29 Mart 14:42
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin RAND Analitik Mərkəzinin iddiasına görə, Vaşinqton Ermənistanın təhlükəsizliyinə zəmanət verə bilməz, amma ona kömək edə bilər.

Teleqraf.com xəbər verir ki, mərkəz Ermənistana təhlükəsizlik zəmanətlərinin verilməsinin çətinliyinə diqqət çəkib.

“Bölgədəki geosiyasi dəyişiklik şəraitində Vaşinqton Rusiyanın oynaya bilmədiyi rolu oynamağa can ataraq müdaxilə etmək istəyinə düşə bilər”, - analizdə deyilir.

Bununla belə, təhlilin müəllifləri Vaşinqtonun rolu ilə bağlı bir sıra məhdudiyyətlərə diqqət çəkirlər.

“ABŞ-nin üzərinə götürə biləcəyi rolda müəyyən məhdudiyyətlərin olduğunu göstərmək istəyirik. Həmin regionda ABŞ tarixi tərəfdaş və oyunçu deyil”, - məqalə müəliflərindən Pol Kormeri “Amerikanın Səsi”nin erməni xidmətinə açıqlamasında bildirib.

Amerikalı analitiklər hesab edirlər ki, ABŞ qətiyyətli dəstək əvəzinə həm öz, həm də Ermənistanın maraqları baxımından daha ehtiyatlı strategiya yürütməlidir. Məsələn, öhdəliklərinin sərhədləri ilə bağlı bəlli gözləntiləri qeyd etməklə, Ermənistana özünü müdafiə vasitələri ilə təmin etmək kimi.

İrəvanın təhlükəsizlik və xarici siyasət sahəsində elan etdiyi diversifikasiyaya baxmayaraq, məqalə müəllifləri qeyd edirlər ki, Ermənistanın Rusiyadan ciddi asılılığı davam edir, onu bir addımda aradan qaldıra bilmir.

“Ermənistanın iqtisadiyyat, enerji sektoru və hərbi mövcudluğu da daxil olmaqla, Rusiyadan asılılığını nəzərə alaraq, İrəvan Moskva ilə münasibətləri tamamilə kəsmək iqtidarında deyil. Rusiyanın Ermənistanda ciddi hərbi mövcudluğu davam edir, ölkənin təhlükəsizlik və müdafiə infrastrukturu Rusiyadan asılıdır”, - analitik Co Haberman vurğulayır.

Bu asılılıq, analitiklərin fikrincə, Qərb dairələrində, xüsusən də silah transferi kontekstində narahatlıq yarada bilər.

Pol Kormeri başqa bir məqama da diqqət çəkir: “Bizim Rusiyadan asılı münasibətlərimiz ola bilməz, (Ermənistanı) Rusiyanın əlinə keçə biləcək hərbi sistemlərlə təmin edə bilmərik”.

Amerikalı təhlilçilərinin sözlərinə görə, nə ABŞ, nə NATO, nə də Fransa İrəvana təhlükəsizlik zəmanəti verə bilir.

ABŞ mərkəzi bu qənaətə gəlib ki, İrəvanın qonşuları, o cümlədən Rusiya və İranla mürəkkəb iqtisadi, sosial və strateji münasibətləri var, bu durumda Ermənistanı nəyəsə məcbur etmək ağılsızlıq olardı. RAND bildirir ki, Qərb real vəziyyəti qəbul etməli və sabitliyə töhfə verərək, nisbətən əlaqələri dərinləşdirə biləcəyi sahələrə diqqət yetirməlidir.

ABŞ Dövlət Departamenti RAND-ın qaldırdığı məsələlərə belə cavab verib:

“ABŞ Cənubi Qafqazın bütün ölkələrinin davamlı demokratik inkişafı, suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyir. Bu, ABŞ-nin bütün regiondakı siyasətinin əsas prinsipidir. Bu məqsədlə Ermənistanla genişmiqyaslı çərçivədə əlaqələrimizi genişləndiririk.

ABŞ Dövlət Departamenti Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirən istənilən xoşməramlı öhdəliyi alqışlayır. Rusiyanın Ukraynaya qarşı davamlı, dağıdıcı təcavüzünün, Gürcüstanın suveren ərazisinin işğalının, regionda və dünyada sabitliyi pozan davranışlarının şahidi olmuşuq. Ona görə də Rusiyanı nə Cənubi Qafqazda, nə də başqa yerlərdə etibarlı və ya ədalətli müttəfiq və ya tərəfdaş hesab edə bilmərik”.

ABŞ Dövlət Nazirliyi İrana da istinad edərək vurğulayıb:

“Ardıcıl olaraq bu region ölkələrini İranın niyyətlərini hərtərəfli qiymətləndirməyə və İran rejimi ilə bütün münasibətlərdə ehtiyatlı davranmağa təşviq etmişik”.

“Atlantic Council”in analitiki Con Herbst də İrəvana təhlükəsizlik zəmanətinin verilməsinin çətin olduğu fikrini söyləyib:

“Hazırda Ermənistan üçün heç bir təhlükəsizlik zəmanəti yoxdur, necə ki, bu gün Ukrayna üçün yoxdur”.

Onun sözlərinə görə, Moskva regionda sabitliyi pozmaq istəyir, amma indi Ukraynada davam edən müharibə səbəbindən bu imkanlara malik deyil:

“Əgər Moskva sonda hesab etdiyim bu müharibəni uduzsa və Amerika siyasəti güclənərsə, o zaman bu, həm də Ermənistanla Azərbaycan arasında münasibətlərdə çətinliklərin olmasından asılı olmayaraq, Cənubi Qafqazda real sabitliyə gətirib çıxara bilər”.

Öz növbəsində, digər keçmiş yüksək rütbəli amerikalı diplomat Filip Riker regionda sabitlik və sülhə nail olmaq üçün ABŞ-nin fəal iştirakını vurğulayıb:

“Təkcə uzunmüddətli xarici siyasət planlarının tərtib edilməsi yox, həm də bunların həyata keçirilməsi vacibdir, bu planlarda sülh prosesi əsas yer tutmalıdr. Region xalqları münaqişələrdən yorulublar və sülh bağlamağa hazırdırlar ki, bundan sonra diqqətlərini başqa məsələlərə yönəldə bilsinlər”.


Müəllif: Mənsur Rəğbətoğlu