Prezident İlham Əliyev erməni quldurları tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımın 32-ci ildönümündə işğaldan azad edilmiş Xocalı şəhərinə səfəri rəmzi və gözlənilən addım idi. Çünki Xocalının azad edilməsi, eləcə də Azərbaycanın ərazi bütövlüyünün tam bərpası dövlət başçısının parlaq düşünülmüş və həyata keçirdiyi strategiyanın nəticəsidir. Xocalı erməni işğalçılarından azad edildikdən sonra, onların törətdikləri dəhşətli cinayətlərlə bağlı faktlar üzə çıxır. Erməni terrorçularının vəhşicəsinə öldürdükləri qocaları, qadınları, uşaqları heç bir insanlığa sığmayan halda basdırdıqları kütləvi məzarlıqlar buna əyani misaldır.
Bunu Teleqraf.com-a Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, antiterror əməliyyatından sonra işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Xocalıda və Xankəndidə erməni işğalçılarının azərbaycanlılara qarşı istifadə edilməsi planlaşdırılan silahlarla dolu böyük anbarları aşkar edilib: “Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Bu soyqırımı inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Halbuki Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, bu hadisə ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın” deyən dövlətimizin başçısı Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə haqlı olaraq qeyd etdi ki, baş verənləri gizlətmək üçün Ermənistan dövləti, onların arxasında duran qüvvələr əlindən gələni edib. 2019-cu ilin noyabrında Ermənistanın baş naziri Nikol Paşinyan Xocalı soyqırımını “açıq-aşkar yalan” adlandıraraq, bunu “azərbaycanlıların özləri həyata keçirib” demişdi. Əslində bu, azərbaycanofobiya, yalan danışmağa hazır olmaq məsələsində Paşinyanın Ermənistanın əvvəlki rəhbərlərinədn heç də fərqlənmədiyinin sübutu idi”.
Deputat xatırladıb ki, Xocalı cəlladı Zoru Balayan, Serj Sarkisyan və digər cinayətkarlar bu qanlı faciəni inkar etmirlə: “Əksinə Xocalıda törətdikləri vəhşilikləri təsdiq ediblər. S.Sarkisyan Karneqi analitik agentliyinin əməkdaşı Tomas de Vaala müsahibəsində deyib ki, “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmalı idik. Belə də oldu”. Bu o deməkdir ki, o dinc azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi faktını inkar etmir. Və ya Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazırdı: "Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq". Onlar insanlığa yaraşmayan qanlı və amansız cinayətlərini etiraf edirlər. Lakin dünyanın aparıcı gücləri sanki bu cinayətlərdən xəbərsizdirlər. Onlar Ermənistanı, onun cinayətkar rəhbərlərini az qala regionda “demokratiya çırağı” kimi təqdim etməyə çalışırlar. Və Azərbaycan Prezidenti İlham Əliyev də bu məqama diqqət çəkərək, qeyd etdi ki: “Təəssüf ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Bizim səylərimiz nəticəsində 18 ölkənin Xocalıdakı qanlı faciəni soyqırımı kimi tanıdığını xatırladan dövlətimizin başçısı qeyd etdi: “Amma bu dövlətlər arasında böyük güclər yoxdur, beynəlxalq təşkilatlar, onların çoxu bu faciəyə biganə qaldı. “Və bu da doğrudur. Xocalı soyqırımını ABŞ Konqresi və Senatı, Fransa Senatı, Rusiya Dövlət Duması, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin parlamentləri tanımayıb. Təkcə bu, onların Ermənistan-Azərbaycan münaqişəsində tərəfsiz arbitr olmaq istəmədiklərini sübut edir. Ancaq Azərbaycan təkbaşına, heç bir kömək olmadan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Azərbaycan erməni quldurlarının Xocalıda törətdiyi soyqırımın qisasını aldı”. Prezident İlham Əliyevin Xocalı ictimaiyyəti ilə görüşündə də bu məsələyə toxunaraq bildirib ki, “Mən inanırdım və bilirdim ki, biz bura qayıdacayıq, Xocalıya qayıdacağıq”.
Hicran Hüseynova XX əsrdə bəşər tarixinə Xocalı Soyqırımı kimi daxil olmuş qanlı faciənin 25-ci ildönümü ilə əlaqədar 2017-ci ildə Bakıda ümumxalq yürüşünün keçirildiyini bildirib: “Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva insan axınının önündə həmin yürüşdə iştirak etdilər. Paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılan abidəyə doğru hərəkətə başlayan 40 mindən çox insanın iştirak etdiyi o vaxtkı ümumxalq yürüşünün məqsədi Xocalı qurbanlarının xatirəsini ehtiramla yad etmək, dünya ictimaiyyətinin diqqətini erməni faşistlərinin bəşəriyyətə qarşı törətdiyi bu dəhşətli cinayətə bir daha cəlb etmək idi. Ölkə başçısı həmişə deyirdi ki, Azərbaycan dövləti öz torpaqlarında ikinci erməni dövlətin yaradılmasına imkan verməyəcəkdir. Prezident İlham Əliyev bu vədinə əməl etdi. Bu gün Xocalı sakinləri öz doğma torpaqlarındadır və əbədi olaraq burada yaşayacaqlar”.