Bu gün Hərbi Prokurorluqda bu qurumun rəhbər heyətinin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə 2016-cı ilin birinci yarısında görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası baş prokurorunun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lideri Heydər Əliyevin milli dövlətçilik kursunu və siyasi irsini zamanın tələblərinə uyğun təkmilləşmiş formada uğurla həyata keçirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində dövlət müstəqilliyimizin daha da möhkəmləndirildiyini, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndiyini diqqətə çatdırıb. Bildirib ki, son illər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində mühüm islahatların aparıldığını söyləyən hərbi prokuror qeyd edib ki, dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bunun nəticəsində ordunun döyüş qabiliyyəti daha da yüksəlib, şəxsi heyətin nizam-intizamı güclənib, nöqsanların aradan qaldırılması istiqamətində müəyyən irəliləyişlərə nail olunub. Bu gün Azərbaycan Silahlı Qüvvələri ən güclü ordular sırasındadır. Aprel ayında təmas xəttində Ermənistanın törətdiyi təxribatın qarşısının ordumuz tərəfindən igidliklə alındığı bunu bir daha sübut edib.
Cari ilin altı ayında hərbi prokurorluq orqanları silahlı birləşmələrdə hərbi nizamnamələrin tələblərinə əməl edilməsi, hərbi qulluqçuların hüquqlarının müdafiəsi, hərbi qurumlarda qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində fəaliyyətini daha da artırıb, ordu quruculuğuna mənfi təsir edə biləcək bir çox cinayət hadisələrinin üstü açılaraq təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, digər təsirli tədbirlər görülüb.
Hərbi prokuror qeyd edib ki, əvvəlki hesabat dövrü ilə müqayisədə 2016-cı ilin birinci yarısında qeydə alınmış bütövlükdə hərbi xidmət əleyhinə cinayətlər, o cümlədən konkret olaraq tabelik qaydası əleyhinə, hərbi xidmətdən yayınma, həmçinin hərbi hissəni və xidmət yerini özbaşına tərk etmə, odlu silah, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə, xüsusilə qəsdən adam öldürmə və özünü öldürmə həddinə çatdırma cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb. Hərbi hissəni və ya xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində özbaşına tərketmə faktları ümumiyyətlə törədilməyib.
Qeydə alınmış cinayətlərin 99,6 faizi, o cümlədən bütün ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub. Bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı, sağlam və işgüzar əlaqələrinin yaranmasının, habelə təsdiq edilmiş plan əsasında həyata keçirilən birgə tədbirlərin çox böyük əhəmiyyəti olub.
Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrdə bir sıra cinayətlərin cüzi artımı qeydə alınıb.
Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qəsdən adamöldürmə, özünü öldürmə həddinə çatdırma cinayətlərinin qarşısının tam alınması üçün həmin cinayətlərin məhkəmə və istintaq təcrübəsi vaxtaşırı ümumiləşdirilməklə Respublika Hərbi Prokurorluğunun kollegiyalarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilib. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyanın qərarlarına əsasən silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib. Silahlı Qüvvələrdə törədilən cinayətlərin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi və digər qurumlarla birlikdə tədbirlər planları hazırlanaraq təsdiq edilib və icrası təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Vurğulanıb ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2016-cı il 20 may tarixli qərarının Respublika Hərbi Prokurorluğu orqanları tərəfindən vaxtında icra olunması istiqamətində işlər davam etdirilir. Hazırda 38 hərbi qulluqçuya amnistiya aktı tətbiq olunub.
“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın, eləcə də bu il yanvarın 26-da Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirib. Bu da Silahlı Qüvvələrin qüdrətini zəiflədə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaradıb.
Diqqətə çatdırılıb ki, respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2016-cı ilin birinci yarımilində korrupsiya hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək bu xarakterli faktlar üzrə 76 şəxs barəsində 61 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.
Xanlar Vəliyev Azərbaycan Respublikası Prezidentinin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 2009-cu il 22 iyun tarixli Fərmanında və 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda rüşvətxorluğa və korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi ilə əlaqədar prokurorluq orqanlarının üzərinə çox böyük məsuliyyət qoyulduğunu qeyd edib. Bildirib ki, bu qəbildən olan cinayətlərin aşkarlanması istiqamətində struktur qurumları tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin səmərəliliyi və intensivliyi daha da artırılmalıdır.
Xüsusi vurğulanıb ki, 2016-cı ilin birinci yarımilində hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət hadisələri aşkarlanaraq qeydə alınıb və bu qəbildən olan bir sıra işlərin istintaqı tamamlanıb. İbtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib. Hesabat dövründə dövlət əmlakının külli miqdarda mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslər cinayət məsuliyyətinə cəlb edilib. Törədilmiş cinayətlər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 83,2 faizinin istintaq zamanı ödənilməsi təmin olunub.
Cari ilin altı ayında hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 25 nəfər tutularaq istintaqa cəlb edilib.
Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına dair 72 yoxlama keçirilib, nəticədə 935 qanun pozuntusu aşkar edilib. Qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 105 təqdimat göndərilib, 120 nəfərə xəbərdarlıq edilib, 11 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 72 yazılı göstəriş verilib. Prokurorun təqdimatlarının baxılması nəticəsində 207 nəfər intizam məsuliyyətinə cəlb edilib.
Dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya məhkəmələrinin hökm və qərarlarından verilmiş apelyasiya protestlərinin 46,7 faizi təmin olunub. Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə səyyar qaydada 95 məhkəmə prosesi keçirilib.
Bu ilin birinci yarımilində Azərbaycan Respublikasının hərbi prokurorluq orqanlarında vətəndaşların 995 müraciətinə baxılıb, 478 vətəndaş mərkəzi aparatda qəbul olub, ərazi hərbi prokurorluğunda 1497 vətəndaşın fərdi qəbulu aparılıb. Bilavasitə hərbi hissə və birləşmələrdə 1206 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar verilib. Kollegiyada “Vətəndaşların müraciətləri haqqında” Qanunun hərbi prokurorluq orqanlarında icrası və dövlətimizin başçısının vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaş məmnunluğuna nail olunması ilə bağlı tapşırıqları xüsusi vurğulanıb.
Kollegiyada hərbi prokuror ədliyyə general–leytenantı Xanlar Vəliyev Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı hərbi prokurorluqda aparılan istintaq barədə kollegiya iştirakçılarına məlumat verərək bildirib ki, həmin cinayət işi üzrə hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Hərbi prokuror qeyd edib ki, apreldə qanunsuz erməni silahlı birləşmələri atəşkəs rejimini və beynəlxalq hüququn tələblərini kobud şəkildə pozaraq Azərbaycanın cəbhəboyu, həmçinin, təmas xəttinə yaxın olmayan yaşayış məntəqələri və mülki obyektləri iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv atəşə tutmuşlar. Ermənistan silahlı qüvvələri tərəfindən milli ədavət və düşmənçilik niyyəti ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının qəsdən öldürülmələri və qəsdən öldürməyə cəhd faktlarına görə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü, 29,120.2.7-ci, 29,120.2.12-ci, 120.2.7-ci və 120.2.12-ci maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb. İstintaq-əməliyyat qrupu tərəfindən qısa müddət ərzində çoxsaylı istintaq hərəkətləri yerinə yetirilmiş və döyüş əməliyyatlarında həlak olmuş hərbi qulluqçuların meyitləri müayinə olunub. İstintaq qrupunun üzvləri xidməti vəzifələrini gərgin şəraitdə, yüksək peşəkarlıqla yerinə yetirərək müxtəlif dərəcəli bədən xəsarətləri almış hərbi qulluqçuların məhkəmə-tibbi müayinədən keçirilməsi, onların zərərçəkmiş şəxs qismində tanınmaqla dindirilmələri, müvafiq olaraq məhkəmə-tibbi, kompleks məhkəmə ballistik və digər ekspertizalar təyin edərək icraya yönəldilməsi vaxtında tam təmin olunub.
Ədliyyə general-leytenantı Xanlar Vəliyev beynəlxalq humanitar hüquq normalarında təsbit edilmiş qaydalara məhəl qoymayan Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutulduğu zaman yaşayış məntəqələrinə və mülki əhaliyə qarşı qadağan olunmuş mərmilərdən istifadə olunduğunu bildirib. Qeyd edib ki, Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində Ermənistan silahlı qüvvələrinin atdığı partlamamış kimyəvi tərkibli top mərmisi aşkar olunub. Həmin mərmi Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları tərəfindən mayın 11-də müvafiq təhlükəsizlik qaydalarına riayət edilməklə zərərsizləşdirilib.
Respublika Hərbi Prokurorluğunda aparılan araşdırma ilə müəyyən edilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə və mülki əhalisinə qarşı törədilən təxribatlar zamanı Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində aşkar olunmuş partlamamış mərmi hərbi sursat növünə aid olan, daxilində 3,6 kiloqram P-4 (ağ fosforun kimyəvi kodu) kimyəvi tərkibli olan D-4 (tüstülü mərmi) tipli 122 millimetrlik top mərmisidir. Bu tip kimyəvi tərkibli mərmilərdən istifadə etməklə Ermənistan silahlı qüvvələri 1949-cu il “Müharibə qurbanlarının qorunması haqqında Cenevrə Konvensiyası”nı və həmin Konvensiyaya 1977-ci ildə qəbul edilmiş əlavə protokolları, “Adi silahların konkret növləri haqqında Konvensiya”nın III (1980-ci il), eləcə də “Kimyəvi silahların istehsalı və tətbiqinin qadağan olunmasına dair” BMT-nin 1992-ci il 30 noyabr tarixli Konvensiyasının müddəalarını kobud şəkildə pozublar.
Ermənistan silahlı qüvvələrinin qadağan olunmuş mərmilərdən istifadə etməsi faktına görə Hərbi Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və daha çox şəxsi öldürməyə cəhd etmə), 29,120.2.12-ci (milli, irqi, dini ədavət və düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd etmə) və 116.0.16-cı (Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını silahlı münaqişələrdə tətbiq etmə) maddələri ilə başlanmış cinayət işinin istintaqı davam etdirilməklə, iş üzrə hadisə yeri mütəxəssislərin iştirakı ilə əlavə müayinə edilmiş və çoxsaylı ekspertizalar təyin olunub.
Hesabat dövründə hərbi qulluqçuların hüquqi maarifləndirilməsi sahəsində də müəyyən işlər görülüb. Qanunvericiliyin öyrənilməsi ilə əlaqədar “hərbi prokurorluq orqanları ilə Silahlı Qüvvələrdə hüquq qaydalarının, hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin xəbərdarlıq edilməsi və aradan qaldırılması sahəsində Respublika Hərbi Prokurorluğunun, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlarla birgə Tədbirlər Planı”na əsasən, Hərbi Prokurorluğun əməkdaşları müntəzəm olaraq hərbi hissələrdə olub, hərbi qulluqçular qarşısında çıxışlar və məruzələr edib, söhbətlər aparıb, xidmətdə fərqlənən hərbi qulluqçulara qiymətli hədiyyələr veriblər.
Xanlar Vəliyev diqqətə çatdırıb ki, hərbi prokurorluq orqanlarının hərbi qulluqçularının sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb. Hərbi Prokurorluğun vəzifə borclarını layiqincə yerinə yetirən 13 işçisinə respublika hərbi prokurorunun əmrinə əsasən məharət dərəcələri verilib. Xidməti fəaliyyətlərində fərqlənmiş 19 əməkdaş baş prokurorun, 27 əməkdaş isə hərbi prokurorun əmri ilə həvəsləndirilib. Hərbi prokurorun əmri ilə 5 işçi vəzifəsində irəli çəkilib, 3 işçi intizam məsuliyyətinə cəlb olunub. Hərbi Prokurorluğun 34 əməkdaşı isə müxtəlif medallarla təltif edilib.
Sonra məruzə ətrafında çıxışlar olub. Kollegiyada çıxış edən hərbi prokurorunun müavinləri Şəfahət İmranov, Rasim Kazımov, Respublika Hərbi Prokurorluğunun şöbə rəisi Aydın Ələsgərov, Gəncə hərbi prokuroru Əmrah Mehtiyev, Lənkəran hərbi prokuroru Elçin Hacıyev və Zaqatala hərbi prokuroru Mustafa Əsgərov hesabat dövründə görülmüş işlərdən danışıblar. Çıxış edənlər nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat veriblər.
Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev kollegiyaya yekun vuraraq bildirib ki, hərbi prokurorluq orqanları Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək qayğı və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, hərbi idarəçilik orqanlarında insan və vətəndaş hüquq və azadlıqlarına dönmədən əməl olunmasını, habelə cinayətkarlığa qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirləri bundan sonra da dönmədən həyata keçirəcəklər.
Hacı Zeynalov