15 May 09:23
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Rusiya Prezidenti Vladimir Putin qarşıdakı dövrdə keçmiş sovet və ya MDB ölkələri ilə əlaqələrə diqqətin artırılacağını açıqladı. Rusiya lideri bunun həmişə onlar üçün prioritet olduğunu dedi. Sizcə, Putinin keçmiş sovet ölkələri ilə bağlı nə kimi yeni hədəfləri var, niyə bu mövzuya sıx diqqət ayırmağı lazım bildi?

- Putin bunu ilk dəfədir səsləndirmir. Ukraynada müharibənin başlaması ilə Qərb dövlətləri ilə münasibətlərin pisləşməsi və beynəlxalq sanksiyaların tətbiqindən sonra Rusiya qonşularıyla əlaqələrini inkişaf etdirməyə başladı. Əslində son üç ildə Putindən fərqli söz eşitməmişəm, həmişə o sözü deyir ki, qonşularla, MDB ölkələri ilə əlaqələri və əməkdaşlığı inkişaf etdirmək lazımdır. Çünki başqa alternativləri yoxdur. Düzdür, Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS kimi təşkilatlar var ki, bu çərçivədə bir sıra uzaq ölkələrlə əlaqələr var, amma əsas qonşulardır. Əsas Cənubi Qafqaz və Orta Asiya ölkələridir, Baltikyanı dövlətlər də qonşudur, amma onlarla heç bir münasibət yoxdur. Ukrayna ilə müharibə vəziyyətidir, Moldova ilə də münasibətlər gərgindir, qalır Cənubi Qafqaz və Orta Asiya.

Cənubi Qafqazda da vəziyyət Rusiya üçün xoşagələn deyil, Gürcüstanla diplomatik münasibətlər yoxdur, Ermənistan uzaqlaşmağa çalışır, bir Azərbaycan, bir də Orta Asiya ölkələri ilə tərəfdaşdırlar. Yəni başqa alternativ olmadığı üçün Putin üç ildir bunu təkrarlayır ki, MDB ilə əməkdaşlığı genişləndirmək lazımdır. Bunun içində nə olduğunu demir, yəqin konkret planları da yoxdur. Məsələn, Ukraynada müharibə başladıqdan sonra Orta Asiya ölkələri Rusiyadan ehtiyat etməyə başlayıblar, Qərb və Çinlə əməkdaşlığı genişləndirməyə çalışırlar, türk dünyasına önəm verirlər, Azərbaycan və Türkiyə ilə əməkdaşlığa can atırlar. Üstəgəl, Rusiyadan yan keçən nəqliyyat xətlərini inkişaf etdirməyə çalışırlar. Əslində vəziyyət Putinin dediyi kimi də deyil.

- İndi Rusiya bu ölkələrə bərabərhüquqlu tərəfdaş kimi yanaşacaq, ya yenə də imperiya maraqlarından baxacaq?

- Rusiyanın siyasətində dəyişən heç nə yoxdur. Rusiyanı tarixən yaxşı tanıyırıq, 200 ildir yürütdüyü siyasətini görə-görə gəlirik. Rusiya heç vaxt qonşu ölkələrə bərabərhüquqlu tərəfdaş kimi baxmır. Baxsaydı, Ukraynaya hücum etməzdi, Gürcüstan ərazisini işğal etməzdi, Moldovaya təzyiq etməzdi. Orta Asiya ölkələrinə də yuxarıdan aşağı baxış var.

Azərbaycana gəlincə, bəli, biz uğurlu xarici və təhlükəsizlik siyasəti yürüdürük. Həmçinin Rusiyanın bizə qarşı istifadə etdiyi təzyiq alətlərini ortadan qaldırmışıq. Birincisi, erməni separatizmi idi ki, bunu ləğv etdik, 200 illik məsələyə son qoyduq. İkincisi, Rusiya hərbçiləri Azərbaycandan çıxdılar, mayın sonunadək sonuncu partiyalar da ərazimizi tərk edəcəklər. Rusiyanın özü də Azərbaycanla münasibətləri kormalamaq istəmir, onsuz da bir dostu qalmayıb.

- Rusiya hərbçilərinin Qarabağdan sonra Ermənistanın Azərbaycanla sərhədlərindən çıxması nə ilə əlaqəlidir?

- Rusiyanın başqa alternativi yox idi. Üstəgəl, indi sərhəd müəyyənləşmə mərhələsindədir, Ermənistan da Rusiya hərbçilərini sərhəddə uzun illər əvvəl yerləşdirməyib, iki-üç ildir. Azərbaycan ordusu Qarabağda uğurlu hərbi əməliyyatlar keçirdikdən sonra Ermənistan rəhbərliyi qorxdu və Rusiyadan xahiş elədi ki, Azərbaycanla sərhəddə hərbçilər yerləşdirsin. Əslində sayları da çox deyil. İndi Rusiya sərhəddən çıxır, çıxmasaydı, bu, Azərbaycanla münasibətlərdə gərginlik yaradacaqdı. Bu da Rusiyaya lazım deyil. Paşinyan Putinlə görüşdə onu rahatladan bir fikir də söylədi ki, Türkiyə və İranla sərhədlərdəki Rusiya hərbçiləri qalacaq. Paşinyan həm Putini narazı salmaq istəmədi, həm də Ermənistanın elə bir potensialı yoxdur ki, bütün sərhədlərində hərbi qüvvə yerləşdirsin. Belə olsaydı, “Yerkrapa” və digər terror təşkilatlarına ehtiyac duymazdılar.

- Həm Ermənistan, həm də Gürcüstan daxilində kifayət qədər gərgin vəziyyət hökm sürür. Gürcüstanda Qərb, Ermənistanda Rusiya tərəfdarları hakimiyyətə qarşı etiraz aksiyaları keçirirlər. Nə baş verir, proseslərin üst-üstə düşməsi təsadüfdürmü? Hər iki ölkədə hadisələrin gedişi və mümkün nəticələri necə proqnozlaşdırırsınız?

- Məncə, Ermənistandakı hadisələr qırmızı xətti aşmayacaq, bir müddət sonra keşişin yürüş və mitinqləri səngiyəcək. Çünki radikallar elə də böyük qüvvə toplaya bilmədilər. Paşinyan bir müddət sonra hadisələri polis gücünə yatırdacaq. Yəni Paşinyana elə bir təhlükə yoxdur. Təhlükə olsaydı, Danimarkada keçirilən konfransa qatılmazdı, ölkəsində oturub proseslərə nəzarət edərdi. Hər şeyə əl atdılar, Paşinyanı devirə bilmədilər. İndi siyasi qüvvələr kilsə ilə birləşib nəsə eləməyə çalışırlar, amma etirazlara rəhbərlik edən keşişin bilik, bacarıq və təcrübəsi olmadığına görə Paşinyan rahatdır.

Gürcüstana gəlincə, bəli, burada vəziyyət bir qədər cızıqdan çıxıb. Gürcüstan hökuməti Avropa Birliyi və NATO-ya öz gündəmi ilə daxil olmaq istəyir. Amma bununla bağlı Qərbdən ciddi tənqidlər var. Gürcüstan Brüssel və Vaşinqtona müstəqil xarici siyasət yürütdüyü sübut etməyə çalışır, Qərbdə də bunu qəbul etmək istəmirlər. Hesab edirəm ki, gərginlik bir müddət də davam edəcək. Zatən, payızda parlament seçkiləri keçiriləcək, hakim “Gürcü Arzusu” Partiyası da arxayındır ki, qalib gələcək. Arxayın olmasaydı, etirazla qarşılanan “Xarici agentlər haqqında” qanun layihəsinin qəbulunu seçkilərdən sonra saxlayardı.

- Azərbaycanla Ermənistan arasında sülh və delimitasiya prosesi necə olacaq? Almatıdakı son görüşdən sonra Bakı və İrəvandan verilən açıqlamalar kifayət qədər pozitiv oldu.

- Məncə, Almatı görüşü faydalı oldu, hər iki tərəf pozitiv notlara köklənmişdi. Maraqlıdır ki, xarici işlər nazirlərinin görüşdən sonra verdikləri açıqlamalar demək olar, oxşar idi. Yəni ayırıcı yox, birləşdirici məsələlərə önəm verdilər. Üstəgəl, sərhədlərin müəyyənləşdirilməsi prosesi davam edir, dirəklər basdırılır, kəndlərimiz qaytarılır. Amma bu o demək deyil ki, sərhədləri tezliklə müəyyənləşdirmək asan olacaq. Elə ərazilər ola bilər ki, orada mübahisələr yaransın, amma bu, problem deyil. Əsas odur ki, proses başlayıb və davam edir.

Almatı görüşünə gəlincə, bu, həm də ona görə faydalı oldu ki, bir-birlərinə zidd olan qüvvələr də dəstəklədilər. Rusiya, ABŞ, hətta Fransanın özü Qazaxıstan görüşü ilə bağlı dəstək açıqlaması verdi. Demək, Qazaxıstan formatı Azərbaycan və Ermənistan üçün faydalıdır. Düşünürəm ki, bu formatın davam etdirilməsi tərəflər üçün xeyirli olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər