Politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Son günlər Zəngəzur dəhlizinin açılması və burada kimlərin maraqlı olması ilə bağlı məsələlər yenidən gündəmə gəlib. Rusiyanın dəhlizlə bağlı mövqeyində hansı dəyişikliklər var?
- Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkinin ölkəsinin Zəngəzur dəhlizinin açılmasında maraqlı olmaması ilə bağlı fikirləri şübhəlidir. Bunun əksinə Rusiyanın bu dəhlizə nəzarət etmək niyyəti var. Burada istinad nöqtəsi də 10 noyabr 2020-ci ildə əldə edilmiş üçtərəfli bəyanatdır. Eyni zamanda Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın dövründə Ermənistanın dəmir yolları Rusiyaya satılıb. Yəni indiki halda Ermənistanın dəmir yolları anlayışı yoxdur. Bu yollar Rusiyanın tam nəzarətindədir. Əgər bu gün Zəngəzurdan dəmir yolu çəkilmiş olsa, Rusiya tələb edəcək ki, “onu biz idarə etməliyik”. Ona görə də, Rusiyanın Zəngəzur dəhlizindən imtinasına birmənalı yanaşmaq olmaz.
- Orta Dəhliz konsespsiyasında Zəngəzur dəhlizinin reallaşması amilini necə dəyərləndirirsiniz?
- Zəngəzur dəhlizi Orta Dəhliz layihəsinin bir hissəsi olacaq. Orta Dəhliz isə Rusiyadan keçən dəhlizin alternatividir. Bu dəhlizlə Çindən üç istiqamətdə mallar Avropaya daşınır. Burada birinci istiqamət okeanlar üzərindəndir ki, bu da çox vaxt aparır. İkinci istiqamət daha qısa, amma hazırda problemli olan Rusiyanın ərazisi ilə dəmir yolu ilə olan daşımalardır. Hazırda Rusiya-Ukrayna müharibəsinə görə, Qərbin Rusiyaya qarşı sanksiyaları var. Avropa dövlətləri Rusiya üzərindən Çin məhsullarının daşınmasında o qədər də maraqlı deyil. Burada üçüncü istiqamət Mərkəzi Asiya ölkələri üzərindən Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və yaxud Ermənistan razılaşarsa, Zəngəzur dəhlizi ilə Azərbaycan-Ermənistan-Türkiyə və Avropaya çıxış əldə edilə bilər. Rusiyada düşünürlər ki, Zəngəzur dəhlizinə nəzarət edə bilərlərsə, Orta Dəhlizə də nəzarət etmiş olarlar. Bu isə Azərbaycanın maraqlarına cavab vermir.
- ABŞ Zəngəzur dəhlizinə marağının artmasına səbəb nədir? Ağ Ev bu xətt üzərində hansı məqsədlərini reallaşdırmağa çalışır?
- Son vaxtlar Amerikanın Zəngəzur dəhlizinə marağının artması başqa amillərlə bağlıdır. Əvvəlcədən də proqnozlar verilirdi ki, Amerika bu dəhlizi dəstəkləməlidir. Çünki Ağ Ev tərəfindən Orta Dəhlizin dəstəklənməsi ilə bağlı müəyyən fikirlər söylənilir. Çox maraqlıdır ki, indiki şəraitdə Amerika ilə Çin rəqabət içərisindədir. Aralarında müəyyən gərginlik var. Onlar müxtəlif ərazilərdə mübahisəli məsələlərə malikdir. Son olaraq Monqolustan məsələsində iki dövlət arasında gərginlik yaşandı. Monqolustan Rusiya və Çinlə ümumi sərhədə malikdir. Amma indi ABŞ və Avropa İttifaqı özü də Monqolustana maraq göstərir. Rusiya da Monqolustan üzərindən dəmir yolu ilə Çinlə əlaqələri gücləndirmək istəyir. Vaxtilə Çinin keçmiş müdafiə naziri Monqolustanla əlaqələrə nəzarət edirdi. Fakt odur ki, müxtəlif qitələrdə ABŞ, Rusiya, Çin arasında ciddi rəqabət gedir. Cənubi Qafqazda da bu özünü göstərir.
- Belə çıxır ki, Amerika və Çin Orta Dəhliz və onun bir hissəsi olacaq Zəngəzur dəhlizi məsləsində ortaq mövqeyə malikdir. Bu halda üçüncü tərəfin neytrallaşdırılması üçün hansı addımlar atıla bilər?
- Fakt odur ki, Orta Dəhliz məsləsində Amerika ilə Çinin maraqları üst-üstə düşür. Çin Orta Dəhlizlə Cənubi Qafqazdan Avropaya çıxmaq niyyətindədir. Amerika da eyni mövqedədir. Çünki Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri Amerikanın tərəfdaşlarıdır.
- İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyində nə kimi dəyişikliklər gözlənilir?
- Prezident seçkilərindən sonra İranda hakimiyyətə gəlmiş Məsud Pzeşkiandan gözləntilər çoxdur. Azərbaycanla münasibətlərin normallaşması, yaxşılaması, ortaq layihələrin reallaşması istiqamətində müvafiq addımların atılması ehtimal olunur. Sözsüz ki, Azərbaycan tərəfi İrandan keçmiş açıqlamları eştimək istəmir. “Sərhədlərin dəyişməsi qırmızı cizgilərimizdir, Zəngəzur dəhlizinin açılmasına yol vermək olmaz” kimi mövqelərdən İran rəsmiləri imtina etməlidir. Bu münasibətləri daha da gərginləşdirir. Dəfələrlə vurğulanıb ki, Zəngəzur dəhlizi İranın maraqlarının əleyhinə deyil. İranın özü də buradan istifadə edə bilər. Hətta Azərbaycan tərəfindən xoş niyyət olaraq İranla Araz dəhlizi layihəsinə də yaşıl işıq yandırıldı.
- Avropa İttifaqının bölgə ilə bağlı əsas hədəfi nədir? Bu kontekstdə Ermənistanın silahlandırılması hansı məqsədlərə xidmət edir?
- Hazırda Azərbaycanı ən narahat edən mövzulardan biri Ermənistanın silahlandırılmasıdır. Hazırda dəhlizlər və digər kommunikasiya xəttlərinin müzakirəsi getdiyi vaxtda Ermənistan ayrı-ayrı ölkələrdən silahlar alır. Kasıb bir dövlətin bu qədər pulları haradan alması çox maraqlıdır. Ermənistan büdcəsindən silahlanmaya bu qədər maliyyə ayrılması inandırıcı deyil. İrəvanı silahlandıranlar, onunla birgə hərbi təlimlər keçirənlər anlamalıdır ki, bunun nəticəsində Azərbaycana qarşı təxribatların olması qaçılmazdır. Bu da nəticədə lokal müharibəyə gətirib çıxaracaq. Çünki Azərbaycan buna seyirci qalmayacaq. Hazırda Nikol Paşinyan da Ermənistan ordusuna tam nəzarət etmir. Bunu özü də etiraf edib ki, “Ermənistan ordusunda 5-ci kolon var”. Azərbaycanla isə sülh sazişi imzalanmayıb. Ona görə də, belə bir şəraitdə Ermənistanın silahlanması təhlükələrə yol aça bilər. Azərbaycan Müdafiə Nazirliyi də Ermənistanın təxribatlarına cavab olaraq açıqlama verdi ki, buna seyirci qalmayacaq.
- Ermənistanın üzərinə düşən şərtlərdən imtina etməsi hansı arqumentlərə əsaslanır?
- Dünya müharibə tarixləri göstərir ki, məğlub tərəf, qalib ölkənin şərtlərini yerinə yetirməlidir. I Dünya müharibəsinin nəticəsində üç imperiya dağıldı. II Dünya müharibəsi nəticəsində Almaniyanı parçaladılar. Yaponiyanın konstitusiyasını qalib Amerika yazdı. II Qarabağ müharibəsinin qalibi Azərbaycandır. Amma Bakı İrəvana heç də ağır şərtlər irəli sürmür. Azərbaycan bəyan edir ki, Ermənistan konstitusiyasında ərazi iddialarını ehtiva edən bəndlər çıxarılmalıdır. Həmçinin təxribatların dayanaması fonunda, ATƏT-in Minsk Qrupundan imtina olunmalıdır. Bunlar heç də ağır şərtlər deyil. Məhz bu şərtlərin yerinə yetirilməsi müqabilində sülh və ya çərçivə razılaşması imzalana bilər.