Baş Prokurorluq xəstə qadının sol ayağı əvəzinə, sağ ayağını kəsən həkimlə bağlı məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, iyunun 24-də uzun müddət diabet xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini, 1929-cu il təvəllüdlü Tərlan Məmmədovanın Səhiyyə Nazirliyinin “Xüsusiləşdirilmiş Angioloji Mərkəz” ində həkim Valeh Kərimov tərəfindən cərrahiyə əməliyyatı olunarkən sol ayağı amputasiyası edilməli olduğu halda, sağ ayağı amputasiya edilməklə sağlamlığına ağır zərər vurulmasına dair Yasamal rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.
Araşdırma zamanı toplanmış materialda Tərlan Məmmədovanın sağlamlığına ehtiyyatsızlıqdan ağır zərər vurma cinayətinin əlamətləri mövcud oluduğu müəyyən olunub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.
Eyni zamanda Səhiyyə Nazirliyi tərəfindən hadisə ilə əlaqədar xüsusi biliyə malik mütəxəssislər cəlb edilməklə yoxlamalar aparılır. İş üzrə istintaq tədbirləri davam etdirilir.
Cinayət Məcəlləsinə görə:
131.2. Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma—
— beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Hacı Zeynalov