10 Avqust 09:05
1 634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zəngəzur dəhlizi ətrafında üçüncü qüvvələrin artan fəallığı nə ilə bağlıdır? Bölgədə xüsusi ilə ABŞ-nin daha çox yer almaq niyyəti, hərbi müstəvidə burada mövcudluğu nəyə hesablanıb?

- Bu bölgə strateji cəhətdən olduqca əhəmiyyətlidir. Zəngəzur dəhlizinin önəmi bundan sonra daha da artacaq. Bunun bir mühüm cəhəti bölgənin ABŞ üçün daha çox önəmli olması ilə bağlıdır. Çünki rəsmi Vaşinqton bölgədəki dövlətlərə nəzarət etmək niyyəti ilə burada yerləşmək istəyir. Bölgəni bütövlükdə nəzarətdə saxlamaq üçün Ağ Evin burada yerləşmək niyyəti açıq görünür. Amerikada düşünürlər ki, bu region bölgə dövlətləri üçün açar rolundadır. Sözsüz burada başqa məqamlar da var.

- Rusiyanın bu rəqabətdə mövqeyi necədir?

- Təbii ki, Rusiya ilə Amerika bu bölgədə strateji üstünlük qazanmaq uğurunda mübarizə aparır. Gələcəkdə bu mübarizə daha sürətli xarakter alacaq. Bu o deməkdir ki, Zəngəzur dəhlizinin iqtisadi-siyasi əhəmiyyəti üçüncü tərəflər üçün sanki bir yarış meydanına çevriləcək.

- Amerikanın bölgəyə yerləşməsi region üçün nə vəd edir?

- Amerikanın bölgəyə sürətlə daxil olması ola bilsin ki, ümumi işin faydasınadır. Amma bu, heç də ürəkaçan deyil. Burada sanki bir güclü təsir var.

- Rus hərbçilərinin Zəngəzur bölgəsindən çıxarılmasının ardınca Amerika əsgərinin bölgəyə gəlişi sanki bir sinxronluq təşkil edirdi...

- Ermənistan hakimiyyəti və onun himayəçisi olan Amerika sərhəd məsələsində özlərinə məxsus oyunlar oynayır. Məqsəd Cənubi Qafqazdan Rusiyanın bütövlükdə çıxarılmasına nail olmaqdır. Bu gün rus əsgəri Ermənistanın İran və Türkiyə ilə sərhədini qorusa da burada bir müvəqqəti yanaşma müşahidə edilir. Bölgəyə Amerikanın artan təsiri artıq özünü göstərir. Bu günlərdə məlumat yayıldı ki, ABŞ bölgədəki biolaboratoriyalarında işləri bir qədər artırıb. Bölgə üçün hansısa təhlükəli planların hazırlandığı iddia edilir. Amma təhlükəli planlardan daha çox Amerikanın maraqlarına xidmət edən proseslərin reallaşması üçün təşəbbüslər edilir.

- Ermənistanın rus hərbçilərinin ərazidən çıxması fonunda qorxusu nədən ibarətdir?

- Bu günlərdə ermənilər təxribat xarakterli məlumatlar yaymışdı. İddia edirdilər ki, Azərbaycanın anklav ərazi kimi Ermənistanın işğalında olan Kərki kəndi boşaldılıb orada heç bir əsgər yoxdur. Əksinə ərazidə Azərbaycan tankları dayanıb və onların da lüləsinin istiqaməti İrəvana yönəlib. Amma bu da onların absurd iddialarından biri idi. Sözsüz ki, Azərbaycana qarşı işğalçılıq niyyəti olmuş və olan ölkə Ermənistandır. Ona görə də, Azərbaycanın Naxçıvandakı ordusunun istiqaməti İrana tərəf deyil, ölkənin strateji maraqlarının tələb etdiyi bölgəyə, Ermənistana yönələcək. Burada hansısa militarist, qarşıdurma niyyəti yoxdur. Həmin məlumatları isə Ermənistandakı revanşist dairələrin ideologiyası ilə hərəkət edənlər dövriyyəyə buraxmışdılar.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər