15 May 14:18
10 627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gecə saatlarında MİT rəisi İbrahim Kalın və ədliyyə naziri Yılmaz Tunçla görüşüb. “Türkiyə” qəzeti yazır ki, təcili toplantı MHP sədri Dövlət Baxçalının dövlət çevrilişi ehtimalı ilə bağlı xəbərdarlığıyla əlaqəlidir. Baxçalı polis və məhkəmə sistemində dövlət çevrilişi hazırlayan şəbəkənin olduğunu bildirmişdi. Nəşr bu kontekstdə bəzi Qərb və bölgə dövlətlərinin adlarını çəkib.

Qardaş ölkədəki son gəlişmələri Teleqraf.com-a şərh edən politoloq Natiq Miri hesab edir ki, bu məsələ barədə danışarkən, Türkiyə və qonşu regiondakı duruma baxmaq lazımdır.

Ekspertin fikrincə, bu gün Türkiyənin münasibətlərinin gərgin olduğu dövlətlərin başında İsrail, eləcə də onun strateji müttəfiqi ABŞ durur:

“Müəyyən müsbət siqnallara baxmayaraq, ABŞ ilə Türkiyə arasında gərginlik və müəyyən problemlər var. Çünki Amerika hələ də Türkiyəni regional güc və müstəqil dövlət kimi qəbul edə bilmir. Bu problem həmişə ABŞ-Türkiyə gündəmində olub. FETÖ-nün Türkiyə əleyhinə fəaliyyətləri və bu terror təşkilatlarının Amerikaya sığınmış liderlərinin təhvil verilməməsi, eləcə də bəzi silahlarla bağlı Ankaraya sanksiyaların tətbiq edilməsi münasibətlərin rəvan getmədiyini göstərir. Belə bir fonda çevriliş ehtimalının gündəmə gətirilməsi diqqəti Türkiyəni qəbul etməyən dövlətlərə yönəldir.

Bəzi xarici ölkələrin xüsusi xidmət orqanları həmişə Türkiyədə çevriliş məsələsinə xüsusi önəm veriblər. Zaman-zaman bu yöndə Türkiyəyə qarşı müəyyən əməliyyatlar olub. MİT-in ötən il bəzi bölgə ölkələrinin casus şəbəkələrinin ifşa edilməsi ilə nəticələnən əməliyyatı da hər kəsə bəllidir. İndi isə bəzi məlumatların Türkiyədən xarici xidmət orqanlarına ötürülməsi məsələsi üzə çıxarılıb.

Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının bu məsələ ilə bağlı konkret çıxışı və təklifləri var. MHP lideri bildirir ki, bu şəbəkənin başında polis sistemindən uzaqlaşdırılmış bəzi şəxslər durur. Bu, təşkilatlanmış cinayətkar şəbəkədir. Demək ki, dövlətin içində müəyyən imkanlar və məlumatlara malik insanlar vasitəsilə dövlət və hakimiyyətə qarşı belə bir proses hazırlanıb. Əgər bu, dövlətə təhlükə yaratmasaydı, Prezident Ərdoğanın gecəliklə MİT başqanı və ədliyyə naziri ilə görüşünə ehtiyac olmazdı. Demək ki, ortada potensial bir təhlükə var və bunun dərhal zərərsizləşdirilməsi ilə bağlı göstəriş verilib”.

Natiq Mirinin sözlərinə görə, adekvat addımlar atılmalıdır, çünki bu şəbəkələri yaradan və maliyyələşdirən konkret mərkəzlər var:

“Bu mərkəz və şəbəkələr təkcə Türkiyə xaricində yox, həm də daxildədir. Həmin şəbəkələrin tapılaraq zərərsizləşdirilməsinə və ipini çəkərək, hara qədər gedə biləcəklərini müəyyən etməyə ehtiyac var. Hesab edirəm ki, vaxtında ifşa edilən bu dağıdıcı prosesin bir daha təkrarlanmaması üçün təhlükəsizlik sərt şəkildə gücləndirilməlidir. Türkiyə dövləti bunun öhdəsindən gələcək. Amma bu, müəyyən ölkələrlə münasibətlərə çox ciddi təsir edəcək. Bu kontekstdə bəzi Qərb dövlətləri ilə yanaşı, müəyyən region ölkələrinin də davranışlarına baxmaq lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər