Ermənistan belə məsələlərdə mağmun dövlətdir, nə siyasi, nə iqtisadi gücü, nə də iradəsi var. Qərb də maraqlarına uyğun oyununu oynayır.