15 May 14:35
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın molla rejiminin “Keyhan” qəzetində Azərbaycan və digər bölgə ölkələrinin təhdid olunduğu məqalə dərc olunub. Təxribatçı məqalədə Azərbaycana yönəlik “Etinasızlıq etsəniz, İsraildən sonra növbə sizdədir” kimi hədyan yer alır. Həmçinin açıq şəkildə Bakı-Tiflis-Ceyhan boru xəttində təxribatın törədilməsi ehtimalından bəhs edilir.

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-a açıqlamasında İrandan davam edən təhdidlərin təsadüfi olmadığını deyib.

Onun sözlərinə görə, ayətullah rejimi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və güclənməsini həzm edə bilmir:

“İran İsrailə nə elədi ki, növbədə biz olaq?! Dünyanın gözü önündə özlərini biabır elədilər. Üzeyir Hacıbəyovun “Arşın mal alan”da yazdığı kimi: ey, kimsən orda, aç qapını, gəlib səni öldürək. İran da İsrailə həmin taktikanı tətbiq elədi. Üç gün əvvəldən başladılar ki, atacağıq, Amerikaya da xəbər verdilər. Ayrı vaxt Amerikanı “düşmən” sayırlar, amma ondan icazə aldıqdan sonra bu addımı atdılar.

Görünən budur ki, Azərbaycanın birdən-birə dünyada populyarlaşması, nüfuz qazanması İranı qısqandırır. Mən bunun arxasında həm də Fransanın izini görürəm. Çünki İranla Fransa pərdə arxasında çox yaxındırlar. Azərbaycan Mikroneziya, Polineziya, digər ada və Afrika dövlətlərindən Fransaya qarşı çox rahat istifadə elədiyinə görə, guya öz aləmində İran vasitəsilə bizi “cəzalandırmaq” istəyir.

“Keyhan” qəzetinin yazdıqları boş şeylərdir. Azərbaycan İranla münasibətlərini pozmaq istəmir. Amma İran yenidən biabır olmaq istəyirsə, buyursun”.

Cümşüd Nuriyev hesab edir ki, İran Azərbaycana qarşı hərbi avantüraya getsə, bu, ona baha başa gələcək:

“Avantüraya axmaqlar gedirlər, ağıllılar heç vaxt bunu etmirlər, gözləmə mövqeyində dururlar. Əgər molla rejimi bu qədər ağılsız hərəkət edirsə, biz niyə cahilə baş qoşmalıyıq. Mövlana deyir ki, cahilə baş qoşan onun səviyyəsində olan adam olur. Biz İrandan çox qabaqdayıq, dövlətçilik ənənəsinə görə də onu üstələyirik. İranı 1500 ildən çox dövlət kimi Azərbaycan türkləri ayaqda saxlayıb, idarə edib. İran gedib əvvəlcə bu barədə fikirləşsin. İranın cəmi 100 illik dövlət təcrübəsi var. İranın qürurlanmaq üçün heç bir yeri yoxdur. İndi də elə fikirləşirlər ki, Azərbaycanı hədələməklə nəyəsə nail olacaqlar. Heç nə alınmayacaq. İran dağılmaq istəyirsə, buyursun”.

Politoloq Tehranın bəyan etdiyi qədər hərbi gücünün olmadığını da qeyd edib:

“İranın öyündüyü qədər hərbi gücü yoxdur. Bir ölkənin istehsal etdiyi dron gedib İraqda elektrik məftilinə ilişib qalırsa, gücü məlumdur. İranın hərbi gücdən danışması qəribə görünür. İranda hərbi güc yox, hərbi iddia var. Amma bu iddianın arxasında nə qədər müasir standartlara uyğun texnologiyanın olduğunu deyə bilmərəm, əslində belə bir şey yoxdur. İran sözlə asıb-kəsir, ortada da bir şey yoxdur. Bu, mollaların köhnə adətidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər