09:23
380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Azərbaycana olunan təzyiqlər ABŞ dövlətinin geosiyasi maraqları çərçivəsində baş verir. ABŞ-ın rəhbərlik etdiyi Qərb Rusiya-Ukrayna müharibəsi kontekstində yaranan vəziyyəti, eynən Moskvanın güclü olduğu və geosiyasi maraqlarının fundamental olaraq yerləşdiyi Cənubi Qafqaz və Orta Asiya coğrafi məkanlarına da transformasiya edir. Yəni Moskvanın zəifləməsindən istifadə edən Qərb Rusiyanın nüfuzunun olduğu digər bölgələrdə də Kremli sarsıtmağa başlayıb. Cənubi Qafqazda da baş verən hadisə bundan ibarətdir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda da ABŞ-ın istinadgahı, yerləşə biləcəyi və bütövlükdə Cənubi Qafqazda ən zəif bənd Ermənistandır:

“Belə hallarda hər zaman ən zəif bənd axtarılır ki, bu zəif bəndə də müəyyən təsirlər etməklə sistemi təlatümə gətirmək mümkün olur. Baş verən budur. Bu kontekstdə əlbəttə ki, ABŞ-ın sadəcə prosesə müdaxilə etməsi, müəyyən təlatümlər yaratması yetərli deyil. ABŞ eyni zamanda Cənubi Qafqazın ən təsirli ölkələrini də ram etməlidir. İndiki vəziyyətdə Gürcüstanda, yəni Qərbin Cənubi Qafqaza giriş qapısı olanda siyasi vəziyyət ABŞ-ın maraqlarına uyğun deyil. Hesab olunur ki, artıq Gürcüstan Qərbə yox, tədricən Rusiyaya istiqamət götürməyə başlayıb. Buna görə Gürcüstana qarşı artıq sanksiyalarla bağlı hədələr və praktik fəaliyyətə keçilib. Hətta hakimiyyətin əsas xaç atası olan Bidzina İvanişviliyə qarşı konkret sanksiyaların tətbiq olunması nəzərdə tutulur. Bu, bir təzyiq formasıdır".

Politoloq bildirib ki, Azərbaycan Cənubi Qafqazda ən müstəqil siyasət yürüdən ölkədir:

“Problem burdadır ki, ABŞ Azərbaycanı istədiyi kimi idarə edə bilmədiyi üçün bu cür təzyiqlərə başlayıb. Burada da Azərbaycana qarşı istifadə olunacaq ən tutarlı məsələ erməni məsələsidir. Bu məsələdə ABŞ dövləti ilə orada fəaliyyət göstərən güclü erməni lobbisinin maraqları üst-üstə düşür.

Ona görə də həm erməni lobbisinin kriminal büdcəsi ilə maliyyələşən şəbəkələr, başda Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okamponun başçılığı ilə beynəlxalq humanitar hüququn pozulması kontekstində Azərbaycana qarşı addımlar atılır. Qeyri-hökumət təşkilatları, media qurumları, eyni zamanda Ermənistanda və xaricdə yaşayan ermənilərə aid insan hüquqları ilə məşğul olan bir çox beynəlxalq şəbəkə maliyyələşdirilərək Azərbaycana qarşı qoyulub. Bunlar sistemli şəkildə fəaliyyət göstərirlər. Məhz bu maliyyə kontekstində ABŞ konqresinə Ermənistandan hətta qondarma, məhv olmuş separatçı rejimin üzvlərindən ibarət nümayəndələr göndərilir. Hətta bu nümayəndələrin Konqresdə çıxışı təmin olunur. Əgər maraq olmasa, qondarma rejimin üzdəniraq bir nümayəndəsi necə konqresə gedib konqresmenlər və müəyyən çevrələr arasında çıxış edə bilər?.. Kimin həvəsi var ki, saatlarla oturub bu boşboğazlığa qulaq assın. Bu o deməkdir ki, ortada dövlət marağı var.

Ona görə də həm erməni lobbisi, həm ABŞ dövlətinin geosiyasəti bu gün birləşib, Azərbaycana qarşı çıxış edir. Üstəlik, Azərbaycana qarşı beynəlxalq humanitar hüququn pozulması kontekstində müəyyən yalan və böhtanlar atılır. Çünki beynəlxalq humanitar məsələ o qədər həssas bir prosesdir ki, bunu istənilən yönə döndərmək və manipulyasiya etmək mümkündür. Bu da Azərbaycana qarşı istifadə edilir. Düşünürəm ki, Azərbaycan güclü olduqca bu cür təzyiq formaları Bakı üçün sadəcə milçək vızıltısı səviyyəsində təsirli olacaq”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər