15 May 12:31
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niderlandda fəaliyyət göstərən Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkının mayın 15-də saat 15.00-da Haaqa şəhər Ağır Cəza Məhkəməsində növbəti məhkəməsi keçiriləcək.

Məsələ barədə Teleqraf.com-a danışan Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın deyib ki, hər şey 2014-ci ildə qondarma soyqırımı abidəsinin olduğu Almelo şəhərindəki proseslə başlayıb:

"10 ildir ki, ermənilər məni məhkəməyə vermək üçün yazılarım, fikirlərimdən ibarət 160 səhifəlik material toplayıblar. Onlar güclü və hərtərəfli işləyirlər. Təəssüf ki, bizdə güc birliyi yoxdur. Ermənilərin mənimlə bağlı istədiyi tək şey var. Niderlandda aktiv olan təşkilatın, sözünü deyən insanın bir an öncə ortadan qaldırılması və səsinin kəsilməsidir. Ötən il Niderlandda Lahey məhkəməsi mənimlə bağlı qərar verəndə Türkiyədə idim. Bunlar mən olmadan məhkəmə qurdular. İstəsəydilər mənimlə əlaqə saxlaya bilərdilər. Ermənilərin təsiri altında tələm-tələsik məhkəmə keçirdilər və mənə 2 ay həbs və 1000 avro pul cəzası verdilər. Əlbəttə ki, bu, tamamilə haqsız qərar idi. Biz onlara etirazımızı bildirdik. Həmin məhkəmə iclasının davamı olaraq apellyasiya şikayəti verdik və bu gün yerli vaxtla saat 15:00-da məhkəmə keçiriləcək".

İlhan Aşkın haqq-ədalətin yerini tapacağına inanır: "Bu insanlar illərdir necə Avropanı aldatdılar, Qarabağ torpağında iddialarını sürdürdülər və ən sonunda yenə haqq ədalət gəlib yerini tapdı. Azadlığımız, torpaqlarımızın geri qaytarılması necə gerçəkləşdisə, ümid edirəm ki, burada da eyni hal cərəyan edəcək. İlhan Aşkını bəlkə sındıra və ya üzə bilərlər. Amma ədalət hər zaman öz sözünü deyəcək. Biz hər zaman Azərbaycanımızın haqlı sözünü demişik. Davamız işğalçıların Qarabağdan çıxarılması ilə bağlı idi. Biz azərbaycanlı olaraq qanı sevən millət deyilik. Torpaqları tərk etsəydilər, indiyə qədər minlərlə gənclər həyatını itirməzdi. Onlar tərəfdən də eynisi oldu. Əfsuslar olsun ki, şəhidlər verdik. Təbii ki, şəhid verilməyən torpaqda azadlıqdan bəhs etmək mümkün deyil. İnşallah bu davada da haqq yerini tapacaq".

Qeyd edək ki, İlhan Aşkın Niderland Krallığı Cəza Qanununun 137 c.1, 137 c.2, 137 c.47 maddələri (erməni irqinə qarşı üsyana təşviq etmə) ilə ittiham olunur. O, 2020-ci ilin fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə bağlı Haaqa bələdiyyəsi ərazisində təşkil etdiyi mitinqdə ermənilərə səslənərək “Qarabağdan çıxın, oralar sizin torpağınız deyil! Oralar sizə məzar olacaq!” ifadələrini səsləndirib.

Həmin ilin oktyabrında Gəncəyə raket hücumları ilə bağlı Haaqada Ermənistan səfirliyi önündə çıxışlar edib.

Eyni zamanda sosial mediada ermənilərin Qarabağda mina xəritələrinin Azərbaycana verilməməsi ilə bağlı sərt fikirlər səsləndirmişdi: “Əgər Ermənistan mina xəritələrini Azərbaycana vermirsə, müharibədə əsir düşən erməniləri həmin minalı ərazilərdə gəzdirmək lazımdır”.


Müəllif: Əsəd Məmmədəliyev