15 May 10:34
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yepiskop Vazgen (Baqrat) Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” Hərəkatı Ermənistanın mövqelərini zəiflədir, Rusiya bundan yararlana bilər.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Qaregin Miskaryan deyib.

Ekspert hərəkata sırf rusiyayönümlü tanınmış simaların qoşulduğunu bildirib: “Demirəm ki, küçəyə çıxanların hamısı Rusiya agentləridir, amma bu hərəkat Ermənistanın maraqlarından irəli gəlmir”.

Miskaryan Rusiyanın Ermənistandakı “5-ci kolon”u ilə sinxron işlədiyini vurğulayıb.

Politoloqun fikrincə, hərəkata rəhbərlik edən qüvvələr geniş ictimai dəstəyin olacağına əmin olsaydılar, başqa yol tutardılar:

“Məsələn, parlament müxalifətinin üzvlərinin mandatlarından imtina etmələri kimi. Amma geniş ictimai dəstəyin olmadığına əmin olduqları üçün bunu etmirlər. Onların probleminin Nikol Paşinyanın istefası olduğunu düşünmürəm, bu, belə demək mümkünsə, planın maksimum və ya minimumudur. Əsas məqsədləri Ermənistanda qeyri-sabitlik yaratmaq, ictimaiyyətdə məğlubiyyət hissini dərinləşdirmək, ümidsizlik yaratmaq, “hər şey pisdir”, “hər şey dağılır” tezislərini irəli sürür”.

Miskaryan kilsənin siyasi prosesə qoşulmaqla konstitusiyanı kobud şəkildə pozduğunu, keşişlərin arxasınca gedənlərin cahil kütlə olduğunu qeyd edib: “İnsanlar bir-iki kitab daha oxusaydılar, həm küçəyə çıxanlar, həm də küçəyə çıxanlara dəstək verənlər belə bir addım atmazdılar”.

Ekspert hesab edir ki, kilsənin siyasi prosesə öncüllük etməsi müasir dünyanın standartları və Avropaya inteqrasiya məqsədlərinə uyğun gəlmir.

Miskaryana görə, radikal və revanşist müxalifətin Nikol Paşinyan hökumətinə alternativi yoxdur:

“Bu hakimiyyət uğursuz da ola bilər, amma siyasi meydanda ona alternativ qüvvə yoxdur. Əvvəllər erkən seçki tələb edən də, uduzan da həmin qüvvələrdir, yəni siyasi meydanda vəziyyət dəyişməyib. İndi yenə də erkən seçki və yeni ideyalardan danışırlar, bu iddianı absurd hesab edirəm. Çünki durum dəyişməyib”.

Miskaryan erkən seçki tələb edən revanşistləri Rusiyaya ardıcıl və qeyd-şərtsiz xidmət etməkdə ittiham edib.

“Hərəkat liderlərinin bəyanatları siyasi yox, populistdir. Adi demaqogiyadır. Küçələri bağlamaqla sülh təbliğatı aparmaq olar?”, - ekspert əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər