4 İyun 16:36
298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Enerji təhlükəsizliyi hər bir dövlət üçün olduqca mühüm strateji məsələlərdən biridir. Azərbaycan enerji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirdiyi uğurlu siyasət nəticəsində enerji asılılığına son qoymaqla yanaşı, dünyada bu istiqamətdə aparıcı dövlətlərdən birinə çevrilməkdədir. Ölkəmiz bu istiqamətdə beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi qəbul olunur. Bu baxımdan Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power”sərgiləri ölkəmizin energetika sahəsində əldə etdiyi uğurları, enerji potensialının beynəlxalq investorlara təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkətin iştirakı və dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərinin bir araya gəlməsi Azərbaycana beynəlxalq səviyyədə artan diqqətin bariz nümunəsidir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, ölkəmizdə ilk neft-qaz sərgisi 1994-cü ildə keçirilib və həmin ildə “Əsrin müqaviləsi” imzalanıb: “Bu il Azərbaycanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür. Bu müqavilə ölkəmizdə vəziyyəti kökündən dəyişməklə yanaşı, sərmayələr cəlb edilməsinə və iqtisadi sabitliyin təmin olmasına şərait yaradıb. Bununla da, Azərbaycan firavan gələcəyə doğru irəliləyib. Vaxilə Şahdəniz layihəsi böyük enerji strategiyasının əsasını qoyduğu kimi, 4 iyun 2024-cü il də əsası qoyulan layihələr də bərpa olunan enerji sahəsində yeni eranın başlanğıcı olacaq”.

Deputat xatırladıb ki, 1994-cü ildə I Qarabağ müharibəsi başa çatdı, atəşkəs imzalandı və ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalandı: “O zaman Azərbaycan olduqca riskli bir məkan sayılırdı, müstəqilliyini yeni əldə etmişdi, müstəqilliyimizin 3 yaşı var idi və bir çox insan Azərbaycan haqqında məlumata malik deyildi. Ölkəmizin harada yerləşdiyini bilmirdi. Dövlətimiz keçid dövründə idi. Azərbaycan həmin vaxt sovet sistemindən bazar iqtisadiyyatına keçid dövrünü yaşayırdı. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi. Ərazilərimizin işğalı, bir milyondan artıq qaçqın-köçkün, vətəndaş qarşıdurması - bütün bunlar sərmayəçiləri bir növ qorxudurdu. Həmin dövrdə Azərbaycanın neft kəmərləri, infrastrukturu yox idi. Hətta ölkədə mülki infrastruktur da geridə qalmışdı. Amma bütün bunlara baxmayaraq bir çox səylər nəticəsində Azərbaycan öz tərəfdaşlarını buraya cəlb edə bildi. Bu gün Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlar göz qabağındadır. Artıq Azərbaycan bu istiqamətdə böyük təcrübəyə sahib ölkə kimi bir çox beynəlxalq layihələrin təşəbbüskarı kimi çıxış edir. Bu baxımdan deməliyik ki, Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir. Bu, dünyada çox nadir enerji toplantısı hesab edilir. ABŞ prezidenti Co Bayden bu tədbirlə bağlı göndərdiyi məktub prosesin mahiyyətini və xarakterini ifadə edir. ABŞ prezidentinin Azərbaycana ünvanladığı ikinci məktub əslində Azərbaycan-Amerika münasibətlərinin pozulduğunu iddia edənlərə əsaslı cavabdır. Azərbaycanla Birləşmiş Ştatlar arasında mövcud olan dinamik münasibətləri pozmağa çalışan erməni lobbi dairələri heç nəyə nail ola bilmədi. ABŞ bundan sonra da Azərbaycan-Ermənistan münasibətlərində neytrallığını qorusa, Bakı-Vaşinqton münasibətləri daha da inkişaf edəcək”.

Millət vəkili hesab edir ki, bu nəhəng tədbirin iyun ayının 4-də keçirilməsi də təsadüfi deyil: “Bu tarix yalnız, 20 il bundan öncə “Şahdəniz” müqaviləsinin imzalanması ilə deyil, eyni zamanda, BƏƏ-nin “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Cənab Prezident İlham Əliyev Bakı Enerji Həftəsindəki çıxışında “Şahdəniz” müqaviləsinin əhəmiyyətini xüsusilə vurğulayaraq qeyd edib: ““Şahdəniz” Azərbaycanda qaz qıtlığına son qoydu. Çünki ondan əvvəl biz təbii qazı idxal edirdik, indi onu ixrac edirik və bizim ixracımız artır, çox güman ki, bu il 24 milyard kubmetrdən artıq olacaq. Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi”. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Azərrbaycan dünyada etibarlı tərəfdaş kimi özünü sübut edib. Aydın məsələdir ki, idxaldan asılı olan ölkələr hər zaman özlərinə etibarlı tərəfdaş axtarırlar. Bu baxımdan Azərbaycan, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə ilə dünyada özünə böyük nüfuz qazanmışdır. Artıq, bütün dünya bilir və qəbul edir ki, Azərbaycan Prezidentinin sözü imzası qədər dəyərlidir. Son 30 ildə imzalanmış bütün müqavilələrin tam icra olunması, onların hamısının parlament tərəfindən ratifikasiya olunması və qanun şəklində imzalanması bunun əyani göstəricisidir”.

Tamam Cəfərova vurğulayıb ki, enerji sahəsində Azərbaycanın qazandığı uğurlar bu istiqamətdə ölkəmizin yaratdığı yeni reallıqları əks etdirir: “Bu baxımdan qeyd etməliyik ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin mühüm bir istiqamətidir. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artıb. Azərbaycan bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasət nəticəsində dünyanın aparıcı dövlətlərindən birinə çevilməkdədir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər