"Hazırda Azərbaycanda 3 min 44 hemodializ xəstəsi var"
Teleqraf.com-un məlumatına görə, bunu Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev jurnalistlərə açıqlamasında deyib.
Fariz Babayevin sözlərinə görə, bu ilin yanvarın 17-də Nazirlər Kabinetinin qərarı ilə Xroniki böyrək çatışmazlığı (XBÇ) xəstəlikləri üzrə Dövlət proqramının 2016-2020-ci illəri əhatə edən ikinci mərhələsi qəbul olunub. Bu proqrama uyğun olaraq respublikanın bütün regionlarında dializ mərkəzlərinin açılması planlaşdırılır.
Fariz Babayev bildirib ki, statistikaya görə, 1 milyon əhaliyə 450-500 nəfər böyrək çatışmazlığı xəstəsi düşür ki, onların da təxminən 50-55 faizinin hemodializə ehtiyacı olur.
Əhalinin sıxlıq müşahidə olunan regionlarında, xüsusən Azərbaycanın qərb bölgəsində böyrək xəstələrinə daha çox rast gəlindiyini deyən şöbə müdiri qeyd edib ki, Azərbaycanda böyrək köçürmə dövlət hesabına tam pulsuz şəraitdə aparılır: “Böyrək köçürülmə əməliyyatları 2009-cu ildən başlayaraq Mərkəzi Neftçilər Xəstəxanası, 2012-ci ildən M.C. Cavadzadə adına Respublika Urologiya xəstəxanasında, 2014-cü ildən Azərbaycan Tibb Universitetinin bazasında həyata keçirilir.
Böyrək xəstələrinin böyük qismini ortayaşlı əhali təşkil edir ki, buna səbəb insanların sağlıqları ilə bağlı problemlərə ötəri yanaşmasıdır. Bu gün böyrək xəstəliyinin sayının artmasında əsas səbəblərdən biri şəkər və hipertaniya xəstəlikləridir. Həmin xəstəliklərinin də cavanlaşması erkən yaşlarda böyrək çatışmazlığının əmələ gəlməsinə səbəb olur. Bir sıra regionlarda böyrək xəstəliyi ilə bağlı irsi patologiya daha geniş yayılıb”.
Fariz Babayev əlavə edib ki, hazırda respublikada ən cavan böyrək xəstəsinin 6, ən yaşlının isə 84-dür. Bu gün 15 yaşa qədər 9 uşaq dializ alır.
Şöbə müdiri sonda bildirib ki, statistikaya görə, dünyanın ən aparıcı ölkələrində böyrək xəstələri arasında ölüm sayı 29-35 faizdir ki, Azərbaycanda bu rəqəm 22-23 faizdir. Yəni bir il ərzində 600-650 xəstə ölümü qeydə alınır, dünya statistikası rəqəmlərindən daha aşağıdır.
İlhamə