15 May 14:44
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxın anklav olmayan kəndləri bu gün, yəni mayın 15-i təhvil verilməli idi. Ermənistan tərəfi ola bilsin ki, daxildə olan müəyyən gərginlik fonunda bunun üçün əlavə vaxt istəsin. Amma bu da az ehtimal edilən bir variantdır. Çünki erməni tərəfindən adətən belə manipuliyasiyalar edilib.

Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov deyib.

“Bütün hallarda Ermənistanda nəyin baş verib-verməməsindən asılı olmayaraq bu ilin 19 aprelində imzalanmış bəyanat və burada göstərilmiş tarixlərdə olan məsələlər öz həllini tapmalıdır” - deyə o qeyd edib.

Politoloq hesab edir ki, indiki halda Ermənistanda keçirilən aksiyalar guya bu prosesə etiraz əlaməti daşıyırdı:

“Əslində bu adla başlayan aksiyalar indi formasını və tələblərini dəyişib. Qazax istiqamətində delimitasiya aparıldı. Amma buna qarşı həmin ərazidə yaşayan insanlardan narazılıq olmadı. Sadəcə olaraq bu və ya digər məsələlərdən istifadə edib Ermənistandakı revanşistlər Nikol Paşinyana qarşı addımlar atmaq, hakimiyyəti devirmək istəyir”.

Oqtay Qasımovun fikrincə, Ermənistanda susqun təbəqə yaxşı bilir ki, bu aksiyalar Paşinyanın devrilməsi ilə yekunlaşacaqsa, bu, növbəti dəfə Azərbaycanla qarşıdurma və savaş deməkdir:

“Onlar isə savaşdan qorxur, övladlarını itirmək istəmir. Ona görə də, bütün hallarda Qazaxın anklav olmayan kəndlərinin təhvil verilməsi öz həllini tapmış məsələlər sırasındadır. Çünki o istiqamətdə sərhədlər artıq müəyyənləşib. Demarkasiya prosesi də davam edir. Bu kontekstdə məsələ yubadıla bilməz. Kəndlərin təhvil verilməsi ilə bağlı informasiyanın verilməsi yubadılsa da, prosesin özünu saxlamaq mümkün deyil”.


Müəllif: Tapdıq Qurbanlı