Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan və onun xarici siyasət məsələri üzrə keçmiş müşaviri Jirayr Liparityan faşist ideologiyasının tərəfdarı olub. Ötən əsrin 30-cu illərində Qaregin Nijde də bu ideologiyanın təbliğatçılarından idi. Bu ideologiya Benito Mussolinin (Benito Mussolini 1922–1943-cü illərdə İtaliyanın rəhbəri olub) təsiri altında daha geniş yayılıb. Nijde məhz Mussolinin ideologiyasının təsiri altında erməni faşizminin formalaşmasına çalışıb.
Bunu Teleqraf.com-a Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
O qeyd edib ki, Nijde bir müddət İtaliyada yaşadığına görə Mussolininin təsiri altında fəaliyyət göstərib: “Həmin illərdə orada Nijde tərəfindən ermənilərin, Ermənistanın təbliğatı aparılıb. İndi ermənilərin dedikləri, guya Ermənistanın xəritəsinin Kolizeyin üzərində əksini tapması da həmin dövrlərə təsadüf edir. Keçən əsrin 30-cu illərində ermənilər Mussolininin vaxtında kolizeydəki Roma iperiyasının xəritəsində erməni sözü yazılan xəritə yapışdırıblar”.
Sabiq nazir hesab edir ki, bunun özü gələcək hədəflərdən xəbər verir:
“Çünki bu, sırf yalan üzərində qurulmuş taktikadır. Hazırda da bu ad Kolizeydə əks olunub. Ermənilər də bunu özləri üçün az qala fəxr kimi qeyd edirlər ki, ölkələrinin adı var. Əslində onun Kolizeyə heç bir aidiyyəti yoxdur”.
Tofiq Zülfüqarova görə, bütün bunlar ermənilərin faşist ideologiyasının əsasında baş verən hallardır:
“Nijde də erməni faşizminin əsasını qoyan şəxs olub. Petrosyan isə özünü ağıllı göstərməyə çalışsa da həmin ideologiyanı həyata keçirib. Çünki Azərbaycan əraziləri məhz onun dövründə işğal edildi. Ermənistanın müstəqillik bəyyanməsi və konstitusiyasında Azərbaycan qarşı olan ərazi iddiaları da Petrosyanın dövründə əks olunub. Ona görə də, ermənilərin xalqımıza qarşı olan düşmənçilik tarixi haqqında geniş məlumatların təbliği vacibdir”.