Yay gəldi, səfər mövsümü başlayır. Dünyanın hər yerində isti fəsil meqapolisdə yaşayan insanların müvəqqəti köç dövrüdür. Hərə istirahət üçün bir ünvan seçir – yaxın xaricə gedən kim, uzaq ölkələrə istirahətə yola düşən kim, şənbə-bazar rayona dincəlməyə qaçan kim... Hara gedirsən-get, maşının yoxsa yolun vağzaldan keçəcək. Beləliklə, Bakı dəmiryolu vağzalındayıq.
Nənəmlə nə vaxt qatarla rayona getsək, narazılıq edir. Deyir, indi qatarla rayona gedən yaşlılar azalıb. Sovet dövründə adam çox olurdu, qatarlarda yolboyu söhbətləşə-söhbətləşə gedirdik. Hamının əhval-ruhiyyəsi yüksək idi. İndi kimsə danışmaq istəmir.
Bu gün səfərə çıxmaq üçün yox, reportaj hazırlamaq üçün Bakı dəmiryolu vağzalındayam. Vağzal sakitlikdir. Hər gün respublikanın regionlarından və xarici ölkələrdən paytaxtımıza gələn insanları qarşılayıb yola salan vağzalın gözləmə salonu və perronlarda heç kəs gözə dəymir. Bircə səliqəsizlik nəzəri cəlb edir... Kassirlərin başı üzərindəki elektron tabloda yerli və xarici qatarlar üçün istiqamətlərə olan biletlərin qiymətləri yazılıb. Skamyalarda 2-3 nəfər oturub qatar gözləyir. Bir də Bakı-Sumqayıt qatarına bilet alanlar gözə dəyir.
Tuneldən birbaşa metroya giriş
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyir ki, paytaxtın giriş qapısı sayılan Bakı sərnişin vağzalının müasir dövrün tələblərinə cavab verməsi üçün hazırda yenidənqurma işləri gedir: “Vağzalın təmirə bağlanan hissəsində təmir işləri davam edir. Hazırda ərazidəki platformalarda da təmir aparılır. Təmir başa çatdıqdan sonra sərnişinlər elektrik qatarlarından düşüb, turniketdən keçdikdən sonra yeni tunelə daxil olacaq, birbaşa metronun “28 May” stansiyasının qarşısına çıxa biləcəklər.
Düşünürük ki, bu tunellərdən istifadə edən sərnişinlər metroya daha tez və asan çata biləcəklər. Ərazidə olan keçidlər də tunelə birləşəcək. Bu ilin sonunacan Bakı-Tiflis -Qars dəmiryolu xəttinin istifadəyə verilməsi də gözlənilir ki, bundan sonra dəmiryol vağzalından istifadə edən sərnişinlərin sayı bir neçə dəfə artacaq”.
Əsaslı təmir, ana və uşaq otağı, suvenirlər...
Vağzal ərazisində yeniliklər bununla bitməyəcək. QSC-nin rəsmisi deyir ki, tuneldə təmir başa çatdıqdan sonra vağzal ərazisində mehmanxana da fəaliyyət göstərəcək: “Təmir işlərindən sonra Bakı dəmiryolu vağzalının binası da yenilənəcək. Vağzal binasında sərnişinlər Wi-Fi sistemindən istifadə edə biləcəklər. Əsas binanın fasadı memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulacaq. Vağzal binasının daxili tam yenilənəcək. Bilet kassaları, saxlama kameraları, ana və uşaq otağı, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar və liftlər yenisi ilə əvəzlənir. Vağzalda suvenirlər, güllər satılacaq”.
Qeyd edək ki, vağzalın ətrafında 16 mərtəbəli binada otel və "Azərbaycan Dəmiryolları" Qapalı Səhmdar Cəmiyyətin inzibati binası fəaliyyət göstərəcək.
