22 Sentyabr 11:24
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir.

- Qüdrət bəy, sosial şəbəkələrdə iqtidarın ciddi tənqid olunduğu məsələlərdən biri odur ki,özümüzün ehtiyacımızın olduğu halda niyə başqa ölkələrə humanitar yardım edirik?

- Bilirsiniz, məsələn, ABŞ-ın Los-Angeles şəhərində 50 min insan evsiz-eşiksiz küçələrdə gecələyir, 20 min insan isə sığınacaqlarda yerləşdirilib. Nyu-Yorkda 90 mindən artıq adam sığınacaqlarda yaşayır ki, bunun 32 mindən artığı uşaqdır, minlərlə insan küçələrdə yatır. Mən hələ başqa şəhərləri demirəm. Onda gərək ABŞ heç bir ölkəyə, təşkilata bir qəpik də olsa yardım etməsin. Yardım və xeyriyyəçilik insana ruhi rahatlıq gətirir, dostluğa, əməkdaşlığa xidmət edir, ölkənin, insanın imicini formalaşdırır. Dinimiz də bunu alqışlayır və savab iş sayır. Özbəkistan, Qazaxıstan ölkəmizdə, Qarabağda məktəb tikdilər. Həmin məktəblər qardaşlığımıza, dostluğumuza xidmət edir və biz bundan nə qədər məmnun olduq. Bu o demək deyil ki, onların öz problemləri yoxdur. Ona görə düşüncəsiz insanların dedi-qodularına qulaq asmaq lazım deyil.

- Qonşu Gürcüstanda seçkilər yaxınlaşır. Qərbyönümlülərin hakimiyyətə gəlmək imkanlarını necə qiymətləndirirsiniz?

-Gürcü xalqı İvanaşvilinin Rusiya ilə yaxınlaşmaq siyasətini dəstəkləyir. Xalq ondan o zaman üz döndərə bilər ki, Rusiya seçkilərə qədər müharibədə, döyüş meydanında ciddi məğlubiyyətə uğrasın, yaxud SSRİ 1991-ci ilin avqustunda dövlət çevrilişi cəhdi ilə böhrana girdiyi kimi, Rusiyada yeni bir siyasi böhran yaransın. 1991-ci ildə SSRİ-nin vitse-prezidenti Yanayevin uğursuz dövlət çevrilişi cəhdindən bir həftə sonra bütün müttəfiq respublikalar öz müstəqilliklərini elan etməyə başladılar, SSRİ dağıldı. Başqa variantlarda, Qərbin müxalifətə verdiyi dəstəyin həcmindən asılı olmayaraq Gürcüstanda hakimiyyət dəyişikliyini mümkün saymıram.

- Gürcüstanda hakimiyyət dəyişikliyi bizə necə təsir edə bilər?

- Saakaşvilinin prezidentliyi dönəmində də bizim Gürcüstanla münasibətlərimiz yaxşı olub. Qonşularımızda hansı siyasi rejimin və kimin hakimiyyətdə olmasından asılı olmayaraq, onlarla yaxından əməkdaşlıq etməliyik. Onların bizə münasibətdə siyasəti pisə doğru dəyişərsə, bu başqa məsələ. Gürcülərin də bizimlə yaxından əməkdaşlığa ehtiyacı var.

- Zelenskinin sülh planı haqqında da fikirlərinizi bilmək maraqlı olardı.

- Əslində o, ABŞ-ın maksimalist planıdır ki ,sonradan geri çəkilmələr, güzəştlər olacaq. Tərəflər öz müttəfiqləri ilə birlikdə müharibədən yorulur. Ukraynanın müttəfiqləri çalışacaqlar ki, Rusiya da indiki maksimalist mövqeyindən geri çəkilsin, Ukraynaya deyəcəklər ki, Rusiyanı sakitlşdirmək üçün ərazi güzəştinə getsin. Son günlər Rusiyanın silah anbarlarının vurulması Rusiyanı yola gətirmək üçündür. Həmin dəmir-beton anbarları yalnız ABŞ raketləri ilə dağıtmaq mümükündür. Amma hər iki tərəfi qane edir desinlər ki, dronlarla zərbə endirilib. Çünki ABŞ-ın Rusiyanın dərinliklərini vura bilən silahların Ukraynaya verilməməsinə dair Rusiya qarşısında öhdəliyi var. Mənə elə gəlir ki, bu öhdəlik qarşılığında Rusiya Ukraynanın bəzi ərazilərindən çıxdı. Hazırda ya tərəflərdən biri ciddi şəkildə məğlub olmalı, ya da siyasi böhranla üzləşməlidir ki, sülh əldə etmək mümkün olsun. İndiki halda sülh əlçatmaz görünür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər