ABŞ-nin növbəti dəfə Azərbaycanla Ermənistan arasında sülh üçün tərəflərin kompromisə getmələrini önə çəkməsi birmənalı qarşılanmır. Burada söhbətin hansısa kompromisdən getdiyini söyləmək çətindir. Bu mərhələ artıq arxada qalıb. Artıq iki ölkənin sərhədləri bəlli olur, tərəflər öz sərhədlərini qoruyur.
Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Onun fikrincə çox güman ki, Ağ Ev tərəflər arasında kompromis dedikdə Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutur:
“Ermənistan belə bir addım atsa, bu, ciddi kompromis olacaq. Azərbaycanın isə qarşı tərəfə edəcəyi kompromis variant isə ancaq sülhlə bağlı addım atmaqdan ibarətdir”.
Partiya sədri hesab edir ki, Azərbaycan dünyada işğalçı dövlət kimi tanınan Ermənistanı öz hüdudlarına qaytarıb:
“Eyni zamanda Azərbaycanın başqa bir dövlətin ərazisində gözü yoxdur. Öz torpaqlarını qorumaqdan başqa rəsmi Bakı hansısa bir davranış sərgiləmir”.
Fazil Mustafaya görə, verilən açıqlamalar Ermənistanın dəhliz və kommunikasiya xəttləri ilə bağlı mövqeyinin dəyişməsinə yönəlib.
Qeyd edək ki, davamlı olaraq Azərbaycanla Ermənistan arasında sülh prosesində müsbət irəliləyişlərin olduğunu açıqlayan ABŞ tərəflərin mümkün kompromisə getməsi amilini gündəmə gətirmişdi.