5 Fevral 14:39
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən Ermənistanın konstitusiyasında və digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının olduğu qeyd edilib. Sözsüz ki, Azərbaycan Prezidenti məsələni çox düzgün vurğulayıb. Bir ölkə əgər ərazi iddiası edirsə və bunu əsas qanununda yazırsa, onunla necə sülh müqaviləsi imzalamaq olar? Belə çıxır ki, bir tərəfdən dostluğunu bildirir, digər tərəfdən bizi vurmaq üçün əlində daş saxlayır. Ona görə də, ölkə başçısı çox düzgün olaraq Ermənistandan daxili qanunvericiliyini beynəlxalq hüquq normalarına, normal qonşuluq münasibətlərinə uyğun qaydaya salmağı tələb edir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, əgər Ermənistan Azərbaycanla sülh istəyirsə, bunu normal şəkildə göstərməlidir:

“Görünən odur ki, artıq Ermənistanda bunu anlamağa başlayıblar. Ermənistanın baş naziri də, çıxışlarının birində bildirdi ki, “biz dünya ilə problem yaratmadan yaşamağı bacarmalıyıq”. Bir tərəfdən onlar dünya birliyinə inteqrasiya olmaq, qonşu dövlətlərlə normal münasibətlər qurmaq istəyir, amma digər tərəfdən Azərbaycan və Türkiyəyə qarşı torpaq iddiası var”.

Millət vəkili hesab edir ki, hər şey qanundan başlayır:

“Əsas qanun normal olmalıdır. Qonşularla münasibəti isə artıq danışıqlarda, müzakirələrdə həll etmək, ümumi razılığa gəlmək olar. Hansısa fikir ayrılığı varsa, bu, on illiklərlə qala bilər. Amma normal qonşuluq münasibətləri qurulmalıdır. Ona görə də, ölkə başçısının tələbi və söylədiyi fikir tamamilə düzgündür. İnandırıcı deyil ki, hanssıa Avropa ölkəsi qonşusunun ona ərazi iddiasına sakit baxa bilər? Prezident İlham Əliyev də bununla bağlı öz fikrini səsləndirdi. Bu, bizim haqqımız, tələbimizdir”.

Aydın Mirzəzadə bildirib ki, SSRİ dağıldıqda Ermənistanda elə o vaxta qədər hakimiyyətdə olan qatı millətçi qüvvələr bu ölkəni militarist, beynəlxalq hüquq normalarına qətiyyən əhəmiyyət verməyən bir terrorçu ərazi kimi dünya birliyinin siyasətinə salıb:

“Çox təəssüf ki, dünya birliyində bunu normal qəbul edən, hətta ona dəstək verən qüvvələr oldu. İndi isə situasiya dəyişib. Regionda vəziyyət başqa cürdür. Azərbaycan öz haqqını tələb edə bilir. Sülh regiona, Azərbaycana, ən çox da Ermənistana lazımdır. Ermənistan sülh üçün ilk növbədə özünün prinsiplərini beynəlxalq hüquq normalarına uyğun qurmalıdır. Azərbaycanın istədiyi budur”.


Müəllif: Tapdıq Qurbanlı