İranla yeni qaz kəmərinin çəkilməsi variantı müzakirə olunmur, hazırda buna ehtiyac yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Babken Tunyan deyib.
Deputat Ermənistanın gələcəkdə Azərbaycandan qaz alması ehtimalına da diqqət çəkib:
“Əgər Ermənistanın başqa mənbələrdən, daha ucuz və sərfəli qiymətə qaz alması lazım və məqsədəuyğundursa, o zaman bu imkanı müzakirə edəcəyik. Bunun əksini iddia etmək isə ölkənin dövlət maraqlarına zərər vurmaq demək olacaq”.
Tunyanın sözlərinə görə, bu gün Ermənistan onun üçün məqbul olan enerji təhlükəsizliyi səviyyəsinə malik olmağı düşünür.
Hakim partiyanın üzvü hazırda Azərbaycandan qaz alınması ilə bağlı razılaşmanın olmadığını da vurğulayıb:
“Məndə olan məlumata görə, razılaşma yoxdur. Amma qaz satan və qaza ehtiyacı olan ölkə varsa, ona heç bir maneə yoxdursa, hər bir məsələ ola bilər”.
Tunyan “Azərbaycandan qaz almaq Ermənistan üçün təhlükəsizlik problemi yarada bilərmi” sualına belə cavab verib:
“Ermənistan üçün, ümumiyyətlə, heç bir ölkə üçün enerji resursunu haradan almaqla bağlı heç bir fərq yoxdur. Ən ucuz və sərfəli olan yerdən almalısınız. Enerji daşıyıcıları ilə bağlı təhlükələr isə o zaman yaranır ki, sizin enerji təhlükəsizliyiniz aşağı səviyyədədir və mənbəniz birdir (indiki halda Rusiya). Başqa sözlə, siz təchizat mənbələrinizi nə qədər şaxələndirə bilsəniz, enerji təhlükəsizliyi səviyyənizi bir o qədər artırarsınız”.
Tunyan “Ermənistanın Azərbaycan qazının xeyrinə Rusiya qazından imtina etməsi mümkündürmü” sualına da cavab verib:
“Bir mağazadan xama alırsan, görürsən ki, növbəti mağazada eyni xama iki dəfə ucuz qiymətə satılır. Bu, əvvəlki mağazada alış-verişi dayandırmağa vadar edəcək, ya yox? Hamısı bir çox amillərdən asılıdır. Əgər elə bir vəziyyət yaranarsa ki, qazı başqa yerdən almağımızın bizə daha uyğun və mümkün olduğunu hiss edək, o zaman bu istiqamətdə düşünməliyik.
Bəli, Rusiya bizim strateji müttəfiqimizdir, amma biz ruslardan qazı pulsuz almırıq. Hər şey qiymətdən asılıdır”.
Prezident İlham Əliyev bundan əvvəl münasibətlərin tənzimlənməsindən sonra Azərbaycanın Ermənistana qaz sata biləcəyini açıqlamışdı. Bundan sonra Ermənistan parlamentinin sədri Alen Simonyan bunun mümkünlüyünə diqqət çəkmişdi.