8 Aprel 19:50
1 691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elmar müəllim, Brüsseldə Avropa İttifaqı-ABŞ və Ermənistan arasında keçirilən görüşün iqtisadi, humanitar məsələləri əhatə etdiyi açıqlansa da, bağlı qapılar arxasında başqa məsələlərin müzakirə edildiyi iddia olunur...

- Burada fərqli yanaşmalar var. Amma ermənilərə nələr verilsə, vəd olunsa, onlar yenə də istəyəcəklər. Vaxtilə “qlobus armenian”, yəni bütün dünyanı bizə verin deyirdilər. Onların xasiyyətləri belədir. Ermənilər elə bilir ki, dünyadakı adamların hamısı hər səhər oyananda ermənilər necədir, onlara necə kömək edə bilərik kimi düşüncələrlə günə başlayırlar. Düşünürlər ki, Cozef Bayden, Vladimir Putin səhərlərini ermənilərsiz açmır. Amma onlar anlamalıdırlar ki, Ermənistan böyük oyunçular üçün heç vaxt subyekt olmayıb. Onlar üçün bu dövlət sadəcə olaraq obyekt olub.

- İndiki halda Ermənistan üzərindən oynanılan oyunun mahiyyəti nədən ibarətdir?

- ABŞ ilə Avropa İttifaqı çalışır ki, bölgədə Rusiyanın nüfuzunu azaltsın. Çünki Ermənistana girsələr, bölgədə İran, Türkiyəyə qarşı kəşfiyyat məlumatları əldə edə bilərlər. İndi də Ermənistana bu adla daxil olurlar. Sadəcə olaraq taktikanı dəyişiblər. Pul verib ölkəyə daxil olurlar. Brüsseldə qərar verdilər ki, yardım adı altında Ermənistana 360 milyon dollar veriləcək. Bəziləri deyir ki, həmin rəqəm ölkə üçün qəpik-quruşdur. Amma reallıq başqadır. Çünki Ermənistanın dövlət büdcəsi 2020-ci ilin statistik rəqəmləri ilə təsdiq olunub heç 1 milyard dollar deyil. Ona görə də, ayrılan pul ermənilər üçün yaxşı rəqəm kimi qəbul edilir.

- Uzun müddət öz forpostu kimi saxladığı Ermənistanın birdən-birə qərbə üz tutmasına Moskvanın reaksiyası necə olacaq?

- Rusiya Xarici İşlər Nazirliyi Brüsseldəki həmin görüşlə bağlı sərt bəyanat verdi. Rusiya açıqladı ki, təhlükəsizlik vakumu yarana bilər. Bu o deməkdir ki, Moskva heç də sakit dayanmayacaq. Ona görə də, bu istiqamətdə olan prosesləri izləmək lazımdır.

- Rusiyanın təsiri necə olar bilər? Çünki Ermənistan artıq davamlı şəkildə Kremlə qarşı demarş edir. Moskava isə gözləmə mövqeyindədir...

- Ermənistan bütövlükdə iqtisadi cəhətdən Rusiyadan asılıdır. Tək qazın qiyməti qaldırılsa, Ermənistanın iqtisadiyyatı çökəcək. Ona görə də, Qərb Ermənistanı Rusiyadan qoparacağı təqdirdə ona necə yardım edəcəyini düşünməlidir. Çünki bu ölkənin iqtisadiyyatının 82-i faizi Rusiyanın moderatorluq etdiyi Avrasiya İqtisadi Birliyinə bağlıdır. Bu rəsmi rəqəmdir. Reallıq bundan da artıqdır.

- Belə bir iddia səslənir ki, Brüssel görüşü ilə ermənistan birbaşa Aİ və ABŞ kurasiyasına keçmiş oldu. Bu nə dərəcədə məntiqli yanaşmadır?

- Prezident İlham Əliyev Mövlud Çavuşoğlu ilə görüşdə dedi ki, regionda yeni addımlar müşahidə olunur. Çünki hələ heç kim bilmir ki, Moskva buna necə cavab verəcək. Amma bu cavab yüz faiz olacaq. Bu cavab olmasa qərbdə elə biləcəklər ki, Rusiya zəifləyib. Ona görə də, Kreml necə olur-olsun buna adekvat addım atacaq.

- Bölgədə yeni eskalasiya riskinin olmasını necə dəyərləndirirsiniz? Ən azından Ermənistanda ikiqütblü toqquşmaınıən olması ehtimalı varmı?

- Cənubi Qafqaz, Ermənistan kimi kiçik bir ərazidə Rusiya ilə Qərb arasında toqquşmanın olması Azərbaycan üçün də təhlükəsizlik amillərini gündəmə gətirir. İranın da bu prosesə qoşulması vəziyyəti gərginləşdirə bilər.

- Amma İran faktiki olaraq baş verən proseslərə susqunluqla yanaşır...

- İran da Brüssel görüşü və ondan əvvəlki proseslərlə bağlı bəyanat verib. Onlar sadəcə olaraq hələki açıq danışmaq istəmir. Tehran regiona üçüncü qüvvələrin yerləşdirilməsinə qarşı olduğunu bildirir. İran bu halın milli maraqlarına uyğun olmadığını iddia edir. Hətta Bakıya da İrsail, Amerika münasibətlərinə görə, narahatlıqlarını bildirmişdilər.

- Üçüncü qüvvələrin gəlməsinə qarşı olmaqla yanaşı İran “3+3” formatını da qəbul etmir. Bu paradoks necə izah olunacaq?

- İndi vəziyyət dəyişib. Hazırda Tehran “3+3” formatının ən (Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, İran və Ermənistan) yaxşı platforma olduğunu deyir. Rusiya da eyni fikirdədir. Məqsədləri odur ki, kənardan kiminsə bölgəyə gəlişinin qarşısı alınsın. Burada Gürcüstan-Rusiya münasibətləri də önə çəkilir. Amma Gürcüstan rusların ən çox getdiyi ölkədir. Azərbaycanla Rusiya arasında münasibətlər yaxşı olsa belə ruslar ən çox Gürcüstana səfər edir. Bu reallıqlar çox önəmlidir.


Müəllif: Tapdıq Qurbanlı