Sentyabrın 11-də Rusiyanın Sankt-Peterburq şəhərində BRİKS-ə üzv və tərəfdaş ölkələrin təhlükəsizlik qurumlarının katiblərinin görüşü keçirilib. Toplantıda üzv ölkələrin terror və transmilli cinayətkarlığa qarşı birgə mübarizə üsulları müzakirə olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, toplantıda çıxış edən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu üzv və tərəfdaş ölkələrin qlobal təhlükəsizliyə töhfə verməyə hazır olduqlarını bildirib:
“Peterburqda üzv ölkələrlə yanaşı, təşkilata tərəfdaş olan ölkələrin də müşavirəsi keçirilib. Bu toplantıya Türkiyə, Serbiya, Venesuela və Belarus kimi ölkələrin nümayəndələri qatılıblar.
Şoyqu qlobal təhlükəsizlik barədə danışsa da, Rusiyanın Ukraynaya qarşı müharibəsi qlobal təhlükəsizliyə ən ciddi təhdiddir. Tədbirdə Ukrayna müharibəsi və Yaxın Şərqdəki vəziyyət müzakirə olunub. BRİKS üzvləri müharibənin sona çatmasını arzulayırlar. Rusiya Prezidenti Vladimir Putin son çıxışlarında Braziliya, Çin və ya Hindistanın vasitəçi ola biləcəyini söyləmişdi. BRİKS toplantısında çıxış edən bu ölkələrin nümayəndələri vasitəçiliyə hazır olduqlarını bəyan ediblər.
Hindistan hğkumətinin təhlükəsizlik üzrə müşaviri Ajit Doval ölkəsinin Rusiya və Ukraynanın görüş yeri kimi seçilməsinə dəstək olacağını deyib. Ukrayna Prezidenti Vladimir Zelenski də Dehlinin vasitəçiliyinin əleyhinə deyil. Ancaq Kiyev bundan əvvəl Rusiyanın işğala son qoymasını istəyir. Rusiya ordusu isə Ukraynanın şərqində irəliləməkdə davam edir”.
Təhlildə vurğulanır ki, BRİKS-ə qoşulmaq istəyən dövlətlərin sayı artıb:
“Təşkilatın genişlənməsinə oktyabr ayında Rusiyada keçiriləcək zirvə toplantısında baxılacaq. Türkiyə, Azərbaycan və Səudiyyə Ərəbistanı üzvlüyə maraq göstərir. Bu maraq BRİKS çərçivəsində regional əməkdaşlığın genişləndirilməsi imkanlarından irəli gəlir.
Azərbaycan Çin və Hindistandan başlayan nəqliyyat yollarının kəsişməsində yerləşir. Orta və Şimal-Cənub nəqliyyat dəhlizləri BRİKS üzvlərinin əksəriyyətini əhatə edir. Təşkilat üzvlüyünə maraq göstərən Səudiyyə Ərəbistanı da bölgəni əhatə edən layihələrə üstünlük verir. Səudiyyə Qırmızı dənizdəki limanını Hindistanın Mundra və Nhava Şeva limanları ilə birləşdirən yeni gəmi marşrutu açıb. Bu limanlar Hindistan və Səudiyyənin yüklərinin, o cümlədən neft-kimya məhsullarının daşınmasını asanlaşdırmaqla ticarət əlaqələrini gücləndirəcək”.