Nadir Nadir Əzməmmədov ötən il sentyabrın 12-də Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sürətli elektrik qatarının sərnişinlərin ixtiyarına verildiyini də xatırladır: “Məqsəd Sumqayıtdan paytaxta gəlib-gedən sərnişinlərin rahatlığını təmin etməkdir. Hazırda gün ərzində qatarla gedib-gələn sərnişinlərin sayı iki mindən çoxdur. Sürət qatarı ilə Bakı dəmiryolu vağzalından Sumqayıt dəmiryolu vağzalınadək gediş haqqı 80 qəpik, “biznes klass” üçün biletlərsə 2 manat 50 qəpikdir. Hazırda daha iki qatar gətirilib. Qrafikin dəyişəcəyi gözlənilir”.
Bəs biletlərin qiyməti?
Vağzalın kassasından onu da öyrəndik ki, Bakı-Moskva reysi üzrə qatar həftədə bir dəfə hərəkət edir. Qatar 3-cü gündən 4-cü günə keçən gecə saat 01:15-də Bakı dəmiryolu vağzalından çıxır. Təxmini 2 gün yarım yol gedir, 6-cı gün səhər Moskvaya çatır. Açıq qapılı yataqlı (“plaskart”) üçün bilet 176 manat, kupenin qiyməti isə 245 manatdır. Bakı-Tbilisi reysi üzrə qatar hər gün axşam saat 20:30-da hərəkət edir. Açıq qapılı yataq 28 manat, kupe 40 manatdır.
Bundan başqa, Bakı-Xarkov, Bakı-Tumen, Bakı-Xarkov, Bakı-Astara-Horadiz, Bakı-Qazax-Böyük Kəsik, Bakı-Gəncə (Ekspress) marşrutları üzrə qatarlar da hərəkət edir.
“Yüküm az olsa...”
Qiymətlərin bahalığından bilet almağa gələn Sara Xudiyeva da narazılıq edir: “Qızım ailə həyatı qurduqdan sonra yeznəmlə Rusiyaya köçüblər. İldə iki dəfə gedib-gəlirəm. Apardığım yük çox olduğuna görə qatarla gedirəm. Biletin qiyməti bahadır. Kupe üçün 245 manat ödəməliyəm. Yüküm az olsa, bu pulun üstünə əlavə pul qoyub təyyarə ilə gedərəm”.
Qatar bələdçisi deyir ki, sərnişinlər daha çox yerli reyslərdən istifadə edirlər: “Əvvəllər Bakı-Ağstafa istiqamətinə gedib- gələnlər üstünlük təşkil edirdi. İndi daha çox Balakənə gedib- gəlirlər”
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən həyata keçirilən ölkə daxili sərnişindaşıma xidmətinində qiyməti fərqlidir. Məsələn, Bakı-Ağstafa üzrə istiqamətdə açıq qapılı yataq 11 manat, kupe 22 manat. Baki-Balakən istiqamətində açıq qapılı yataq 10 manat, kupe 18 manatdır.
“Axşamlar pul qazanırıq”
Vağzaldan ayrılıb redaksiyaya gələndə vağzalın yaxınlığında taksilər də vardı. Amma seyrəklik idi.
Taksiçi Rüstəm Dadaşov deyir ki, vağzalda bu vaxt taksilərə rast gəlinmir: “Taksi sürücüləri dəmiryol vağzalına adətən, axşamlar yığışır. Çünki xaricdən gələnlərin yükü çox olur, taksi saxladırlar. Rayondan gələnlər daha çox metrodan, marşrutdan istifadə edirlər. Biz axşamlar pul qazanırıq”.
Hələliksə gündüzdür. Ona görə ətrafın pintiliyi daha çox nəzərə çarpır. Xüsusən, salon və təmir gedən ərazi... Orda şəkil çəkməyə icazə verməduilər. Paytaxtımızın giriş qapısı sayılan bu ərazinin səliqəsinə diqqət yetirilsə daha yaxşı olar...
İlhamə ƏBÜLFƏT