“2015-ci ilin sentyabr ayından fəaliyyətə başlayan “BakuBus” MMC-də bu günədək sərnişin müraciətləri, qayda pozuntuları əsasında 163 nəfər sürücü müvafiq olaraq müxtəlif səbəblərdən intizam məsuliyyətinə cəlb olunub”.
Bunu Teleqraf.com-a açıqlamasında “Baku Bus” MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev deyib.
M.Piriyevin sözlərinə görə, 59 nəfər sürücü vəzifə səlahiyyətlərini düzgün icra etmədiyinə görə və ciddi qayda pozuntuları əsasında işdən azad olunub: “Bundan əlavə göstərilən dövr ərzində 65 nəfər sürücüyə xidməti fəaliyyətində aşkar olunmuş nöqsanlara görə xəbərdarlıq edilib, 184 nəfər sürücü isə avtobusa vurduqları maddi ziyana görə müxtəlif məbləğlərdə cərimə olunub”.
Mansur Piriyev deyir ki, daxil olan şikayətlərin araşdırılması zamanı bu müraciətlərdən kifayət qədər əsassız olanları da aşkar olunub: “Bunlar əsasən şəxsi istəklər və ya ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı sərnişinlərin məlumatsızlıqları ilə bağlı olur. Məsələn, “qapını döydüm, sürücü açmadı”, “pəncərəni açmaq istədim, sürücü icazə vermədi”, “avtobusda temperatur çox aşağıdır, yaxud istidir”, “kondisioneri sürücü qoşmadı”, “avtobus gec gəldi”. Təbii ki, bütün müraciətlərə aydınlıq gətirilir. Avtobusun gecikmələri ilə bağlı müraciətlər isə əsasən səhər saatlarında-xüsusən 8.30 – 9.00 radələrində daxil olur.
Bu müraciətlərin də araşdırılması zamanı aydın olur ki, əksər hallarda tıxac və ya işçi heyəti çox olan, idarə, təşkilat və ya müəssisənin qarşısında baş verən gecikmələrlə bağlı olur. Bu cür müraciətlərin araşdırılması isə daha az zaman alır. Çünki hərəkətdə olan avtobuslarımız mütəxəssislər tərəfindən onlayn şəkildə böyük monitorda izlənilir, hətta hər hansı gecikmə olarsa, bunu sərnişinlərdən də öncə bu sahəyə məsul əməkdaş görür və dərhal aradan qaldırılması üçün tədbirlər həyata keçirir”.
Şəbə müdiri qeyd edib ki, “BakuBus” avtobuslarında 24 saat görüntüləri qeydə alan videokameralar quraşdırılıb: “Araşdırma zamanı obyektiv nəticə çıxarılması üçün işimizi xeyli asanlaşdır. Təbii ki, əgər sərnişinin şikayəti əsaslı olarsa və sürücünün qayda pozuntusu əyani şəkildə sübuta yetirilərsə, həmin sürücü haqqında qanunvericiliyə uyğun olaraq tədbir görülür”.
İlhamə ƏBÜLFƏT